|
Büdcəyə yenidən baxılarsa, artan neft gəlirləri haraya yönəldilə bilər?

Neftin dünya bazarındakı qiyməti ilə büdcədə götürülən qiymət arasında hazırda 30 dollar fərq var. Belə ki, 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollara yaxındır. Bu səbəbdən həm millət vəkilləri, həm də ekspertlər dövlət büdcəsinə yenidən baxılması ehtimalını istisna etmirlər. 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da modern.az-a açıqlamasında bildirib ki,  dövlət büdcəsindən bəzi sahələrə  əlavə vəsait ayrıla bilər. Deputatın sözlərinə görə, Strateji Yol Xəritəsinə uyğun olaraq müvafiq sahələrə əlavə ayırmalar ola bilər. Xüsusilə də kənd təsərrüfatı, turizm sahələrinə ayırmalar, dövlət büdcəsi ilə maliyyələşən təşkilatlardan məvacib alanların əməkhaqları artırıla bilər.

 Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib.

Bəs, görəsən, dövlət büdcəsi yenidən müzakirəyə çıxarılarsa, əsas diqqət hansı sahələrə yönəldilməlidir? Artan neft gəlirləri hansı istiqamətdə xərclənərsə iqtisadi baxımdan daha faydalı ola bilər?

 

Rəşad Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov da  may ayında parlamentdə dövlət büdcəsinə yenidən baxılmasını istisna etmədi: “Çünki, qeyd etdiyimiz kimi, neftin qiymətinin dəyişməsi büdcənin xərclərinə öz təsirini göstərir. Bu məqam büdcədə nəzərə alınmalıdır. Maliyyə Nazirliyinin hesabatlarından məlum olur ki, neftin bir barelinin qiymətinin 75 dollar civarında dəyişməsi dövlət büdcəsində 60  milyon manatlıq zərərə səbəb ola bilər. Bu baxımdan hazırda qiyməti kifayət qədər yüksəkdir. Bu fonda büdcənin gəlirlərində neft sektorundan vergidaxilolmalarının həcmində orta hesabla illin 250-300 milyon manatlıq artım gözlənilir. Bundan başqa, digər problemlərdən biri məhz prezident seçkiləri öncəsi büdcə təşkilatlarında çalışanların əməkhaqlarına edilən dəyişikliklərin büdcədə öz əksini tapmasıdır. Bununla bağlı bir çox sərəncamlarda Maliyyə Nazirliyinə tapşırıqlar verilib”.

İqtisadçı hesab edir ki, Maliyyə Nazirliyi bu uyğunlaşdırmanı aparmaq üçün dövlət büdcəsinə yenidən baxmaq məcburiyyətindədir: “Müxtəlif səbəblərdən büdcəyə yenidən baxılacağı ehtimal olunur. Bunlardan biri də ənənəvi yanaşmadır ki, adətən Azərbaycanda dövlət büdcəsinə ilin ikinci yarısında baxılırdı. Hazırda neftin qiymətinin artmasını nəzərə alsaq, bu ehtimallar daha yüksəkdir.

Dövlət büdcəsinə yenidən baxılarkən nəzərə alınması lazım olan əsas məsələlərdən biri büdcənin sosial xərclərinin artırılmasıdır. Nəzərə almalıyıq ki, 2016-2017-ci illərdə yaşanan kəskin inflyasiya fonunda əhalinin gəlirlərində əhəmiyyətli səviyyədə azalma baş verdi. Bu gəlirlərin uyğunlaşdırılması və alıcılığın optimallığının təmin olunması məqsədilə sosial istiqamətdə xərclərin artırılmasına ehtiyac var. Artıq bununla bağlı bir sıra sərəncam və fərmanlar verilib. Əməkhaqları və pensiyaların indeksləşməsi aparılıb. Büdcə təşkilatlarında çalışanların əməkhaqları yeni artırılıb. İl ərzində ikinci dəfə bu addımın atılması ehtimalı çox aşağıdır. Amma bu dəyişikliklər faktiki olaraq əhalinin gəlirlərindəki dəyərsizləşmənin qarşısını ala bilməyib".

R.Həsənov onu da vurğuladı ki, kənd təsərrüfatı bu gün prioritet sahədir və bu istiqamətdə xərclərin artırılmasına ehtiyac var: “Aqrar sektorun əhəmiyyəti həm də ondan ibarətdir ki, faktiki olaraq ölkə əhalisinin 37  faizi bu sektorda çalışır. Bu sektorun zəif inkişafı həmin sahədə çalışanların sosial rifahının aşağı olmasını şərtləndirən amillərdən biridir. İxracı təşviq edən mexanizmlərin daha da təkmilləşdirilməsi, bu istiqamətdə vəsaitlərin ayrılması əhəmiyyətli olardı. Bundan başqa, 2018-ci ilin əvvəlində İşsizliyə görə Sığorta Fondu yaradılıb. Ancaq, çox təəssüf ki, Sığorta Fondunun büdcəsinin formalaşmasında dövlət heç bir formada iştirak etmir. Bu vəsaitlər, sadəcə, sığorta olunanların və sığorta edənlərin yığımları hesabına formalaşır. Fondun büdcəsi təxminən 89 milyon manat ətrafında proqnozlaşdırılır. Burada işsizliyə görə sığorta ayırmaları  36 milyondur. Hesab edirəm ki, beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericilikdə dəyişikliyin edilməsinə ehtiyac var. Dövlət birbaşa  olaraq İşsizliyə görə Sığorta Fondunun büdcəsinin formalaşmasında iştirak etməli, bu istiqamətdə əlavə ayırmalar etməlidir. Dövlət büdcəsinə dəyişikliklər zamanı bu məqam da nəzərə alınarsa yaxşı olar. Çünki bu sahəni təhlil edərkən məlum olur ki, işsiz vətəndaşların sosial müdafiəsi mexanizmləri çox zəifdir”.

İqtisadçı vergi yükünün azaldılması ilə bağlı da təklif irəli sürərək bunun büdcə dəyişiklikləri ilə eyni vaxtda aparılmasının vacibliyini vurğuladı: “Bundan başqa, iqtisadi fəaliyyətləri təşviq edən digər istiqamətlərə ayırmalar edilə bilər. Büdcə dəyişiklikləri vergi dəyişiklikləri ilə paralel aparılmalıdır. Vaxt itirmədən vergi yükünün azaldılması ilə bağlı qərarlar qəbul edilməli və dövlət büdcəsinin gəlirlərində bu məqam nəzərə alınmalıdır. Biz əgər real sektorun leqallaşmasını və inkişaf etməsini istəyiriksə, vergi yükünün azaldılması çox önəmlidir. Əgər büdcəyə yenidən baxılacaqsa, bu məqam nəzərə alınmalıdır. Proses növbəti ilə qalarsa, biz artıq gecikmiş olacağıq”.