Dünya bazarında neft qiymətlərinin yüksələn xətlə davam etməsi həm istehlakçı, həm də istehsalçı ölkələrin narahatlığına səbəb olur. İstehlakçı ölkələrin enerji sektoruna ayrılan xərcləmələri artdığından onların narahatlığı anlaşılandır. Bəs böyük neft ölkələrinin narahatlığına səbəb nədir?
Qeyd edək ki, neftin yüksələn qiymətləri alternativ enerjinin inkişafını sürətləndirir ki, bununla da gələcəkdə dünyada neftə olan tələbatın azalması qaçılmaz olacaq. Böyük neft ehtiyatlarına malik dövlətlər üçün isə bu, arzuolunmaz haldır. Onlar neftin 55-60 dollar dəhlizində bazarda daim özünə yer tutmasının tərəfdarıdırlar.
Hazırda alternativ eneryi neft və qaza rəqib olacaq qədər inkişaf etməsə də, bu istiqamətdə sürətli iş gedir.
İqtisadçı-ekspert, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əllərində böyük neft ehtiyatları olan istehsalçı ölkələr qara qızılın bazarda çox baha satılmasını istəmirlər: “Səudiyyə Ərəbistanı, İran kimi ölkə neftin qiymətinin yüksək olmasında maraqlı deyil. Çünki neft hədsiz bahalaşanda alternativ enerji qaynaqları, əsasən də külək və günəş enerjisinin qiyməti ucuzlaşır və yatırımlar artır. 2014-cü ilə qədər neftin qiymətinin yüksək olması külək və günəş enerjisinə olan yatırımları artırdı, çünki onlar sərfəli hala gəldilər. Normal halda neftin qiyməti 40-50 dollar civarında olanda artıq günəş və külək enerjisi sərfəli olmur. Çünki onların başlanğıc sərmayəsi çox yüksək olur. Sonra isə zamanla ucuzlaşır. Ancaq o başlanğıc sərmayənin çoxluğu investorları bu sahədən çəkindirir. Bir şərtlə ki, neftin qiyməti yüksək olmasın. 2014-cü ilə qədərki dövrdə neftin qiyməti yüksək olduğu üçün bu sahəyə inanılmaz yatırımlar gerçəkləşdi. Sonradan bu amil neftin qiymətinin düşməsinə də təsir edir. Çünki alternativ enerji qaynaqlarının ümumi enerji istehsalındakı payı artır və neftə tələbat azalır. Bu da qiymətin düşməsinə səbəb olur. Bu mənada yüksək neft qiymətləri gələcəkdə daha aşağı qiymətləri şərtləndirir”.

Ekspertin sözlərinə görə, alternativ enerji dedikdə bərpa olunan enerji qaynaqlarından, yəni su , günəş və külək enerjisindən söhbət gedir: “Külək və günəş enerjisi hazırda ən çox tətbiq olunan alternativ enerji qaynaqlarıdır. Bu mövzuda da Çinin yatırımları çox diqqət çəkir. Enerjiyə olan tələbatın ən yüksək olduğu ölkə Çindir. Amerika enerjidən daha çox istifadə edən ölkə olsa da, tələbatın böyümə payına görə Çin və Hindistan irəlidə gedir. Uzun müddət bu tələbatı daş kömür hesabına ödəməyə çalışırdılar. Ancaq bunun ətraf mühitə , şəhərlərdəki havaya ziyanına görə Çin hökuməti qərar verdi ki, günəş və külək enerjisinə yatırımlar dəfələrlə artırılsın. Bu yatırımların artması səbəbindən qiymətlər də enir və alternativ enerjinin maliyyəti azalır. Ümumən götürəndə dünyada alternativ enerjidən istifadə hələ 10 faizi keçməyib. Ancaq çox sürətlə artan sahə də budur. Bundan başqa, insanlığın həssaslaşması, qlobal istiləşmə baxımından alternativ enerjinin daha zərərsiz olması bu sahəyə yatırımı çoxaldır. Avropada, Norveçdə, Danimarkada külək enerjisi sahəsində çox böyük irəliləyişlər oldu. Əsas problem isə odur ki, passiv enerji qaynaqlarına, yəni daş kömürə, neftə və qaza münasibətdə, hələ ki, alternativ enerji sahələri bahalı yatırım sahəsi hesab olunur. Günəş və külək enerjisindən istifadə zamanı hər enerji vahidinə görə daha çox pul xərclənir. Bu da problem yaradır. Bu problemdən çıxış yolu isə dövlət subsidiyalarıdır. Hazırda dünyanın hər yerində, istər Amerikada, istərsə də Çində alternativ enerji qaynaqları dövlət subsidiyası olmadan neft və təbii qazla rəqabət apara bilməz. Avropada külən enerjisinə olan yatırımlara maraq daha çoxdur”.
E.Soltanov vurğuladı ki, Azərbaycan üçün də bu məsələdə nəticə çıxartmağa dəyər: “Ölkəmiz həm günəş , həm də külək enerjisindən istifadə baxımından çox əlverişli coğrafi mövqedə yerləşir. Ancaq əsas məsələ ilkin yatırımın hədsiz yüksək olmasıdır. Külək hər zaman əsmir, günəş isə axşamlar olmur. Külək və günəş enerjisi bəzən həddindən artıq enerji istehsal edir, bəzən də elə olur ki, ehtiyac olanda istifadə etmək olmur. İkincisi, artıq enerji istehsal edərkən bunu ölkədəki enerji sisteminə ötürmək lazım olur ki, bu da klassik elektrik infrastrukturun mümkün deyil. Bunun üçün elektrik enerjisi infrastrukturunda çoxmilyardlıq yatırımlara ehtiyac var ki, hər hansı şəxs alternativ enerji mənbəyindən əldə olunan artıq enerjini dövlətə sata bilsin. Bu sistem çox bahadır və onun tətbiqi hazırkı elektrik sisteminə zərər də verə bilər. Ancaq Azərbaycanda bu layihələrin həyata keçirilməsi üçün müəyyən addımlar atmaq olar. Bizim güclü külək sahələrimiz var. Pirallahı kimi bir adada gözəl bir pilot layihə eləmək olar. Çünki ada həm də uzaqdadır, öz-özünü tənzimləyən bir sistem qurmaq olar. Batereya sistemi də əlavə etmək olar. Gələcəyin texnologiyası məhz budur. Skandinaviya ölkələri bundan istifadə etməyi bacarırsa, Azərbaycan da bunu edə bilər. Bu layihələr uzun müddət çox böyük sərmayələrin qoyulmasına, iş imkanlarının açılmasına səbəb ola bilər. O cümlədən Azərbaycan üçün pozitiv bir imic yarada bilər ki, bu sahədə ən sürətlə irəliləyən ölkələrdən biri olarıq. Artıq neftlə zəngin ölkələrin bəzilərində bu sahədə çox ciddi irəliləyişlər əldə olunub, Səudiyyə Ərəbistanında öz-özünü bəsləyən yeni şəhərlər planları qurulur. Neft, qaz və nəqliyyat layihələrindən sonra dördüncü əsas yatırım sahəsi olaraq alternativ enerji əsas götürülə bilər. Bu, ölkəmiz üçün çox yararlı ola bilər”.
İqtisadçı onu da vurğuladı ki, dünya artıq sürətlə elektrikli avtomobillərə keçidə can atır: “Elektrik avtomobillərinin əsas xüsusiyyəti bundan ibarətdir ki, eyni məsafəni daha ucuz gedir. Daxiliyanma mühərriki ilə işləyən bir avtomobilə 1 litr benzin tökdükdə onunla qət olunan məsafə 1 lirt benzindən elektrik enerjisi alaraq işləyən avtomobilin qət edəcəyi məsafədən 3 dəfə daha az olur. Bu gün avtomobildə elektrik enerjisi passiv qaynaqlardan, yəni benzindən alınır. Ancaq benzindən alınan enerji ilə avtiomobil idarə etmək eyni benzini daxiliyanma mühərriki ilə işləyən bir avtomobildə istifadə etməkdən 3 dəfə daha sərfəlidir. Ona görə də bu, qaçılmaz prosesdir. Alternativ enerjiyə keçid bir müddət sonra enerjiyə sərf olunan vəsaitin azalması deməkdir. Bu həm dövlət üçün, həm də əhali üçün sərfəlidir. Bu həm də ekoloji təmiz və səssiz şəhərlər deməkdir. Azərbaycan elektrik avtomobillərinin tətbiqi üçün ideal bir məkan ola bilər. Çünki əhalinin yarısı Bakıda yaşayır, bu insanların gündəlik sürdüyü məsafə 100 kilometri keçmir. Bu gün ən aşağı səviyyəli elektrik maşınları gündəlik 200 kilometr məsafə qət edə bilir. Dövlət burada bir neçə həvəsləndirici tədbir həyata keçirilsə, avtomobil zavodu yaradılaraq elektrik avtomobilləri də montaj edilsə, bu, ölkə üçün əhəmiyyətli olar. Biz ən azından qənaət edilən nefti ixrac edə bilərik və həmin neftdən gələn gəlirlər verilən subsidiyaları kompensasiya edə bilər. Dünya bu istiqamətdə çox sürətlə gedir. 2020-ci ildən sonra artıq əksər avtomobil istehsalçıları brend avtomobilləri elektrikləşdirəcəklər. Bu prosesə vaxtında qoşulanlar daha çox qazanacaqlar”.
