Prezident seçkiləri sona çatdı və gözlənildiyi kimi kadr islahatlarına start verildi. Maraqlıdır, bu islahatların davamı olacaqmı və hansı nəticələr əldə olunacaq?
Həyata keçirilən kadr islahatlarının mahiyyətinə diqqət yetirəndə görürük ki, bə dəfə hakim düşərgə yeni simalarla zənginləşdirilib. Daha çox Avropa təhsilli gənc kadrlara üstünlüyün verilməsi də xüsusi önəm kəsb edir. Ən azından ona görə ki, 70-80 yaşlı qocamanları gənclərin əvəzləməsi özlüyündə bürokratik əngəlləri aradan qaldıracaq və daha çevik komanda görə biləcəyik. Aparılan islahatlar zamanı həm də aydın oldu ki, bəzi ənənələrdən artıq imtina edilib. Belə ki, hər zaman kadr seçimi ediləndə daha çox Yeni Azərbaycan Partiyasının üzvlərinə üstünlük verilirdisə bu dəfə partiyalılıq əsas götürülmədi. Deməli yeni formalaşan komanda dadaha çox peşəkarlığa üstünlük veriləcək. Bunu da qeyd edək ki, həyata keçirilən islahatlar zamanı aydın oldu ki, regionçuluq faktoru da nəzərəalınmayıb.
Həyata keçirilən kadr islahatları həm də sübut etdi ki, artıq birinci vitse-prezidentlik institutunun formalaşması nəzərə alınıb. Elə Novruz Məmmədov kimi siyasi bir fiqurun baş nazir təyin edilməsi də birinci vitse-prezidentlik institutunun hərəkətə keçməsinə xidmət edir. Baş verən prosesləri təhlil edəndə görürük ki, həyata keçirilən kadr islahatları həm də korrupsiyaya qarşı mübarizəni qaçılmaz edəcək. Məsələn, şəffaflığın nümunəsi kimi qəbul olunan ASAN xidmətinin rəhbəri İnam Kərimovun ,Fuad Muradovun nazir kürsüsünə gətirilmələri, adı heç vaxt korrupsiyada hallanmayan Novruz Məmmədovun baş nazir təyin olunması sübutlayır ki, keçmişi kölgəli olan şəxslərlə yollar ayrılacaq.
Apardığımız araşdırmalar sübut edir ki, yaxın zamanlarda icra hakimiyyəti başçılarınında böyük hissəsi komandadan uzaqlaşdırılacaq. Bunun isə bir neçə səbəbi var. İlk olaraq bunu qeyd edək ki, yerli icra hakimiyyəti başçılarının çoxunun cəmiyyətdə nüfuzları yoxdur və adları bəzi korrupsiya qalmaqallarında hallanır. Digər tərəfdən isə elə icra hakimiyyəti başçıları var ki, onlar hansısa nazirlərin sadəcə olaraq vassalı rolunda çıxış edirlər. Məsələn, aydın olur ki, keçmiş nazir Ziya Məmmədovun və ya keçmiş nazir Fazil Məmmədovun nəzarətində olan bir neçə başçı var. Bu isə o deməkdir ki, istənilən zaman bu icra başçıları hakimiyyət üçün real təhlükə yaradabilərlər.
Beləliklə hesab etmək olar ki, yaxın günlərdə kadr islahatları davam etdiriləcək və yeni komandanın formalaşmasının şahidi olacağıq.
Eldəniz Elgün
