|
San-Sebastyanda Azərbaycanla bağlı mədəni və idman tədbirlərinin təşkilinə dair razılıq əldə olunub

İspaniyanın San-Sebastyan şəhərində Azərbaycanla bağlı mədəni və idman tədbirlərinin təşkilinə dair razılıq əldə olunub. Bununla bağlı müzakirələr İspaniyada fəaliyyət göstərən İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının rəhbəri Fərid Mustafayevin San-Sebastyan şəhərinin meri Eneko Qoya ilə görüşündə aparılıb.

Görüş zamanı Eneko Qoya Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğal altında saxlanılması, Azərbaycan dövlətinin problemin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər haqqında məlumatlandırılıb. Bildirilib ki, Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik, inkişaf edən, nüfuzlu tədbirlərin keçirildiyi bir ölkədir.

San-Sebastyan şəhərinin meri Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. “Avropanın mədəniyyət paytaxtı statusunu daşımış şəhər olaraq San-Sebastyanda Azərbaycan mədəniyyətinə dair tədbirlərin keçirilməsinə şad olarıq”, - deyən mer əlaqələrin biznes sahəsində də inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.