|
Bp ilə bağlanan yeni müqavilənin siyasi və iqtisadi dividentləri

Artıq məlumat verdiyimiz kimi, aprelin 26-da Londonda SOCAR və bp şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalanıb.

Saziş Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bp Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb. 25 illik müddəti əhatə edən sazişə əsasən bp 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

Sazişi dəyərləndirən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun “Yeni Müsavat”a bildirdiyinə görə, ölkə prezidentinin seçkilərdən sonra ilk səfərlərindən birini bp-nin ana vətəni sayılan Böyük Britaniyaya etməsi ciddi simvolik xarakter daşıyır: “Bu ölkə iqtisadi cəhətdən ən yaxın müttəfiqimiz sayıla bilər. Amma bu simvolizmlə bərabər, səfər çərçivəsində aktual və mühüm əhəmiyyətli hasilatın pay bölgüsü sazişi də imzalanmış oldu. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını karbohidrogen sektoru olmadan təsəvvür etmək olmaz. Karbohidrogen sektorunda isə bizim iki nəhəng yatağımız var: ”Azəri-Çıraq-Günəşli" və “Şahdəniz”. Hər iki yatağın işlənməsində əldə olunan böyük uğurda bp-nin danılmaz rolu var. Çünki bp hər iki yataq üzrə layihənin əməliyyat operatoru, həm də ən böyük hissədarıdır. Onların malik olduğu texnologiya, nouhou, eyni zamanda özləri ilə gətirdikləri siyasi dəstək o proyektlər və onların əlaqəli olduğu nəqliyyat infrastrukturunun ərsəyə gəlməsində çox əhəmiyyətli rol oynayıb".

Elnur Soltanov ile ilgili görsel sonucu

Ekspert deyir ki, Azərbaycanda neftin istehsalında təbii azalma var və ölkəmizdə neft yataqları bundan sonra elə də çox sayda deyil: “Azərbaycan getdikcə qaz ölkəsinə çevrilir. Amma qaz neftdən daha ucuzdur və daha az gəlir gətirir. Bu o deməkdir ki, biz neftin azalmasından itirdiyimiz gəlirləri kompensasiya etmək üçün qaz hasilatını bir neçə dəfə artırmalıyıq. ”Şahdəniz"dən sonra qaz yataqları içərisində “Abşeron” yatağıdır ki, onu hazırda Fransanın “Total” şirkəti ilə işləyirik. Daha sonra “Şəfəq-Asiman” yatağıdır, hansı ki, onun işlənməsi üzrə saziş bp ilə imzalanıb. Layihənin operatoru bp-dir, orada yaxşı nəticələr əldə olunmaqdadır, inşallah, 1-2 ilə fəaliyyətə başlamaq mümkün olacaq. Bundan əlavə, bp Abşeronun dayazsulu hissəsində də geoloji-kəşfiyyat işlərini həyata keçirir. Yəni D230 blokuna dair müqavilə bp-nin iştirakı ilə imzalanan 5-ci müqavilədir. Əsas məsələ burasındadır ki, bp kimi Xəzəri yaxşı tanıyan ikinci bir şirkət yoxdur. Siyasi mənada da Azərbaycanı bp qədər yaxşı tanıyan ikinci şirkət yoxdur. Və siyasi dəstək nöqteyi-nəzərindən də Azərbaycanın karbohidrogen sənayesində daha ciddi bir şirkət yoxdur. Çünki bp sadəcə iqtisadi aktyor  olaraq qavranmır, eyni zamanda bir vətəndaşlıq da təlqin edir. Müəyyən mənada bu şirkət öz fəaliyyəti ilə Azərbaycan  vətəndaşlığı qazanmaqdadır. Məsələn, “Şahdəniz - 2" ilə bağlı bəzi çətinliklər yarananda bir sıra şirkətlər arxalarını çevirdilər, amma bp Azərbaycanın yanında oldu. Onun bu mövqeyi çoxsaylı etirazlara səbəb olan TANAP layihəsinin reallaşmasında böyük rol oynadı. Yəni bp burada özünün dünya siyasətindəki var olan ağırlığı ilə Azərbaycan üçün siyasi dəstək elementinə çevrildi.  Buna görə də azalan neftdən qaza doğru uzanan Azərbaycanın öz niyyətini reallaşdırmasında əsas tərəfdaşı bp olmalıydı.

Azərbaycanda bundan sonra böyük neft yataqlarının tapılması ehtimalı çox aşağıdır. Əsas gözləntilər qaz yataqları ilə bağlıdır. Əlbəttə, yeni “Şahdəniz” də gözləmirik. Lakin D230 kimi bir neçə blok var ki, onların toplam imkanları “Şahdəniz”ə bərabər olacaq. Həmin blokların işlənməsi sahəsində Azərbaycanın ən yaxın tərəfdaşı da bp olacaq".

“Yeni Müsavat”