Türkiyəli biznesmen, Fətullahçı Terror Təşkilatına mənsub olduğu bildirilən Mustafa Ceyhan ötən gün Bakıda məhkəmə binasının qarşısında qara rəngli maşına oturdularaq aparılıb.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Mustafa Ceyhanın həyat yoldaşı Tvitter-də yazıb.
Mustafa Ceyhanın xanımı Məryəm Ceyhan yazıb ki, 8 nəfər naməlum silahlı şəxs onun ərini mikroavtobusla qaçırıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.
Bu ilin aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
Həm təqsirləndirilən şəxsin vəkili, həm də BMT-in Qaçqınlarla iş Bürosunun Azərbaycan nümayəndəliyinin vəkili vəsatətin təmin olunması istəyib. Maraqlıdır ki, BMT Türkiyədə terror fəaliyyəti ilə məşğul olmaqda ittiham edilən bir şəxsə qaçqın statusu veribmiş.
Onlar həmçinin müvəkkillərinin dərhal məhkəmə zalından azadlığa buraxılmasını istəyiblər.
Hakimlər kollegiyasının qərarına əsasən, Mustafa Ceyhanın ekstradisiya edilməsindən imtina edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, M.Ceyhan Azərbaycana qanunsuz yolla sərhəddən keçməkdə ittiham edilərək həbs edilmiş və 1 il azadlıqdan məhrum edilmişdi.
