|
Erməni əsirliyində olmuş məhkumun yaxınları mərhəmət istəyir

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Elgün Qəhrəmanovun bibisi Rahilə Hacıyeva qardaşı oğlunun həbsdən buraxılmasını istəyir. “Yeni Müsavat”a müraciət edən Rahilə Hacıyeva deyir ki, qardaşı oğlu Elgün Qəhrəmanov illər öncə səhv edib, əlindən xəta çıxıb və həbsə düşüb. Xətasına görə 6 il azadlıqdan məhrum olunub:

“Elgün uşaq ikən erməni əsirliyində olub. Bacısı ermənilər tərəfindən öldürülüb. Anası Rəsmiyyə Qarayeva 2-ci qrup əlildir, yataq xəstəsidir. Özü də ailəlidir, 1 azyaşlı uşağı var. İlk dəfədir ki, həbs olunub. 5 il 5 aydır ki, həbsdədir. Ailəsi Goranboyun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşıb. Atası rəhmətə gedib. Hazırda ailəsinin durumu acınacaqlıdır. Prezidentə, Mehriban xanıma müraciət edirəm. Dönə-dönə xahiş edərim, Elgünün həbsdən azad edilməsinə yardımçı olsunlar, mərhəmət göstərib azad edilməsinə göstəriş versinlər”.

Qeyd edək ki, E.Qəhrəmanov məskunlaşdıqları qəsəbənin ərazisində mübahisə zəminində onu, ailəsini təhqir edən şəxsə bıçaq xəsarəti yetirib. Sonradan isə qarşı tərəflə barışıb. Buna baxmayaraq, məhkəmə onun barəsində 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib.