Nazirlər Kabinetinin yeni tərkibdə formalaşdırılması hakimiyyətin daha bir istiqamətdəki iş üslubunda dəyişikliklərə başladığını ortaya çıxardı. Məlum olduğu kimi, əvvəlki illərdə yüksək vəzifədən kənarlaşdırılan məmurların işdən çıxarılma səbəbi hər hansı formada cəmiyyətə açıqlanmırdı. Lakin bu dəfə fərqli mənzərənin şahidi olmaqdayıq.
Əvvəlki vəzifələrinə yenidən təyin edilməyən bir neçə yüksək ranqlı məmurun işdən götürülmə səbəbləri yüksək səviyyədə ictimaiyyətə açıqlandı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Diasporla İş üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində qanunsuzluqların olduğunu konkret faktlarla açıqlaması bu qurumların rəhbərlərinin yenidən vəzifələrinə təyin edilməməsinə işıq salmış oldu.
Bir sıra ekspertlər hesab edir ki, bu, hakimiyyətin açıq siyasətə, xalqla açıq danışma siyasətinə keçməsi sayıla bilər.
Bu mövzuda “Yeni Müsavat”a açıqlamasında YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, prezident İlham Əliyev ənənəvi olaraq ildə 4 dəfə Nazirlər Kabinetinin müşavirəsini keçirir. Müşavirədə həm iqtisadi cəhətdən qazanılmış uğurlar, həm beynəlxalq aləmdə Azərbaycanın dünyaya inteqrasiyası ilə bağlı görülmüş işlər, həm Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı prezidentin açıqlamaları olur. Son illərdə isə məmurların davranışı ilə bağlı, buraxılmış nöqsanlarla bağlı prezident xüsusi danışırdı. Bəzən lap kəskin fikirlər ifadə edirdi. Konkret ad çəkilirdi də, çəkilmirdi də. Amma ümumi şəkildə də olsa məsələyə diqqət yönəldilirdi. İndi isə görünür ki, ölkə prezidenti yeni açıqlamaların da verilməsini zəruri sayıb: “11 apreldə keçirilən prezident seçkilərində cənab prezidentimiz qələbə qazandıqdan sonra formalaşdırdığı Nazirlər Kabineti hər kəs tərəfindən müsbət qarşılanır. Kimlərin vəzifələrdən çıxarılması, kimlərin vəzifələrə təyin edilməsi birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Bir halda ki, Nazirlər Kabineti bütövlükdə buraxılır və yeni kabinet formalaşdırılır, ona görə də bu zaman izahatlara elə bir zərurət də olmurdu. Amma indi görünür ki, cənab prezident hər bir addım barədə xalqın məlumatlı olmasının zəruriliyi qərarına gəlib. Ona görə də yenidən öz vəzifəsinə təsdiq olunmayan şəxslərin nədən vəzifədən çıxarılmasının səbəbləri barədə ictimaiyyətə açıqlama verilir, həmin məmurun işindəki nöqsanlar barədə xalq məlumatlandırılır. Bu, xalq tərəfindən alqışlanır. Çünki bu həm ölkə vətəndaşları üçün açıqlamadır, həm şəffaflıqdır, həm də digər məmurlar üçün də bir dərsdir. Bu mənada mən də bu cür açıqlamaların verilməsini alqışlayıram. Hesab edirəm ki, cənab prezident qərarlarının izahı ilə bağlı həm ictimaiyyəti, həm mətbuatı məlumatlandırmış olur. Bu siyasət həm də həqiqətdən kənar söz-söhbətlərin, sosial şəbəkələrdə, mediada gedən yersiz müzakirələrin qarşısını almış olur”.
Deputat hesab edir ki, yüksək vəzifəli məmurun vəzifədən çıxarılmasının səbəblərinin ictimaiyyətə açıqlanması digər məmurların və yeni təyin olunanların öz vəzifələrinə daha məsuliyyətli yanaşmasına təkan verəcək: “Digər məmurlar bundan nəticə çıxarırlar ki, əgər sən işində nöqsana yol vermisənsə, işindən narazılıq varsa, elə hesab etmə ki, barəndə tədbir görülməyəcək. Ona görə də hər kəs öz işində məsuliyyətli olmalıdır. Hər kəs bilməlidir ki, işində yol verdiyi nöqsanlar öz qiymətini alır”.
