|
Neftin qiyməti 75 dolları keçdi

Dünya bazarında neftin qiyməti 2014-cü ildən bəri ən yüksək həddə çatıb. Belə ki, son iki gündə Brent markalı neftin qiyməti 75 dollara çatıb. Azərbaycana məxsus “AzeriLight” markalı neft isə dünən 75 dolları keçib. Dünya neft bazarındakı bu yüksəlişə səbəb nədir? Qiymətlərin indiki səviyyəsi nə qədər davam edə bilər?

Sualları cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun “Yeni Müsavat”a dediyinə görə, dünya neft bazarında qiymətlərin yüksəlməsinin bir sıra səbəbləri var: “Bildiyiniz kimi, qiymətlər artıq xeyli müddətdir ki, artım dinamikası nümayiş etdirir. Bunun qalıcı səbəblərindən biri OPEK-in hasilatı azaltmasıdırsa, digər səbəbi də dünya iqtisadiyyatının artım tempinin sürətlənməsidir. Bu gün Çin və Hindistanda iqtisadiyyat gözlənildiyindən daha yüksək sürətlə böyüyür. Yəni Amerika dünyanın ən böyük istehlakçısı olaraq qalsa da, ən sürətli istehlak artımı məhz Asiya bazarlarında baş verir. Bu vəziyyətdə istehsal azaldılır, tələbat isə artır deyə qiymətlər də artır. Düzdür, son vaxtlar ABŞ şişt neft istehsalını sürətlə genişləndirir ki, bunun da yaxın zamanlarda neftin qiymətinin 60 dollar civarında qərarlaşmasına gətirib çıxaracağı gözlənilir. Lakin istehsal artsa belə, istehlak da artır deyə neftin yaxınmüddətli dövrdə 60 dollardan aşağı düşəcəyi gözlənilmir”.

Ekspertin sözlərinə görə, dünya neft bazarında vəziyyətə təsir edən yeni amillər də yaranıb: “Əlbəttə, dünyada baş verən siyasi proseslər həmişə neft bazarında əksini tapıb. Bu baxımdan, ABŞ-la Rusiya, ABŞ-la İran arasında baş verən siyasi konfliktlər bu bazara mütləq təsir edir. Nəzərə almaq lazımdır ki, ABŞ-la münasibətləri gərginləşən hər iki ölkə dünya neft bazarının ən böyük oyunçularındandır. Bu nöqteyi-nəzərdən bazara xüsusilə İran-ABŞ münasibətləri daha çox təsir edir. Çünki Amerika prezidenrti Donald Tramp nüvə proqramı mövzusunda İranla əldə olunan sazişdən çıxacağını bir neçə dəfə bəyan edib. Avropanın, Rusiyanın etirazlarına baxmayaraq, Trampın bu məsələdə qəti olduğu hiss edilməkdədir. Bu isə yaxın 1-2 həftə ərzində İrana qarşı yeni sanksiyaların tətbiqi ehtimalını artrır - hazırda bu ehtimal 50 faizdən yuxarıdır. İran dünyanın ən böyük neft istehsalçılarından biri olduğuna görə bu sanksiya ehtimalları dünya neft bazarında qiymətlərə təsir göstərir. Bildiyiniz kimi, sanksiyalar götürüləndən sonra İran neft istehsalını sürətlə artırmışdı. Sanksiyaların bərpa olunması onun neftinin dünya bazarından çıxması demək olacaq. ABŞ-ın eyni zamanda yaxın dövrlərdə Rusiyaya qarşı sanksiyaları da genişləndirəcəyi gözlənilir. Bu da neft qiymətləri üzərində təzyiq yaradan amillərdəndir”.

E.Soltanov onu da bildirir ki, dünya neft bazarındakı mövcud qiymətlərin nə qədər davamlı olub-olmayacağı İran-ABŞ, Rusiya-ABŞ münasibətləri, həmçinin Yaxın Şərqdəki vəziyyətdən asılıdır: “Bu haqda qəti bir söz demək, müddət göstərmək mümkün deyil. Çünki bazara təsir edən amillər arasında siyasi səbəblər güclüdür. Siyasi konfliktlərin necə həll olunacağını isə proqnozlaşdırmaq çətindir”.

Onu da qeyd edək ki, Azərbaycan bu ilin birinci rübü ərzində neftin büdcədə nəzərdə tutulan 45 dollardan xeyli baha olmasından dolayı 2 milyard dollar əlavə gəlir əldə edib. Bu, “Azəri-Çıraq-Günəşli” yatağındakı hasilatdan dövlət payının satışından Dövlət Neft Fonduna daxil olan vəsaitdir. SOCAR-ın neft satışından əldə etdiyi gəlirlər, həmçinin xarici şirkətlərin dövlət büdcəsinə ödənişləri bura aid deyil.

Məlumat üçün bildirək ki, ötən ay Azərbaycandan gündəlik 629,6 min barel xam neft, 54 min barel kondensat, 10,6 min barel isə neft məhsulları ixrac edilib.