Xəbər verildiyi kimi, prezident İlham Əliyevin aprelin 21-də təsdiqlədiyi yeni hökumətdə bir neçə nazir və komitə rəhbəri təsdiq olunmayıb. Vəzifələrini, hələ ki, müvəqqəti icra edən bu şəxslərin postlarında qalıb-qalmayacaqları suallar doğurur. Onlardan hər birinin nə zamandan bu vəzifələri tutduqları ictimaiyyət üçün də maraqlıdır.
Bu marağı və mövzunun aktuallığını nəzərə alaraq, “ofsayt” vəziyyətində qalan məmurların neçə ildir bu postlara rəhbərlik etdikləri barədə məlumat veririk:
Ekologiya və təbii sərvətlər naziri postunu 17 ildir Hüseyn Bağırov tuturdu. O, 1955-ci ildə anadan olub və hökumətin nisbətən gənc kadrlarından sayılırdı. Artıq H.Bağırovun bu vəzifədə qalmayacağı dəqiqləşib. O, aprelin 23-də nazirlikdə kollektivlə vidalaşıb. H.Bağırovun səhhəti ilə əlaqədar postundan öz istəyi ilə getdiyi bildirilir.
“Sual altında” olan nazirlərdən biri də gənclər və idman naziri Azad Rəhimovdur. O, 2006-cı ildən etibarən nazir postunu tutur.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1956-cı ildə anadan olub və hökumətin vəzifə tutmaq baxımından ən “uzunömürlü” üzvlərindən biridir. O, 1994-cü ildə gənclər və idman naziri təyin olunub. 2001-ci ilə qədər bu vəzifədə çalışıb. Həmin il nazirlikdə struktur dəyişiklikləri aparılıb, turizm sahəsi də bu nazirliyə həvalə edilib və Əbülfəs Qarayev gənclər, idman və turizm naziri statusunda yenidən təyinat alıb. 2006-cı ilə qədər bu statusda çalışıb, həmin il yenidən struktur dəyişikliyi aparılıb və nazirlik bölünüb, idman sahəsi ayrılıb. Nəticədə Əbülfəs Qarayev bu dəfə mədəniyyət və turizm naziri portfelini götürüb, yenə də nazir postunda qalıb.

Vəzifəsinə hələlik təsdiqlənməyənlərdən biri də müdafiə sənayesi naziri Yavər Camalovdur. O, 1949-cu ildə anadan olub, 2006-cı ildən, yəni Müdafiə Sənayesi Nazirliyi yaradılan gündən bəri bu nazirliyə rəhbərlik edir.

Səhiyyə naziri Oqtay Şirəliyev 1950-ci ildə anadan olub, 2005-ci ildən səhiyyə naziridir.
Vəzifəsinə təsdiq olunmayan komitə sədrlərindən Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1955-ci ildə anadan olub. 2006-cı ilin fevralından, yəni 12 ildir ki, həmin komitənin sədri vəzifəsini tutur.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov 1963-cü ildə anadan olub, 2002-ci ildən həmin komitəyə rəhbərlik edir.
.jpg)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə cəmi 4 ildir bu vəzifəni tutur, 2014-cü ildə komitəyə rəhbər təyin edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Aydın Əliyev 1957-ci ildə anadan olub, Gömrük Komitəsinə 12 ildir rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin sədri, 1965-ci ildə anadan olan Tahir Budaqov isə bu vəzifədə “uzunömürlü” hesab edilə bilməz. O, 2015-ci ildə həmin vəzifəyə təyin edilmişdi.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1969-cu ildə anadan olan Kərəm Həsənov da vəzifəsinə hələlik təsdiq edilməyənlər sırasındadır. Həsənov 2005-ci ildən bu vəzifəni tutur.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də vəzifəsinə hələ təsdiq edilməyib. 1960-cı ildə anadan olmuş Nəbiyev Dövlət Miqrasiya Xidmətinə 2012-ci ildən bəri rəhbərlik edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun da vəzifəyə təsdiqlənib-təsdiqlənməyəcəyi məlum deyil. 1964-cü ildə anadan olmuş Rəhimov 2012-ci ildən bu xidmətə rəhbərlik edir.
Bu yaxınlarda yaradılan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qorxmaz Təhməzli də hələlik səlahiyyətlərini müvəqqəti icra edəcək. Habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Arxiv İdarəsinin də rəhbərliyinə hələlik təyinat olmayıb.
