|
Xocalı soyqırımının əsas səbəbkarı Ermənistanda hakimiyyətdən qovuldu

Ermənistanda hakim rejimə qarşı etiraz hərəkatı dünən - 11-ci gün pik nöqtəsinə çatması ilə yadda qaldı. Aksiyalara hərbçilərin və polis əməkdaşlarının, o cümlədən din xadimlərinin də qoşulması baş nazir Serj Sərkisyanın bu dəfə qurtula bilməyəcəyini deməyə əsas verirdi.

Belə ki, vəziyyətin gərginləşdiyini görən sabiq baş nazir, hazırkı baş nazirin birinci müavini Karen Karapetyan aprelin 22-də qanunsuz toplantı keçirdikləri üçün saxlanılan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın azad edilməsi üçün hərəkətə keçib. O, bununla bağlı Ermənistanın Baş Prokurorluğuna müraciət edib.

Baş nazirin müavini Paşinyanla da görüşüb. Çox güman ki, bununla K.Karapetyan həm də özünə xalq arasında müsbət imic qazanıb və S.Sərkisyanın yerində oturmaq istəyir. Maraqlıdır ki, Karapetyanın bu bəyanatından az sonra Paşinyan və digər iki deputat sərbəst buraxılıb. Bu isə onların azad olunmasından imtina edən S.Sərkisyanın sonuna işarə sayılırdı.

Nikol Paşinyan həbsdən niyə azad edildiyinə aydınlıq gətirib: “Məni həbsdən hakimiyyət dəyişikliyi olduğu üçün azad ediblər. Hakimiyyət xalqa keçib”. Dünən İrəvandakı izdihamlı mitinqə 10 minlərlə adam qatılıb. Bundan başqa, axşam mitinqlərinin də davam etdiriləcəyi bildirilib.

Pashinyan erevan ile ilgili görsel sonucu

Dünən İrəvanın Azadlıq meydanından başlayan növbəti yürüşə 2016-cı il aprel döyüşünün iştirakçısı olmuş hərbçilər də qatılıb. Onlar yürüşün ön cərgələrində irəliləyiblər. Hərbçilər hakimiyyətə təsir etmək gücünə malik olduqlarını deyiblər.

Az sonra xəbər gəlib ki, Ermənistan prezidenti Armen Sərkisyan Qarabağ separatçılarının lideri Bako Saakyan, bütün Ermənilərin Katolikosu II Qaregin, spiker Ara Babloyan və baş nazir Serj Sərkisyanın iştirakı ilə təcili iclas keçirib. Onlar aksiyanın tezliklə başa çatmalı olduğunu və dialoq çağırışı ediblər. Ancaq dialoq üçün müxalifətin dəyişməz şərti var: Sərkisyanın istefası.

*****

“Serj Sərkisyan törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyacaq. O, Konstitusiya nizamını güclə dəyişdirdiyinə görə məsuliyyətə cəlb ediləcək. Xalq əvvəlki kimi dinc aksiyalarını davam etdirir. Sərkisyanın isə dövlət adından danışmaq haqqı yoxdur. O, dövlət üçün qeyri-qanunidir”. Erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

Günün ikinci yarısnda isə artıq Serj Sərksiyanın istefa verdiyi məlum olub. Sərkisyan öz bəyanatında xalqa müraciət edib. “Paşinyan haqlı idi. Mən səhv etmişəm”-deyən sabiq baş nazir xalq etirazlarını nəzərə alıb postundan istefa verdiyini bəyan edib. “Mən sizin tələbinizi yerinə yetirirəm”, - deyə o bildirib.

Ancaq bundan sonra onu nə gözləyir, bu, çox maraqlıdır. Birmənalı şəkildə demək olar ki, artıq Ermənistanda “Qarabağ klanı”nın hakimiyyətinə son qoyuldu.

*****

Pashinyan erevan ile ilgili görsel sonucu

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında indiki halda Azərbaycanın bu hadisələrə təsir etmək imkanında olmadığını vurğuladı: “Amma bütün ehtimalları analiz etmək faydalıdır. Hadisələrin gedişi zamanı bizim gözləmədiyimiz ortam yarana bilər və bunu dəyərləndirmək lazımdır. Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ və Rusiya arasında Ermənistan uğrunda gizli və açıq mübarizələr olub. Budəfəki rəqabət bir az da açıq müstəviyə çıxıb. Amerika Ermənistanın bundan sonrakı siyasətini daha ciddi gözdən keçirəcək. Bu olayların Dağlıq Qarabağ məsələsinə ciddi təsiri olmayacağını düşünənlərdənəm”. 

Politoloq Arzu Nağıyev isə bildirdi ki, Ermənistanda baş verən hadisələr müəyyən edilmiş ssenari üzrə davam edir. Onun qənaətincə, S.Sərkisyanın istefasının arxasında Kremlin iradəsi dayanır: “Bu istefa Rusiyanın razılığı ilə mümkün ola bilərdi. Eyni zamanda aprel ayının 24-də qondarma soyqırımla bağlı keçiriləcək tədbirlərdə qarşıdurmalar yarana bilərdi ki, bu, həm də diaspora və ya lobbi səviyyəsində də təkrarlanardı. Bako Saakyanın da təcili İrəvana gəlməsi bir daha onu deməyə əsas verir ki, problem həddən artıq böyükdür. İqtidar tərəfindən təşkil olunan mitinqlər artıq xaotik bir məcraya yönəldi və Rusiya da dəstək vermədi. Məhz buna görə də nəticədə Sərkisyan istefa verdi. Təbii ki, hərbçilərdən gözlənilməyən addımlar da iqtidarı geri çəkilməyə vadar etdi”.

Pashinyan erevan ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, bu günlərdə baş verənlər mitinqlərin idarə olunduğunu göstərir: “Çünki müxalifətin elə bir gücü yoxdur ki, hansısa mitinqi maliyyələşdirsin. Lider kimi təqdim olunan Nikol Paşinyan da elə bir lider deyil ki, hamı onu dəstəkləsin. Nə qədər aksiyalara ”məxməri inqilab" donu geydirməyə çalışsalar da, bu, belə deyil. Göründüyü kimi, antirusiya və antiqərb şüarları da yoxdur. ABŞ Dövlət Departamenti ancaq sakitliyə çağırır. Məlumdur ki, Paşinyan Levon Ter-Petrosyanın adamıdır və daim “Qarabağ klanı”na, o cümlədən Sərkisyana qarşı mübarizə aparıb".

Politoloq hesab edir ki, bu proseslərin Azərbaycana, Dağlıq Qarabağ məsələsinə təsiri olmayacaq: “Çünki istər müxalifət, istərsə də iqtidar bu məsələdə yekdildirlər və Dağlıq Qarabağ kartı əsas faktor kimi oynanılır və güc strukturları və digər mühüm orqanlar onların nəzarətindədir”.

****

Ermənistanda yaşanan hadisələrin arxasında hansı “dirijor”un çubuğunun dayandığı da günün suallarındandır. Düzdür, uzun müddət belə xəbərlər yayılırdı ki, Rusiya S.Sərkisyanı vaxtaşırı yol verdiyi xəyanətkar hərəkətlərinə görə cəzalandıra bilər. Bu xəbərlər Sərkisyanın Almaniya kanslerinə Rusiyadan şikayət edəndə də, NATO ilə hərbi təlimlərə qatılmaq qərarı verəndə də, Avropa İttifaqı ilə saziş imzalayanda da, həmçinin Ermənistanda anti-Rusiya aksiyalarına meydan veriləndə də yayılmışdı.

Pashinyan erevan ile ilgili görsel sonucu

Ancaq S.Sərkisyan baş nazir seçiləndən bir neçə saat sonra onu iki təbrik edən oldu ki, hər ikisi Rusiyadan: Putin və Medvedev. Bu mənada Sərkisyana qarşı aksiyaların arxasında Kremlin dayandığı az ehtimal olunur. Bu mənada nəzərlər Qərbə dikilsə də, hələlik nə ABŞ, nə Avropadan müxalifətə ciddi, yaxud açıq dəstək müşahidə olunmur.

Q.Çaxmaqlının fikrincə, Rusiya Sərkisyana dəstək verib: “Amma daxildə Rusiyanın bu dəstəyinə qarşı olan ciddi qüvvələr var. Onlar zaman-zaman Rusiyanın Ermənistanı öz nəzarətində saxlayan qüvvə kimi görürdülər və anti-Rusiya siyasəti sərgilənirdi. Bu da Amerika üçün cəlbedici idi. Amerika Ermənistanda iş aparıb. Və bu, artıq nəticəsini verib. Amma bunu da vurğulamalıyıq ki, ABŞ bu aksiyalarla Rusiyanı Ermənistanda küncə sıxışdıra bilməyib. Olayların gedişi bu rəqabəti daha da artırıb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Qərb bu hadisələrdə maraqlıdır: “Çünki Qərb Ermənistanın Rusiyadan qopmasını istəyir”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

O, hesab edir ki, Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir:

“Birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sərkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sərkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri ”Rusiyasız hərəkət edə bilməzsən" reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq. İkincisi, rəsmi Bakı da ciddi götür-qoy etməlidir. 20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar. İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollanmalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir".

Pashinyan erevan ile ilgili görsel sonucu

Fakt isə ondan ibarətdir ki, erməni xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan  məhrum edən,  Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtardı.

Yazı hazırlanarkən Ermənistanda kütləvi etiraz aksiyaları davam edirdi.