Azərbaycan prezidenti İlham Əliyevə prezident seçilməsi münasibətilə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir. Avropa Komissiyasının sədri Jan Klod Yunker, Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer də aprelin 19-da təbrik məktubu ünvanlayıb. ABŞ prezidentindən nə zaman təbrik gələcəyi isə həmişə olduğu kimi yenə maraqla izlənir.
Qeyd edək ki, 2013-cü ildə Barak Obamadan Azərbaycan prezidentinə təbrik seçkidən xeyli sonra olmuşdu. Bu dəfə ABŞ-ın yeni prezidenti Donald Trampın necə davranacağı maraq doğurur.
Gənc Demokratlar İnstitutunun direktoru, siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, 11 aprel növbədənkənar seçkidən sonra Avropa Şurasının baş katibi Torbyorn Yaqland , Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropanın aparıcı iqtisadi və siyasi nəhəngi olan Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdi. Təbriklərin mətnləri özlüyündə Aİ və Azərbaycanla mövcud münasibətlər və onların inkişafı prioritetləri mənzərəsi yaradır. Təbrik mətnlərinin ana xəttini Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi arzusu, siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli strateji tərəfdaşlıq sazişi üzrə aparılan danışıqların yekunlaşdırılması istəyi, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi , “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli əlaqələrin daha da inkişaf etməsi arzusu təşkil edir: “Qlobal siyasi və iqtisadi maraqlara əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcəyinə inam ifadə olunur.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin təbrikində isə xüsusi olaraq Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırlıqdan məmnuniyyət ifadə olunub.
Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır. Azərbaycan yenə də ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan bir tərəfdaşı kimi həmçinin Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Münasibətlərdə dəyişən və ya gərginləşən bir məqam mövcud deyil.
Bilirik ki, Azərbaycan ABŞ-ın vacib hərbi-strateji, etibarlı iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaş, ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadə edir, ABŞ-ın əsas qlobal hərbi tərəfdaşı olmaqda davam edən NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir. Azərbaycan uzun illər Əfqanıstan, İraq, Kosovodakı sülhməramlı missiyalarında ABŞ-ın etibarlı tərəfdaşı kimi iştirak edib. ABŞ-ın da maraqlı olduğu Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan layihələrdə, enerji nəqli marşrutlarının Gürcüstan-Türkiyə xətti ilə Avropaya çatdırılması siyasətinin təşəbbüskarı və aktiv dəstəkçisidir".
Ekspert qeyd etdi ki, bütün bunlara baxmayaraq uzun illər ABŞ-ın Azərbaycanla bağlı xarici siyasətinin ana xətti daha çox Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək istəyi üzərində qurulmuşdur. Bu xüsusi ilə Barak Obamanın prezidentliyi dövründə özünü biruzə verirdi: “Lakin ABŞ-ın yeni Tramp administrasiyası, qlobal siyasi sistemdə gərginləşən münasibətlər fonunda dəyişən, yenidən formalaşan güclər balansı fonunda, ölkəsinin qlobal enerji və beynəlxalq təhlükəsizliyə təsir imkanlarına malik Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini yüksək qiymətləndirir. Yeni administrasiyanın ABŞ milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşən, zəngin təbii ehtiyatlara, neft yataqlarına malik, beynəlxalq hüquq və prinsiplərə hörmət edən, sivil və müstəqil siyasət həyata keçirən strateji tərəfdaşı kimi Azərbaycanı özü üçün Cənubi Qafqazda prioritet ölkə seçdiyini bəyan edib. Bütün bu sadaladıqlarımı yekun rəyi kimi bildirim ki, tezliklə Donal Trampın İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrikinin şahidi olacağıq”.
