Rusiya və Ermənistan hökumətləri Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sisteminin şəxsi heyəti və vəsaitləri barədə ortaq məxrəcə gəlib.
İrəvanda qarşıdurmanın son həddə çatdığı bu günlərdə Ermənistanla Rusiya arasında iki il əvvəlki razılaşmaya uyğun olaraq addımların atılması maraqlı məsələdir. RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hava-Kosmik Qüvvələri komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko açıqlama verib. “Ermənistan və Rusiyanın Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş Regional HHM sistemi üçün ayırdığı qoşunların siyahısı imzalanıb”, - deyə Kuraçenko bildirib. Xatırladaq ki, Ermənistan Milli Məclisi 2016-cı ilin 30 iyununda regional hava hücumundan müdafiə sistemi yaratmaq haqqında sazişi ratifikasiya etmişdi. Məhz İrəvandakı bu gərgin günlərdə növbəti addımın atılması, şübhəsiz ki, Ermənistandakı Qərbyönümlü qüvvələrə və elə Qərb dairələrinə mesajdır. Rusiya işğalçı ölkəni əldən buraxmamaqda israrlıdır və ona Sərkisyan kimi əl buyruğu ilə hərəkət edən rəhbər çox lazımdır.
Ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazov “Yeni Müsavat”a dedi ki, Rusiya regionda ən yaxın hərbi müttəfiqi olan Ermənistanda öz hava hücumundan müdafiə sistemini möhkəmləndirmək məqsədini güdür: “Havadan müdafiə qüvvələri dünya ölkələri üçün olduqca mühüm sahədir. Hər hansı ölkənin səmasında uçan istənilən aparat həmin ölkənin bu qurumunun icazəsi və cihazlarının dəqiq izlənmə müşayiəti altında hərəkət edir. SSRİ dağıldıqdan sonra müstəqil dövlətlərin ilk qarşılıqlı razılaşmaları arasında bu sahə öncül yerdə olub. Çünki vahid məkan dağıldıqdan sonra sərnişin təyyarələrinin təhlükəsizliyi təmin edilməli idi. Bunu isə HMQ edir. Təbii ki, Rusiya ilə Ermənistan arasındakı razılaşma regionun hərbi potensialının qüvvələr nisbətinə müəyyən təsir göstərəcək. Amma bundan Ermənistan tərəfinin Qarabağda istifadə edə bilməsi real görünmür. İndiki məqamda Qarabağsız belə, Rusiyanın üzləşdiyi problemlər kifayət qədərdir. Həmçinin NATO üzvü Türkiyə ilə olan son yaxınlaşma Rusiya üçün çox vacibdir”.
T.Eyvazov hesab edir ki, Ermənistanla anlaşma heç vəchlə Azərbaycana əlavə təhlükə yarada bilməz: “Rusiya bununla Türkiyənin ən yaxın müttəfiqinə təhlükə yaratmaqla özünə də problem yaratmaq istəməz. Bu iki ölkə arasında sıradan olan işgüzar bir sazişin Ermənistan tərəfindən şişirdilərək dövriyyəyə buraxılması növbəti erməni təxribatı, Azərbaycan tərəfinə təzyiq göstərmək cəhdidir. Ölkəmizin isə bundan qorxusu yoxdur. İstənilən halda, hətta rus ekspertlərinin etiraf etdiyi kimi, Azərbaycan səması nəinki Ermənistan və Gürcüstan, hətta müəyyən hallarda Türkiyənin səmasından daha etibarlı qorunur. Çünki HVQ qüvvələrimizin arsenalında ən müasir, etibarlı müdafiə qurğuları mövcuddur”.
