Ötən sayımızda xəbər vermişdik ki, artıq Azərbaycanda 6 sayt bağlanıb. Martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib. Sözügedən şirkətlərə daxil olan kult.az, tabloid.az, isvestiya.az və kulis.az, ailem.az, avtolent.az saytlarına giriş dayandırılıb.
Hər iki media holdinqin rəhbərliyi bununla bağlı açıqlama yayıb. Açıqlamaların ümumi xətti bundan ibarətdir ki, bağlanan saytlar rentabelli olmayıb. Amma saytların arxivi saxlanmaqla həmin holdinqə daxil olan digər saytların nəzdində fəaliyyətlərini davam etdirəcəklər.
Fəaliyyətini dayandırmış kulis.az saytının keçmiş baş redaktoru Qan Tural bildirdi ki, kulis lent.az/kulis ttp://lent.az/kulis adresindən öz fəaliyyətini davam etdirir və heç bir ixtisar da yoxdur.
Digər media orqanlarında, xüsusən saytlarda da ixtisar, “kəmərsıxma” əməliyyatının olub-olmdığını öyrənmək istədik. Modern.az saytının baş redaktoru Elşad Eyvazlı dedi ki, onlar daxili imkanlar hesabına işləyirlər. “Maliyyə krizisi bizə dəhşətli dərəcədə təsir etməyib” deyən müsahibimiz bunun belə davam etməyəcəyini də istisna etmədi: “Amma bizim ciddi maliyyəmiz yoxdur. 50-60 işçimiz yoxdur ki, onları ixtisar barədə düşünək. Maaş artımı ancaq reklamların çoxalmasından asılıdır. Heç yerdən ciddi dəstək yoxdur. Ona görə də işçilərin ixtisarı və ya hər hansı itkilər barədə düşünmürük”.
Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə dedi ki, media bu məmləkətdə cəmiyyətdən ayrı olmadığına görə cəmiyyətin keçirdiyi sıxıntıları mətbuat da üzərində hiss edir: “Reklamlar, sayta daxil olmalarda böyük fərqlər var. 50 faizdən yuxarıdır rəqəm. Ödəmələr gecikir, müqavilələr yubanır. 1 illik ödəmə etməli olanlar bunu etmirlər. Artıq ilin 3 ayı geridə qalıb, amma ödəmələr həyata keçmir. Yanvardan ödəmə qabiliyyəti aşağı düşüb. Göstərdiyimiz xidmətin haqqını ala bilmirik”.
E.Ərud dedi ki, “kəmər sıxma” taktikasına keçməyiblər. Onun sözlərinə görə, yeganə ixtisar saytın şərh bölməsinin qapadılmasıdır: “Biz şərhə ayda 2 min dollara yaxın xərc çəkirdik. Bu bölməni ixtisar etməklə avtomatik olaraq şərhə nəzarət edən əməkdaşın biri ixtisara düşdü. O birini isə işdə saxladıq. Şərhi bağlamağımız situasiya ilə bağlı deyil. Baxmayaraq ki, bunu da proseslə əlaqələndirənlər var. Əslində bizim diskussiya qurmaq, forum yaratmaq cəhdimiz alınmadı. İnsanlar təhqir yazmaqdan bezmədilər. Odur ki, şərh bölməsini ixtisar etdik. Bir nəfər analıq məzuniyyətinə gedib.
Elə də böyük redaksiya deyilik. 15 nəfərlik heyətimiz var. Çalışırıq ki, qoruyub saxlayaq. Düşünürəm ki, bu sıxıntıdan da mətbuat alnıaçıq çıxacaq”.
Baş redaktor adıçəkilən saytlardan bəzilərinin bağlanmasına üzüldüyünü bildirdi. Bununla belə, müsahibimiz düşünür ki, bəzi media orqanlarını açanda onun nə qədər rentabelli olacağını fikirləşmək lazım idi: “İşləyən vaxt ona sərf olunan enerjini boşuna atılmış güllə hesab edirəm. Azərbaycanda bir sayt bumu yarandı. Bu bumda bir qrup adam, möhtəkirlər hər yerdə sayt açdılar ki, bu, həm də nüfuzlu medianı hörmətdən saldı. Mən də oturub bir neçə sayt yarada bilərdim. Amma bunu etmirəm. Çünki bilirəm ki, insanın bir enerjisi var və onu bir yerə ayıra bilər. Ümumiyyətlə, əvvəldən sayt içində sayt yaratmağın əleyhinə olmuşam. ”Röyters", AzadlıqRadiosu necə işləyir? İdmanı onu içindən ayırmaq oxucunun yarısını bir küncə, digər yarısını isə başqa küncə yığmaq deməkdir. Bizim əlimizdə məhdud sayda oxucu kütləsi var. Onu parçalamaq olmaz. O qədər oxucu yoxdur ki, ayrıca dəb saytı açasan və bu da uğur qazana. Dostların zəhmətini boşuna atılmış güllə hesab edirəm".//Musavat
