Xəbər verdiyimiz kimi, aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası öz işinə başlayıb. Sessiya iki gün davam edəcək. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edir.
Bilal Ərdoğan İƏT üzv ölkələrin nazirlərinin toplantısında fəxri qonaq kimi iştirak edib və mükafatlandırılıb. Aprelin 18-də Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bak və Bilal Ərdoğan Azərbaycan prezidentinin qəbulunda olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olunub, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.
Nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın salamlarını İlham Əliyevə çatdırıblar.

