|
Kiçik və orta sahibkarların hansı vergiləri azaldılsın...

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda Vergi Məcəlləsində və bir sıra digər qanunvericilik aktlarında təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb. Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır (APA). Azərbaycanda vergi yükü sahibkarlığın inkişafı baxımından nə qədər əlverişlidir? Ölkədə kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq üçün hansı vergi növləri üzrə azalmaya gedilməlidir?

“Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Azərbaycanda vergi yükü kifayət qədər ağırdır: “Nəzərə alsaq ki, fiskal gəlirlərin böyük bir qismi neft gəlirləri hesabına formalaşır, belə bir ölkədə vergi yükünün 39,8 faiz olması kifayət qədər yüksək göstəricidir. Müvafiq neft hasilatı ilə məşğul olan ölkələrdə - deyək, Yaxın Şərqin Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi ölkələrində vergi yükü 14-17 faiz arasında dəyişir, qonşu Gürcüstanda 16,5 faiz, Azərbaycanda isə 39,8 faizdir. Hətta kapitalizmin daha sərt formalaşdığı Böyük Britaniya və ABŞ-da belə vergi yükü Azərbaycandan azdır. Bu da Azərbaycanda qeyri-neft iqtisadiyyatının zəif inkişafında və qeyri-leqal biznesin çiçəklənməsində əsas səbəbdir. Əgər biz bu gün qeyri-neft iqtisadiyyatının şaxələndirilməsini və inkişafını, eyni zamanda ixrac qabiliyyətinin artırılmasını istəyiriksə, alternativ maliyyə imkanlarının formalaşdırılmasına çalışmalıyıq. Bu istiqamətdə atılacaq addımlardan ilki vergi yükünün azaldılması olmalıdır. Çünki ölkədə maliyyəyə çıxış imkanları çox məhduddur. Bunun da əsasını bank sektoru təşkil edirdi. Bu gün isə bank sektoru ölkə iqtisadiyyatının maliyyələşdirilməsində iştirak etmir. Belə bir vəziyyətdə vergi yükünün azaldılması investisiyanı təşviq edə bilər”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda eyni zamanda xarici investisiyanın cəlbinə böyük ehtiyac var: “Çünki iqtisadiyyat işlənməmiş xam iqtisadiyyatdır, təcrübə yoxdur. Eyni zamanda ilkin kapitalın formalaşdığı son 25 il ərzində qeyri-bərabər şəraitdə kapital daha çox oliqarxların əlində cəmləşib ki, onlar da kiçik və orta sahibkarlıq istiqamətində hər hansı bir maliyyələşmə siyasəti aparmırlar. Bu baxımdan Vergilər Nazirliyinin bu gün bu işə başlaması hətta gecikmiş addım da sayıla bilər. Çünki bu işə 2008-ci ildən sonra başlanmalıydı. O zaman başlanmamışdısa, heç olmasa 2014-cü ildən başlanmalıydı. 2016-cı ilin dekabrında Vergi Məcəlləsinə 200-dən artıq dəyişiklik edildi. 2017-ci ildə biz gördük ki, vergi yükündə heç bir azalma baş verməyib. Bu, Dünya Bankının hesabatında da əksini tapdı. Bu gün artıq bu istiqamətdə mövqeyin ortaya qoyulması müəyyən mənada pozitiv qiymətləndirilə bilər. Amma paralel olaraq iqtisadiyyatın liberallaşması və qanunun aliliyinin təmin olunması məsələləri var. Yəni təkcə vergi yükünü azaltmaqla Azərbaycanda kiçik və orta sahibkarlığı, bütövlükdə biznes və investisiya mühitini inkişaf etdirmək, xarici investisiyanın axınını təmin etmək mümkün deyildir. Bu baxımdan da, paralel olaraq, struktur islahatları həyata keçirilməli, vergi yükünün azaldılması maliyyəyəyə çıxış imkanlarının genişləndirilməsi kontekstindən qiymətləndirilməlidir”.

Konkret hansı istiqamətlərdə vergi yükünün azaldılmasına gəlincə, ekspert bunların bir qisminin 2016-cı ildə vergi islahatlarını nəzərdə tutan strateji yol xəritəsinin təsdiq olunmasına dair fərmanda əksini tapdığını deyir: “Fərmanda qeyd olunur ki, Azərbaycanda  diferensiallaşdırılmış əlavə dəyər vergisi tətbiq olunsun. Lakin bu günədək də bu addım atılmayıb. Digər tərəfdən, sadələşmiş verginin indiki səviyyəsi ilə belə, iqtisadi fəaliyyətlərin böyük bir qismi qeyri-leqal həyata keçirilir. Biz təklif edirik ki, sadələşmiş vergi də qeyri-nağd ödənişləri, leqallığı təşviq edən formada diferensiallaşmış olsun. Yəni qeyri-nağd dövriyyə nağd dövriyyədən ikiqat aşağı dərəcə ilə vergiyə cəlb olunsun. Sahibkarların yükünü ağırlaşdıran daha bir səbəb sosial sığorta ödənişlərinin yüksəkliyidir. 22 faizlik sosial sığorta ödənişinin üzərinə bu ilin yanvarından 0,5 faizlik işsizliyə görə sığorta haqqı da əlavə olundu. Bu isə sahibkarlara əlavə təzyiq yaradır. Hesab edirik ki, bu yükün də azaldılmasına ehtiyac var. Əmək bazarı təhlil olunmalıdır. Modelləşmə aparılmalıdır. Düşünürəm ki, optimal sosial sığorta yükü sahibkar üçün 11-12 faiz, işçi üçün 3 faiz olmaqla, cəmi 15 faiz təşkil etməlidir. Beləliklə də, sahibkarların yığım vəsaitlərini artırmaq imkanı yaranır. Son nəticədə isə bu vəsaitlər mənfəət normasının yüksəlməsi fonunda yenidən iqtisadiyyata yönəlir: investisiya qoyuluşlarını artırır, innovasiyaların tətbiqini, daha keyfiyyətli istehsal texnologiyalarının prosesə cəlb olunmasını təşviq edir. Beləliklə də, Azərbaycan iqtisadiyyatı şaxələndirilər, ixrac və rəqabət qabiliyyəti güclənər, əməyə tələbatın artması işsizlik və yoxsulluqla bağlı makroiqtisadi parametrlərə də öz müsbət təsirini göstərmiş olar”.