Deputat Asim Mollazadə aprelin 16-da keçirilən parlamentin Elm və Təhsil Komitəsinin iclasında səsləndirdiyi bəzi fikirlərlə gündəmə gəlib. O bildirib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır.
Sitat: “Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik. Yeni texnologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.
Deputatın bu açıqlamalarına fərqli mövqelər sərgilənir. Çoxları hesab edir ki, xarici ölkələrdəki səfirlərimizin vəzifələrinin öhdəsindən layiqincə gələ bilməmələri deputatlar səviyyəsində hökuməti də ciddi narahat etməyə başlayıb. Bu baxımdan, bütünlüklə olmasa da, Azərbaycan üçün çox önəm daşıyan ölkələrdəki səfirlərimizlə bağlı müəyyən qərarların verilməsinin vacibliyi vurğulanır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında hər bir işdə problemlərin olduğunu söylədi:“Hər bir sahədə olduğu kimi, səfirliklərdə də müəyyən problemlər mövcuddur. Amma hesab edirəm ki, bu problemlər ictimaiyyət qarşısında deyil, xidməti geniş müzakirə olunmalı və problemlər öz həllini tapmalıdır. Tapşırıqlar hər zaman verilir. Xidməti tədbirlər çərçivəsində bu məsələləri müzakirə etmək daha doğrudur.
![]()
Bu elə bir məsələ deyil ki, hər yerdə müzakirə edilsin. Bu barədə bu sahəyə aid mütəxəssislərin fikir söyləməsi daha doğrudur. Xarici İşlər Nazirliyinin işində təkcə bu nöqsanlar yoxdur. Mövcud olan digər nöqsanları ictimaiyyət qarşısında müzakirə etmək olar”.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə səfirliklərdə dəyişikliklərin aparılmasına zərurətin olduğunu bildirdi: “Bu fikirlərlə razıyam. İndiyə qədər xarici ölkələrdəki səfirlərimiz yalnız oradakı hökumətlə işləyiblər. Məktub aparıb gətirmək və ya digər işləri görmək fəaliyyət deyil. Ölkənin gündən-günə gücü artan ictimaiyyəti ilə işləmək ənənəsi olmadı. Azərbaycan haqqında o ictimaiyyətdə məlumat yaymaq, ölkə haqqında müsbət imic yaratmaq kimi fəaliyyətləri səfirliklər göstərməlidir. Amma, təəssüflər olsun ki, hələ də bunları etmirlər”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dolayısı ilə deputatın fikirlərinə dəstək verdi: “Azərbaycanın xarici ölkələrdəki səfirliklərində çatışmazlıq az deyil. Ən böyük problem təşəbbüskarlığın zəif olmasıdır. Azərbaycanın xarici ölkələrdəki səfirləri daima hərəkətdə olmalı, çalışdıqları ölkədə Azərbaycana daha çox dost qazandırmağa çalışmalıdırlar. Yaxşı səfirlərimiz və diplomatlarımız var, ancaq ətalət basmış və tənbəlləşmiş səfirlərimiz və diplomatlarımız da az deyil. Onlar elə bilirlər ki, işləri ancaq sənəd imzalamaq, qonaq qəbul edib və yola salmaqdan ibarətdir. Səfirlər və diplomatlar çalışdıqları ölkədə media ilə sıx münasibətlər qurmalıdırlar, jurnalistlər arasında onların çoxlu dostları olmalıdır. Təəssüf ki, olduğum ölkələrdə səfirlərimizin xüsusi təşəbbüskarlıqları barədə ağızdolusu ifadələr eşitmirəm. Yaradıcı yanaşma yoxdur. Erməni lobbisinin xarici ölkələrdəki fəaliyyətlərindən dad döyürük, ancaq gəlin görək bizim həmin ölkələrdəki səfirliklər erməni lobbisinin və ermənipərəst qüvvələrin açıqlamalarını neytrallaşdırmaq istiqamətində hansı işlər görürlər? Hələ ki, nəticə xeyrimizə deyil”.
Xarici İşlər Nazirliyinin dəfələrlə mövqeyini almağa cəhd etsək də, mümkün olmadı. XİN-dən zənglərimizə cavab verən tapılmadı.
