|
“Biz adada yaşamırıq”

“Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Biz qonşularımızın da enerji təhlükəsizliyini təmin edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Tacikistanda səfərdə olarkən deyib. İ. Əliyev bildirib ki, təbii ehtiyatlara malik olan ölkələr bu cür ehtiyatlara malik olmayan bütün ölkələrə güzəştli qiymətlərlə, lazım olan vaxtda kömək etməlidirlər: “Çünki biz adada yaşamırıq, bir-birimizin əhatəsində yaşayırıq. Buna görə qonşularla yaxşı münasibətlər olmalıdır. Biz buna çalışırıq və gücümüz daxilində kömək edirik. Əgər bizə kömək lazım olsa, biz də qonşularımızdan kömək gözləyirik və adekvat münasibət görürük. Buna görə gələcəkdə enerji təhlükəsizliyi ölkələrin inkişafının, iqtisadi inkişafın daha mühüm amili olacaq və siyasi təhlükəsizliyi təmin edəcəkdir.

Şübhəsiz, nəqliyyat təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Bizim coğrafi mövqeyimiz əlverişlidir. Allah bizə gözəl torpaq, yaxşı iqlim, mənzərəli təbiət bəxş edib və yerləşdiyimiz məkan birbaşa Avropa ilə Asiyanın arasındadır. Tarixi İpək Yolu bizim ərazimizdən keçirdi. Biz bu tarixi İpək Yolunu müasir infrastrukturla bərpa edirik. Bu gün biz ölkəmizin nəqliyyat təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Şimal və Cənub qonşularımız üçün tranzit ölkəyə çevirəcək Şimal-Cənub layihəsində fəal iştirak edir, həmçinin Şərq-Qərb layihəsinə, Böyük İpək Yoluna fəal sərmayə yatırırıq”.