|
Seçkinin yekun nəticələri açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq. MSK-nın Media və İctimai Əlaqələr Şöbəsindən verilən məlumata görə, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir. Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir.

MSK sədri Məzahir Pənahov aprelin 12-də keçirdiyi mətbuat konfransında yekun nəticələri açıqlayıb. M.Pənahov bildirib ki, prezident seçkilərində 3 milyon 962 min 123 seçici səs verib. 

125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib. MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb. Səslərin 99,68 faizi etibarlı, 0,32 faizi etibarsız sayılıb.

Beləliklə, nəticələrə əsasən, İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

MSK sədri onu da bildirib ki, seçkini izləyən beynəlxalq müşahidəçilərin fikirləri müsbət olub. Müşahidəçilər mətbuata açıqlamalarında da bunu qeyd ediblər: “Beynəlxalq müşahidəçilər seçkilərə hazırlığı və seçki prosesini yüksək qiymətləndirib. Beynəlxalq müşahidəçilər bizimlə söhbətdə də bunu deyiblər. Bir sıra beynəlxalq təşkilatlar seçkiləri nümunəvi hesab ediblər”.

MSK 2018 nəticələr ile ilgili görsel sonucu

M.Pənahov prezident seçkilərində səsvermə ilə bağlı sosial şəbəkələrdə yayılan və qanun pozuntusu kimi təqdim edilən görüntülərə də münasibət bildirib. O, həmin məlumatların yoxlandığını, heç birinin təsdiqini tapmadığını söyləyib.

MSK sədri deyib ki, sosial şəbəkələrdə qeyd olunan məntəqələrdən biri ilə bağlı ünvan belə həqiqəti əks etdirməyib.

BAXCP sədri, prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyev isə prezident İlham Əliyevə zəng edib. BAXCP-nin Seçki Qərargahından “Yeni Müsavat”a verilən məlumata görə, Q. Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.

Zahid Oruc ile ilgili görsel sonucu

Seçkidə ikinci yerin sahibi Zahid Oruc da prezident İlham Əliyevə telefonla zəng edib. Zahid Oruc yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi təbrik edərək, inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.

Beynəlxalq müşahidəçilər isə seçkilərlə bağlı mövqelərini aprelin 12-də açıqlayıb.

Avropa İttifaqı  Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident  seçkilərinin nəticələrinə dair bəyanatını açıqlayıb. Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O, müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli  qanunvericiliyə  uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilati baxımdan yaxşı təşkil edildiyini bildirib.

Silberq seçici fəallığının yüksək olduğunu və səsvermə prosesinin dinc şəraitdə keçirildiyini, kənar müdaxilələr müşahidə etmədiklərini deyib: “Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir maneçilik olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst, gizli səsvermə hüquqları təmin edilib”.

Bosniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, dostluq qrupunun rəhbəri Pedrak Kozul bildirib ki, seçkilər uğurla təşkil olunub, bütün beynəlxalq müşahidəçilər üçün bərabər şərait yaradılıb: “Azərbaycan xalqını seçki münasibətilə təbrik edirəm. Azərbaycan parlamentinə minnətdarlığımı bildirirəm ki, bizi seçki prosesini izləmək üçün dəvət edib. Seçki prosesini izləmək üçün bütün beynəlxalq müşahidəçilərə bərabər imkan yaradılmışdı. Müşahidələrimiz zamanı məntəqələrdə heç bir problemin şahidi olmadıq. Seçkilər zamanı gənclərin fəallığını daha çox müşahidə etdik. Bundan başqa, əlil insanların da seçkidə iştirak etmələri üçün imkan yaradılmışdı”.

İtaliyalı müşahidəçilər isə Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dair bəyanat yayıblar: “Yerli hakimiyyət və polis tərəfindən seçkinin gedişinə müdaxilə müşahidə olunmayıb. Səsvermə kabinələri səsvermənin gizliliyini təmin etmək məqsədilə düzgün yerləşdirilmişdi və seçki qutuları  möhürlənmişdi. Səsvermə zamanı veb-kameraların istifadəsini  təqdir edirik. Seçki zamanı beynəlxalq müşahidəçilərə heç bir məhdudiyyət olmayıb. Seçici fəallığı yüksək idi və müşahidəçilər ictimaiyyətin seçkilərə yüksək marağını qeydə  alıblar”.

Serbiya Parlamentinin sədr müavini Veralub Arsiç prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. O da seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib: “Yüksək nəticəyə görə prezident İlham Əliyevi təbrik edir, ona işlərində böyük uğurlar arzu edirəm. Sizin ölkənizdə bayram əhvalı gördüm. Xalq öz prezidentini seçmək üçün sərbəst şəkildə, həm də fəallıqla məntəqələrə gedir, səsini verirdi. Məntəqələrdə olarkən hər hansı neqativ halla qarşılaşmadıq. Təşkilatçılıq yüksək səviyyədə idi”.

MSK 2018 nəticələr ile ilgili görsel sonucu

Moldova parlamenti sədrinin müavini, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vladimir Vitiuc da mətbuat konfransında bildirib ki, seçkilər çox yüksək səviyyədə keçib: Azərbaycan təcrübəsi başqa ölkələr üçün nümunədir.

Prezident seçkilərində müşahidə aparan Türk Şurasının müşahidə missiyasının rəhbəri Ömər Kocaman isə deyib ki, seçkilər beynəlxalq standartlara uyğun şəkildə keçirildi: “Hər hansı problemlə qarşılaşmadıq. Seçicilər çox fəal idi. 55 məntəqədə olduq. Hər bir məntəqədə şərait seçki qanunauyğunluğuna cavab verirdi”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamaiusupov da seçkilərin azad və şəffaf təşkil olunduğunu deyib.

 MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev isə bildirib ki, MDB müşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir və bütün regionlarda müşahidə aparıblar: “Biz seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq. Səsvermə Azərbaycan Seçki Məcəlləsinə uyğun oldu, açıq və şəffaf keçirildi. Namizədlər üçün rəqabət mühiti yaradılmışdı. Bəzi çatışmazlıqlar da oldu, lakin bunlar əsasən texniki xarakter daşıyırdı”.

MDB Parlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov da qeyd edib ki, Azərbaycanda prezident seçkiləri qanuna uyğun keçirilib.

Baltik Assambleyasının prezidenti, Litva parlamenti nümayəndə heyətinin rəhbəri Valerius Simulik isə məntəqələrdə seçici fəallığının şahidi olduqlarını deyib: “Hər kəs azad və sərbəst şəkildə öz namizədinə səs verirdi. Sizin ölkənizdə insanlar seçkilərdə çox fəallıq göstərirlər. Avropa ölkələrində seçici fəallığı buradan az olur. Seçki prosesi tam qanunauyğun keçirildi”.

Rumıniya Parlamentinin Deputatlar Palatasının müşahidə missiyasının rəhbəri Viktor Ponta isə mətbuat konfransında bildirib ki, ümumilikdə seçki demokratik prinsiplərə uyğun təşkil edilmişdi: “Üç məntəqədə olduq, müşahidəçilərlə söhbət etdik. Müşahidə apardığımız məntəqələr lazımi texniki avadanlıqla təmin olunmuşdu. Müşahidə ilə bağlı Rumıniya parlamenti adından yazılı rəy də göndəriləcək”.

Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, seçkilər tam şəffaf və azad şəraitdə keçib.

Çexiya deputatlar palatasının üzvü Yirji Valenta isə prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar.

Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov da mətbuat konfransında qeyd edib ki, seçki şəffaf və ədalətli keçib.

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin katibi Yasin Lamur prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini deyib.

Azərbaycan Demokratik İslahatlar Partiyası (DİP) da prezidenti seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb. DİP-in bu barədə bəyanatında deyilir: “DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər. Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.

Ümumilikdə seçki prosesində, eləcə də səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik müşahidə olunmayıb. 11 aprel seçkiləri şəffaf və demokratik qaydalara uyğun şəraitdə keçib. Seçicilərə öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradılıb, seçici fəallığı aşkar hiss olunub. Təqdirəlayiq haldır ki, ölkəmizin diplomatik nümayəndəliklərinin səfirlik və konsulluqlarında müvafiq seçki komissiyaları yaratması nəticəsində bütün dünyadakı azərbaycanlılar Azərbaycan Respublikasının prezident seçkilərində iştirak etmək imkanı qazanıblar.

DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür. Bəzi istisnalar olmaqla, müşahidəçilər seçki prosesində ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər. Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub".

Seçkini boykot edən AXCP, Müsavat Partiyası və Milli Şura isə seçkinin nəticələrini legitim saymadıqlarını bəyan ediblər.