Yeyib-içdikdən sonra kafedə adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.
Bıçaqlanan şəxs Rufan Hüseynov məhkəmədə iştirak etməyib. Təqsirləndirilən Şükürov zərərçəkmişlə barışdığını deyib.
Məhkəmə iclası aprelin 16-da davam edəcək.
Bildirək ki, hadisə Əhmədli qəsəbəsindəki "Batabat" kafesində baş verib. Kafeyə müştəri kimi gələn Şükürov şən mahnı sifariş vermək istəyib. Bu zaman onunla digər müştəri Rufan Hüseynovla aralarında mübahisə başlayıb. Nəticədə A.Şükürov onu ürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
A.Şükürov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
