|
Şərab istehsalı niyə artmır – çıxış yolu…

İlham İdayətov: “Bizdə istehsal olunan məhsulların keyfiyyəti çox yaxşıdır, lakin bunu təsdiq edən sənədləri Avropa laboratoriyalarından əldə etməyə hamının imkanı çatmır”

Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində çıxış edən prezident İlham Əliyev ölkədə şərab istehsalı sahəsində yaranmış vəziyyətə toxunub.

Bildirib ki, üzümçülüklə, şərabçılıqla bağlı mövcud vəziyyət qaneedici deyil: “İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni şərab zavodlarımız var, amma onların bir çoxu zəif işləyir. Yəni istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik”. 

Xatırladaq ki, şərabçılıq sahəsində vəziyyət bundan əvvəl də ölkə rəhbərliyinin diqqətində olub, müxtəlif tədbirlərdə bu sahəyə toxunulub, mövcud problemlərin aradan qaldırılmasının gərəkliyi vurğulanıb.

Rəsmi statistikaya görə, ötən il Azərbaycandan xaricə şərab ixracı 2016-cı ilə nisbətən 68 faiz artaraq 6 milyon dollara çatıb.

Azərbaycanın şərab məhsullarını ən çox idxal edən ölkələrdən biri Çindir. Ötən il bu ölkəyə Azərbaycan təxminən bir milyon dollarlıq şərab tədarük edib.

Şərabçılıq ile ilgili görsel sonucu

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  prezidenti Rüfət Məmmədovun sözlərinə görə, 6 milyon dollarlıq ixrac böyük rəqəm deyil: “Lakin nəzərə alsaq ki, ixracın genişləndirilməsi üçün müxtəlif alətlərdən istifadə etməyi planlaşdırırıq, bu hələ başlanğıcdır. Belə ki, 2017-ci ildə  İqtisadiyyat Nazirliyi ixracın təşviq edilməsi üçün 3 milyon manat həcmində sənədlər təqdim edib, onlardan 60 faizi şərab ixracatçılarına ayrılıb. Həmçinin biz bir il ərzində Çində əsasən şərab üzrə ixtisaslaşacaq  Azərbaycan ticarət evi açmağı planlaşdırırıq. Bütün yerli istehsalçılar və ixracatçılar öz məhsullarını ən rəqabətli şərab bazarına - Çin bazarına ixrac edə biləcəklər”.

Onu da qeyd edək ki, şərab istehsalı və ixracındakı vəziyyəti bir çox mənbələr xammal idxalı və hazır məhsulun ixracında inhisarçılığın olması ilə əsaslandırırlar. Bildirilir ki, bir sıra müəssisələrə istehsalı artırmaq üçün qonşu Gürcüstandan üzüm gətirməyə, bəzilərinə isə istehsal etdiyi məhsulu xaricə çıxarmağa imkan verilmir.

Şərabçılıq ile ilgili görsel sonucu

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru İlham İdayətov deyir ki, hazırda Azərbaycanda şərab istehsalı 95 faizə qədər yerli xammal hesabına həyata keçirilir: “Bu gün hər hansı inhisarçılıqdan söhbət belə gedə bilməz.  Dövlət tərəfindən tam dəstək verilir bu sahəyə. Hazırda yalnız şərab istehsalı üçün zəruri olan köməkçi vasitələr xaricdən alınıb gətirilir. Şərabın rənginin saxlanması, dibinə çöküntü verməməsi və sair üçün zəruri olan vasitələrdən gedir söhbət. Onu da Fransa, Almaniya kimi ölkələrdən gətiririk. Bu vasitələrin ümumi istehsalda payı 5 faizə güclə çatır. Qalan bütün xammal yerlidir. Buna görə də kiməsə xammal gətirməyə imkan verilmir fikri reallığı əks etdirmir”.

İ.İdayətovun dediyinə görə, hazırda Azərbaycanın daxili şərab bazarı dolub: “Yəni istehsalı ixracla artırmaq mümkündür. İxrac üçün də məhsulların standartlara tam uyğun olması - sənədləşmə baxımından, eyni zamanda reklam edilməsi, tanıdılması lazımdır. Azərbaycandakı istehsal müəssisələrinin bir çoxunun lazım olan sertifikatları almağa, məhsullarını xüsusilə xarici ölkələrdə reklam etməyə maddi imkanı yoxdur. Dünyada şərab bazarı üçün tələblər çox sərtdir, Avropaya sertifikatsız məhsul çıxarmaq qeyri-mümkündür. Bizdə istehsal olunan məhsulların keyfiyyəti çox yaxşıdır, bu sarıdan problem yoxdur. Lakin o keyfiyyəti təsdiq edən sənədləri Avropa laboratoriyalarından əldə etməyə hamının imkanı çatmır. Buna görə də bəziləri deyirlər ki, Azərbaycanın özündə belə bir laboratoriya yaradılsın, sertifikatlaşma burada aparılsın. Məhsulunu tələblərə uyğun sertifikatlaşdırmış bütün şirkətlər rahatlıqla malını xaricə çıxarır”.

Assosiasiya direktoru onu da bildirdi ki, Azərbaycan şərabı Asiya bazarlarına çıxır, əsas çətinlik oturuşmuş bazar olan Avropaya çıxışla bağlıdır: “Bunun üçün də dövlət tərəfindən zəruri dəstək verilir, sərgilərə qatılırıq, məhsulumuzu tanıtmağa başlamışıq. Buna görə də tezliklə şərab ixracımızın daha böyük sürətlə artmasını görəcəyik”.

İ.İdayətovun sözlərinə görə, hazırda Azərbaycanda 40-a yaxın şərab zavodu var ki, onların da xeyli hissəsi Sovet dövründən qalmadır: “Onlar illər keçdikcə aşınmış, müasir avadanlıqlara ehtiyacı olan müəssisələrdir. 20-30 faiz gücüylə işləyən belə müəssisələrdir. Haradasa 15-18 yeni yaradılan müəssisə var ki, tam gücləri ilə işləyirlər, ixracyönümlü məhsul həmin zavodlarda istehsal olunur. Çox da yüksək keyfiyyətli məhsul istehsal edilir. Göndərdiyimiz heç bir yerdə keyfiyyətlə bağlı problem yaranmayıb”.

Müslüm İbrahimov ile ilgili görsel sonucu

Kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da hesab edir ki, şərab zavodlarının tam istehsal gücü ilə işləməməsinin səbəbi inhisarçılıqla bağlı deyil: “Düşünmürəm ki, bütün problemlər inhisarçılıqla bağlıdır. Söhbət çox tələbkar bir bazardan gedir. Bu bazarda Fransa, İtaliya, ABŞ və sair kimi oliqapollaşmış oyunçular var. Belə bazara yeni iştirakçının daxil olması çox mürəkkəb, eyni zamanda da bir xeyli də siyasi məsələdir. Bu baxımdan Azərbaycan istehsalçıları üçün çox çətindir bazara daxil olmaq. Vaxtilə Sovet dövründə Azərbaycan bu bazarda yaxşı yer tutmuşdu. Sonra Qorbaçovun dövrü gəldi - alkoqollu içkilərin satışına qadağa qoyuldu, Azərbaycandakı üzüm bağları məhv edildi, sahə ciddi tənəzzül yaşadı. İndi yenidən bu sahəni dirçəldirlər, üzüm bağları salınır, ixrac üçün dövlət dəstək verir və sair”.

Mütəxəssis deyir ki, hazırda şərabçıların ən böyük problemi marketinqlə bağlıdır: “Marketinq hələ lazımi səviyyədə deyil. Hansısa bazara daxil oluruqsa belə, orada mövqeyimizi möhkəmlədə bilmirik. Buna görə də marketinqi gücləndirməyə, daha müasir metodlardan istifadə etməyə böyük ehtiyac var”.

Şahin Mustafayev ile ilgili görsel sonucu

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə şərabçıların daha bir problemini dilə gətirib. Onun sözlərinə görə, şərabçılar istehsal etdikləri məhsulu qablaşdırmaq üçün şüşə qabı xaricdən gətirməli olurlar: “Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur”.

Nazir deyib ki, şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür: “Bu məsələdə əsas olan marketinqdir. Ona görə də dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı 2 dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.

Nazir bildirib ki, bu ilin sonuna qədər “Azərşüşə” MMC tikilərək istifadəyə verilməlidir: “İnanıram ki, bu zavodun da fəaliyyətə başlaması problemin həllinə nail olmasına yardımçı olacaq”.