|
Bağlanan bankların satılan əmlakının pulu hara yönəldilir...

Bağlanan bankların daşınar və daşınmaz əmlakı hərraclar vasitəsilə satılmaqla əmanətçilərin və digər kreditorların bankda batan vəsaitləri ödənilir. Bu proses isə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu və  Respublika Xammal və Əmtəə Birjası vasitəsilə həyata keçirilir.  Aprelin 10-da verilən xəbərə görə, sözügedən qurumlar ləğvetmə prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

Fonddan verilən məlumata görə,  20 lot üzrə əmlak II dəfə hərraca, 19 lot üzrə əmlak III dəfə, 2 lot üzrə isə əmlak isə IV dəfə hərraca çıxarılır. IV dəfə hərraca çıxarılan “Texnikabank”ın balansındakı bağ evinin və “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac aprelin 30-da keçiriləcək.

“Bank Standard”ın balansındakı 8 ədəd  müxtəlif xarici markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi III dəfə hərraca çıxarılıb. Bu əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

Bundan başqa,  bankların balansındakı bankomat, pulsayan, pulpresləyən aparatlar da hərraca çıxarılır.

Bəs görəsən, bu əmlakların satışı nə dərəcədə şəffaf keçirilir? Prosesə ictimai nəzarət varmı? Satılan əmlakdan əldə edilən vəsaitlər ilk növbədə hansı zərərçəkmişlərə ödənilir?

Əkrəm Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran bank sektoru üzrə ekspert , hüquqşünas Əkrəm Həsənov bildirdi ki, “Bank Standard” istisna olmaqla, hərraclarda digər bankların əmlakının satışına ictimai nəzarət yoxdur:“Müflis bankların əmlakının satılması təzəliklə Bakı Hərraclar Mərkəzi vasitəsilə həyata keçirilir. Buna da ”Bank Standard"ın kreditorları olaraq biz nail olmuşuq. Bundan öncə isə, müflis bankların əmlakları ləğvedici, o cümlədən Əmanətlərin Sığortalanması Fondu həyata keçirirdi. Biz yalnız “Bank Standard”ın əmlakının satılması üzrə hərraclarda iştirak edirik. Bu baxımdan digər bankların əmlakının satışının necə həyata keçirməsindən xəbərsizəm. Əmanətlərin Sığortalanması Fondu digər bankların Kreditorlar Komitəsinin yaradılmasından yayınır. Halbuki məhkəmələrin qərarı var ki, bütün banklar üzrə Kreditorlar Komitəsi olmalıdır  və onlar həm də bankların  əmlakının satılması prosesinə nəzarət etsinlər. Səbəb isə qeyri-şəffaflıqdır. Bizdə şübhələr var ki, hərraclar heç də ədalətli keçirilmir. Ən başlıca pozuntu isə odur ki, həmin hərraclarda marağı daha çox olan tərəflər, yəni kreditorlar iştirak etmirlər, Fond bunu təmin etmir. “Bank Standard”ın əmlakının satılması üzrə isə bir neçə  hərrac keçirilib və bizim hələlik elə bir iradımız yoxdur".

Hərraclar hesabına toplanan vəsaitdən bankın əmanətçilərinə və digər kreditorlarına nə qədər vəsaitin çatacağına gəlincə, ekspert bildirdi ki, böyük ehtimalla heç bir vəsait çatmayacaq: “Ən azından müflis olmuş iri banklara, ”Bank Standard" və “Texnika bank”da belə olacaq. Çünki bu banklarda zərər çox böyükdür. Burada əsas problem isə bizim qanunvericilikdədir. Qanun onu deyir ki, ilk növbədə toplanılan pulları Əmanətlərin Sığortalanması Fondu götürəcək və müflis bankın sığortalanmış əmanətlərinin kompensasiyası üzrə xərclədiyi vəsaiti geri qaytarmış olacaq. Bu isə faktiki olaraq Konstitusiyaya ziddir, mülkiyyət formalarının bərabərliyi prinsipini tapdalayır.  Belə çıxır ki, Fondun pulu kreditorların pulundan daha dəyərlidir, Fond gərək birinci götürsün. Məsələn, Fondun məlumatına görə, “Bank Standard”ın bütün daşınar və daşınmaz əmlakının dəyəri 40 milyon manatdır,  verdiyi kreditlərdən də təxminən 210 milyon manatı qayıdacaq. Yəni cəmi 250 milyon manat pulu olacaq. Ancaq bu bankla bağlı təkcə Əmanətlərin Sığortalanması Fondunun tələbi 440 milyon manatdır. Bu isə o deməkdir ki, həmin puldan əmanətçilərə heç nə çatmayacaq. Belə çıxır ki, bu gün Azərbaycanda faktiki olaraq əmanətlərin sığortalanması sistemi yoxdur, sadəcə, adı var. Sadəcə, digər kreditorların hesabına sığortalanmış əmanətləri kompensasiya edirlər. Bu baxımdan ən böyük problemi olanlar  “Bank Standard” və “Texnika bank”dır. Burada artıq aydındır ki, toplanan puldan kreditorlara heç nə verməyəcəklər".

Ə.Həsənov bu məsələdə Fonda deyil, vətəndaşlara birinciliyin tanınmasının hüquqi baxımdan daha doğru olduğunu qeyd etdi: “Mən bu məsələ ilə bağlı qanun layihəsi hazırlamışam və dövlət başçısına göndərmişik ki, qanuna dəyişiklik edilsin. Əmanətlərin Sığortalanması Fondu vəsaitlərin ödənilməsi ilə bağlı növbəlilikdə birinci yerdən çıxarılmalıdır və kreditorlar da onunla bərabər olunmalıdır. Əgər kiməsə güzəşt edilməlidirsə, birinci olmalıdırsa, bu, adi vətəndaşlar olmalıdır, Fond olmalı deyil. Digər banklarda da oxşar problemlər çoxdur. Harada ki, ictimai nəzarət yoxdur, orada problemin olması qaçılmazdır. Müflis banka nəzarət hüququ ilk növbədə həmin bankda pulu qalmış əmanətçilərdə  və digər kreditorlarda olmalıdır. Əgər bu şəxslər prosesə nəzarət etmirlərsə, Əmanətlərin Sığortalanması Fondu min cür oyundan çıxa bilər. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Mərkəməsinə ”Bank Standard"ın yeni ləğv planını verib. Orada xüsusi qeyd edilib ki, Kreditorlar Komitəsi bizim işimizə nəzarət etməli deyil, onlar yalnız məşvərətçi olmalıdır. Bunlar absurddur. Halbuki komitə təsis olunanda yazılmışdı ki, məqsədi nəzarət etməkdir. Fond, sadəcə, qeyri-şəffafdır və şəffaflıqdan yayınır. Halbuki bütün dünyada kreditorların ümumi yığıncağı keçirilir və Kreditorlar Komitəsi ilk növbədə ləğvedici üzərində nəzarətçi qurumdur. Çünki bu insanların həmin bankda pulları batıb. Ləğvedicinin funksiyası həmin pulların kreditorlara qaytarılmasıdır. Bizdə isə ləğvedici Əmanətlərin Sığortalanması Fondudur. Əgər Kreditorlar Fondun  işinə nəzarət etmirsə, onda hansı şəffaflıqdan söhbət gedə bilər. Təəssüf ki, Fond bu nəzarətə imkan vermir".