|
Mixail Xazin Fərhad Əhmədovun “Skripal işi” ilə bağlı mövqeyini müdafiə etdi

Məşhur rusiyalı iqtisadçı Mixail Xazin Londonla Moskva arasındakı münasibətlərin gərginləşməsinin səbəblərini öz Facebook səhifəsində şərh edən iri sahibkar və eks-senator Fərhad Əhmədovun mövqeyini müdafiə edir. Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri məlumat yayıb.

“Mən bu günlərdə müsahibələrimin birində “Skripal işi” mövzusuna toxunarkən bildirmişdim ki, Qərbin Rusiyaya qarşı görünməmiş təzyiqlərinin tamamilə izah olunan iqtisadi səbəbləri var, – deyə İqtisadi Tədqiqatlar Fondunun prezidenti Mixail Xazin “Qərb rusiyalı biznesmenlərə əsl üzünü göstərir” sərlövhəli məqaləsində yazır. – Bretton-Vud konfransında qəbul edilmiş modelin bütün imkan və resursları tükənib, yəni iqtisadiyyatı emissiya hesabına stimullaşdırmaq artıq heç bir effekt vermir. Bunu hamı, o cümlədən Britaniyada da hər kəs başa düşür ki, orta təbəqənin məhv olunması, xeyli sayda insanın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi qaçılmazdır və həmin insanlara bunun obyektiv səbəblərdən baş verdiyini izah etmək mümkün deyil”.

M.Xazinin qənaətinə görə, belə bir şəraitdə Tereza Mey hökuməti ölkə vətəndaşlarının diqqətini Breksit məsələsindən və cari problemlərdən yayındırmağa var qüvvəsi ilə çalışacaq. M.Xazin hesab edir ki, “Skripal işi” məhz bu cür “doğulub”.

“Mən bu xüsusi layihəni Hitlerin 1944-cü il Ardenn əks-hücumu ilə müqayisə edərdim. Eynilə həmin ümidsiz həyasızlıq, eynilə həmin avantürizm... Elə o qədər də miskin sonluq”, – deyə məşhur iqtisadçı yazır.

M.Xazinin sözlərinə görə, indiki vəziyyətdə Rusiyada çoxları açıq-aşkar qorxub gizləndi və ucadan etiraz etməyə cəsarət göstərmədi.

“Moskvada bu ittihamları dəf etməklə yalnız Sergey Lavrov, Mariya Zaxarova və bir neçə parlamentar məşğul olur. Onlar da bunu həmişə ardıcıl və ya inamlı şəkildə etmirlər. Amma əldən başqa nə gəlir?! “Pianoçunu güllələməyin, o, necə bacarırsa, elə də ifa edir”. Bu, mənim sözüm deyil, bu, rusiyalı sahibkar Fərhad Əhmədovun Facebook statusundan götürülmüş fikirdir”, – deyə iqtisadçı öz məqaləsində yazır.

“Bu biznesmen bir vaxtlar Sovet İttifaqından mühacirət etmək istəyirdi. Böyük ehtimalla belə düşünürdü ki, Temza sahilləri vicdanlı biznesmenlərdən, ümumiyyətlə isə istedadlı adamlardan ötrü əsl cənnətdir. Lakin orada Qərb reallıqları ilə qarşılaşdı, – deyə M.Xazin fikirlərini davam etdirərək yazır: – Sahibkar Əhmədov öz çıxışında belə təxmin edir ki, çoxları onun Britaniyaya qarşı mövqeyini keçmiş arvadının iddiası üzrə işi Kral Məhkəməsində uduzmasının nəticəsi saya bilər”.

Bununla belə M.Xazin əmindir ki, səbəb təkcə bu da deyil. “Sözügedən məhkəmə qərarı doğrudan da ədalətsizdir, – deyə M.Xazin Fərhad Əhmədovdan sitat gətirir: – Məsələ ondadır ki, ümumi işdən ayırılıb təcrid olunmuş bu epizod əslində mürəkkəb və kifayət qədər məkrli sxemin elementlərindən biridir. Rusiyaya və onun təmsilçilərinə, o cümlədən iri biznesin nümayəndələrinə qarşı məqsədyönlü şəkildə pressinqə rəvac verilib. Sadəcə sırf şəxsi motivli səbəbdən mən hədəfi hamıdan əvvəl vurdum”.

M.Xazinin sözlərinə görə, Böyük Britaniyadakı Rusiya biznesi həmişə xüsusi nəzarət altında olub və indi də belədir (xüsusilə də “Skripal işi” fonunda). Çoxdan bəri sirr deyil ki, bu biznesə çox vaxt həm də həmişə ikili standartlara əsaslanan münasibət bəslənib. Amerikalı, yaxud alman biznesmen Britaniya məhkəməsində işi udduğu və ya minimal itki ilə uduzduğu halda Rusiyadan olan sahibkarlar həmişə tərtəmiz uduzub. Belə ki, rusiyalı sahibkar o məhkəmədə tamamilə soyulub lüt qoyula bilər. Məsələn, Berezovski kimi. Bu acı təcrübə Əhmədovun Birləşmiş Krallığı ədalət məhkəməsinin Məkkəsi saymağa meyilli olan və Rusiyadan Temza sahillərinə qaçmağa hazır dayanan bir çox sahibkar həmkarlarını ayıltmağa kömək edə bilər”.

M.Xazin qeyd edir ki, Əhmədov müasir Rusiyanı ideallaşdırmağa meyilli deyil: “Hüquq-mühafizə orqanlarının əsassız təzyiqlərinin davam etdiyi, mülkiyyətə və sərmayələrə heç bir zəmanətin olmadığı şəraitdə nə offşorların axırına çıxmaq mümkün olmayacaq, nə də xaricdən uzunmüddətli kapital axınını gözləməyə dəyməz”.

Amma Əhmədovun da təsdiq etdiyi kimi, Britaniyada da həyat yağ-bal deyil. “Britaniyada mülkiyyətin və şəxsiyyətin qanun əsasında müdafiəsi, söz azadlığı var, lakin hamısı formal şəkildə. Faktiki olaraq isə bu hüquqlar yalnız özlərininki üçün, bir də hakim siyasi və ideoloji xətlə razı olan insanlar üçün var. Bütün bunlar sizə bəyəm heç nə demir? “Hər şey dostlar üçündür, qalanlar üçünsə qanunlar var” (Benito Mussolini). Pullarınızı əlinizdən ala bilərlər, sizi mülkiyyətinizdən məhrum edə bilərlər, “meynstrim”in çərçivəsindən kənara çıxan mövqeyinizi işıqlandırmağa icazə verməzlər. Bu informasiya blokadasını yarıb səddi aşmağa hər halda nail olub, məsələn, sosial şəbəkələr vasitəsilə fikrini bildirəndə də sənin dediklərinə ya məhəl qoymayacaqlar, ya da “qeyri-adekvat mövqe” kimi diffamasiyaya məruz qalacaqsan”.

M.Xazin belə bir məqama da diqqət çəkir ki, Rusiya işgüzar elitasının Rusiya ilə Qərb arasındakı konfliktin dərinləşməsindən mütəəssir olan bəlli hissəsinin London və Nyu-York reyslərinə bilet sifariş verməyə hazır olduğu bir məqamda Fərhad Əhmədov öz oğullarının Rusiyada və dost Azərbaycanda qalıb yaşamağa və işləməyə qərar verdiyini bəyan edir: “O, ingilis xalqına qətiyyən qəzəblənməyib. Hesab edir ki, bütövlükdə götürəndə ingilislər obyektiv və mühafizəkar xalqdır və öz hökumətlərinin Rusiyaya qarşı irəli sürdüyü ittihamlara kor-koranə inanmağa meyilli deyillər. Mən onun bu məsələdəki nisbi optimizmini bölüşmürəm. Qərbin liberal təbliğat maşını əhalinin şüurunu həddən artıq uzun müddət ərzində və güclü şəkildə müəyyən formaya salıb. Əhali əksər hallarda, ən azı Böyük Britaniya əhalisinin çoxu həm öz hökumətinə, həm də onun təbliğatına etimad göstərir”, – deyə M.Xazin sahibkar F.Əhmədovun fikirləri ilə razılaşmadığını vurğulayır.

M.Xazin F.Əhmədovla bu məsələdə razılaşır ki, indiki vəziyyətdə yerli biznesi mahiyyət etibarilə seçim qarşısında qoyublar: “Ağır vəziyyət yaranıb, xüsusilə də rusiyalı sahibkarlardan ötrü, – deyə iqtisadçı məşhur biznesmendən sitat gətirir. – Vətəndə çoxları belə hesab edir ki, onların kapitalı “xalqdan oğurlanıb”, Qərbdə isə əmindirlər ki, bütün bunlar “Kremlin çirkli pullarıdır”. Bir çox adamlar, o cümlədən biznes üzrə həmkarlarım özü o qədər də asan, sonu isə aydın olmayan belə bir vəziyyətdə gözləməyə və kölgəyə çəkilməyə üstünlük verərdi. Amma mən “hasarın üstündə sakitcə və əsə-əsə oturub gözləmək” fikrində deyiləm”.

M.Xazinin öz məqaləsində yazdığı kimi, Əhmədov Britaniya əleyhinə demarşın onun Qərbə geri çəkilmək üçün yolunu kəsə biləcəyini və onu zəiflədəcəyini yaxşı başa düşür ki, bu da çoxmilyonlu sərvətə malik olan biznesmeni Rusiya reallıqlarında nəticələri əvvəlcədən bilinməyən gerçəkliklərlə üz-üzə qoya bilər.

“Bununla belə, o, səngərdən çıxdı, bununla da eyni zamanda həm kürəyini, həm də sinəsini zərbə altında qoydu, – deyə iqtisadçı qeyd edir. – Məncə, Böyük Britaniyanın indiki hərəkətlərinə münasibətdə öz mövqeyini dəqiq müəyyən edən belə sahibkarların sayı getdikcə artacaq”.

“Sənin ölkəni dəlil-sübutsuz ittiham edirlərsə, şüurlu vətəndaşın borcu vətənini dəstəkləməkdir. Bizi aşağılamaq cəhdləri mənasızdır”, – deyə M.Xazin sahibkardan sitat gətirir və əlavə edir: “Mən Əhmədovun məhz bu mövqeyi ilə tam həmrəy və razıyam”.

“Nezavisimaya qazeta”