|
Namizədlər üçün sonuncu gün

11 aprel prezident seçkisi ilə əlaqədar namizədlərin təşviqat kampaniyası aprelin 10-da saat 8.00-da başa çatacaq. Aprelin 10-u “sükut günü”dür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Namizədlərin təşviqat üçün son günü 9 apreldir.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, seçicilərlə görüşlərinə Sumqayıtdan başlayıb, Bakının bir neçə rayonlarında və bölgələrdə seçicilərlə görüşləri olub. Məhəllə görüşlərinin sayı isə daha çoxdur: “Təşviqat kampaniyamız pis keçməyib. Seçki platformamızı çap edib Azərbaycanın hər yerində yaymışıq, bütün seçki məntəqələrinin ərazilərində seçki plakatlarımızı yerləşdirmişik. Başqa namizədlərdən sonra biz xüsusi təşviqat avtomobili ilə təbliğatımızı aparırıq. Həmin avtomobilin üzərində şüarlarımız, portretlərimiz yerləşdirilib və bölgələri gəzir. Televiziyadakı və radiodakı debatlarda da təşviqatlmızı çıxışlarımızla vaxt az olsa da apardıq. Media orqanlarında da iş apardıq. Əlbəttə, arzuladığımız səviyyədə olmasa da bacardığımız səviyyədə təşviqat işini qurduq”.  

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP-nin prezidentliyə namizədi Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkənin əksər rayon və şəhərlərində seçicilərlə görüşlər keçirib. Bölgələrdə sonuncu görüş aprelin 8-də Lənkəranda keçirilən görüş olub:“Seçki təşviqatı boyunca keçirdiyimiz görüşlərdə vətəndaşlarla çox ciddi təmaslar yarada bildik. İnsanların ölkəmizin problemlərinə diqqətini cəlb edə, seçkiyə maraqlarını dəyişdirə bildik. Açığını deyim ki, apardığımız təşviqat nəticəsində camaatda seçkiyə maraq yaranıb. Bölgələrdə görüşlərimiz aprelin 8-də yekunlaşdı. İmkan yaradılsa aprelin 9-da Azərbaycan Tibb Universitetinin müəllim, professor, tələbə heyəti ilə görüşmək istəyirəm. Görüşlərlə yanaşı təşviqat prosesində ev-ev gəzmişik, təşviqat materiallarımızın hamısı ölkə boyunca paylanıb. Ev-ev kampaniyasını davam etdiririk. Çox geniş rəy sorğuları keçirmişik, gözlədiyimizdən də yaxşı nəticələr var. Hər halda ümid edirəm ki, seçkiyə qatılmağımız dövlətimiz və xalqımızın maraqlarına xidmət etdi. Təəssüf edirəm ki, digər müxalifət liderləri bu seçkilərdə iştirak etmədilər. Çünki artıq boykot məsələsi kölgədə qalmış sayılır, heç kəsi boykot maraqlandırmır. Vətəndaşlar problemlərin ən azı nədən qaynaqlandığını bilmək, həlli yollarını, nə etmək lazım olduğunu bilməkdə maraqlı görünürlər. İnsanlar etiraz mitinqlərinə qatılmaqdan qorxurlar, amma seçki ilə bağlı keçirilən görüşlərə qatılmaqda həvəsli görünürlər. Mən elə seçki kampaniyası tətbiq elədim ki, vətəndaşları qorxutmayan, eyni zamanda insanları siyasi proseslərə cəlb edə bilən kampaniyadır. Bu texnologiya özünü doğrultdu. Seçkiyə müdaxilə olmasa, əsas seçki mübarizəsi hakimiyyətin namizədi ilə mənim aramda gedəcək, hətta ikinci tur ola bilər. Amma bilirsiniz ki, ola bilər bizim keçirdiyimiz sorğuların nəticələri seçkiyə yansımasın. Hər bir halda bizim rəy sorğularımız göstərir ki, nəticələrimiz yüksək olacaq”.

“Cəbhəçilərin təşəbbüs qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev apardığı seçki kampaniyasından çox razıdır: “Bir saat belə dayanmadan komanda olaraq çalışdıq, əlimizdən gələni etdik və bu gün də Azərbaycan reallığı üçün siyasətdə mümkün olanı həyata keçirməyə çalışırıq. Bir gün də olsun vaxtı biz seçicilərlə görüşsüz keçirmədik. Hər gün ölkəmizin bir regionunda olduq. Bir neçə dəfə də Bakıda görüşlər keçirdik. Biz hətta gözləntimizin üstündə olan işləri həyata keçirdik. Ən dinamik və uğurlu seçki kampaniyası bizim tərəfimizdən aparıldı. Biz bunu etdik. 11 apreldə inşallah xalqın iradəsi bir nəfəri prezident edəcək. Mən istərdim ki, o mən olum. Olmasam da mən qalibiyyətə bənzər məğlubiyyət istərdim. Əgər ikinci olaramsa demək seçilən prezidentlə də öz proqramlarımı həyata keçirmək üçün danışıqlar  apara bilərəm”.  

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə dünən başa çatıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına verilməlidir. Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da dünən başa çatıb.