2017-ci il dünya iqtisadiyyatı üçün gərgin bir il kimi yadda qaldı. Xüsusən də ilin sonuna doğru beynəlxalq səviyyədə siyasi gərginliyin artması, münaqişə ocaqlarının yaranması iqtisadiyyata da təsirsiz ötüşmədi. Dünya birjaları həm enerji bazarı, həm də maliyyə bazarında gərgin anlar yaşadı.
Bu il də böyük dövlətlər üçün siyasi baxımdan ciddi qalmaqallarla başladı. Dünya gücləri arasında soyuq müharibə havası əsməkdədir. Bəs görəsən, bütün bunlar dünyanın əsas aparıcı valyutalarına və strateji məhsul olan neftin qiymətlərinə necə təsir göstərəcək?
“Yeni Müsavat”a açıqlamasında 2018-ci il üzrə iqtisadi proqnozları dəyərləndirən iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, Donald Trampın xarici siyasəti və iqtisadi qərarları nəticəsində dolların dəyərdən düşməsi qaçılmaz olacaq:“Birmənalı olaraq deyə bilərik ki, 2017-ci il ABŞ dolları üçün çətin dövr oldu. Dollar Britaniya funtuna nəzərən 9%, avroya nəzərən isə 13% dəyər itirdi. Maraqlısı odur ki, bütün bunların FED (Federal Reserve System) tərəfindən uçot dərəcələrinin üç dəfə artırılmasına baxmayaraq baş verməsidir. ABŞ 2017-ci ilə böyük ümidlərlə girdi. Belə ki, Konqres tərəfindən vergi dərəcələrinin azaldılması və dövlət tənzimləmələrinin zəiflədilməsi kimi iqtisadiyyatın artımı yönündə yeni imkanlar gətirildi. Ancaq prezident Donald Trampın siyasi proqramının reallaşdırılması zamanı periodik olaraq çətinliklərlə üzləşməsi optimizmin azalmasına gətirib çıxardı və dolayısıyla dolların dəyər itirməsi heç də sürpriz olmadı”.

Neftin qiymətinə gəlincə, V. Əhmədova vurğuladı ki, qara qızılın qiymətində müsbət dinamika davam edəcək: “ABŞ Enerji İnformasiya İdarəsi tərəfindən, ABŞ-ın kommersiya xam neft ehtiyatlarının azalması yönündə xəbərlərin yayılması investorlar tərəfindən müsbət qarşılandı. Hətta ”Brent" markalı neftin barelinin qiyməti ilin əvvəlində 70 dollaradək yüksəldi. 2018-ci ildə dünyada neftə tələbatın artacağı üçün neftin qiymətinin hələ bir müddət müsbət dinamikada qalacağını söyləyə bilərik. Bildiyiniz kimi, OPEK və neft ixrac edən digər ölkələr 2016-cı ilin sonunda neft hasilatının azaldılması yönündə razılıq əldə etdilər. Razılığın şərtlərinə müvafiq olaraq neft hasilatının gündə 1,8 milyon barel azaldılacağı nəzərdə tutulmuşdu. OPEK tərəfindən neft hasilatının azaldılması, ABŞ-da havaların soyuq və şaxtalı keçməsi, ilin əvvəlində İranda yaşanan iğtişaşlar dolayısıyla neftə tələbatı artırdı. İran neft hasilatının həcminə görə OPEK-də üçüncü yeri tutur və dünya neft ehtiyatlarının 10%-i burada yerləşir. İnvestorların bu ölkədən neft tədarükündə fasilələrin yaranacağı ilə bağlı bəzi qorxuları da neftin qiymətinə müsbət təsir göstərir. Qısamüddətli perspektivdə neftin qiymətində müsbət dinamikanın üstünlük təşkil edəcəyi gözlənilir. Bundan sonra da “Brent” markalı neftin barelinin qiyməti 80 dollaradək yüksələ bilər. Neftin qiymətində cari artımlar qeydə alınsa da, orta müddətdə qiymətlərdə təkrar enmə baş verəcək. Çünki yüksək qiymətlər ABŞ şist neft istehsalçılarını hasilatı artırmağa sövq edəcək və bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Nəticədə “Brent” markalı neftin barelinin qiyməti qısamüddətli yüksəlişin ardından 60 dollaradək enəcək".
İqtisadçının fikrincə, 2017-ci ildə baş verən iqtisadi artım bu il inflyasiyanın artması ilə nəticələnə bilər: “Bildiyiniz kimi, 2017-ci il geosiyasi vəziyyət baxımından da əhəmiyyətli dərəcədə riskli il idi. Koreya yarımadasında (Şimali Koreya) ballistik raketlərin sınaqdan keçirilməsi, Böyük Britaniyanın AB tərkibindən çıxması məsələsi, Kataloniyanın müstəqilliyə, avroseptiklərin isə hakimiyyətə can atması və s. bu kimi hadisələrin fonunda dünya birjalarında sürətli artım qeydə alındı. 2018-ci ildə cari pul-kredit siyasətinin mənfi aspektləri özünü büruzə verəcək. Əsasən böyük qərb ölkələrinin əmək bazarlarında vəziyyət çətinləşir, inflyasiya təzyiqi artır. İnflyasiya tempinin sürətlənməsi və mərkəzi bankların öz siyasətlərini normallaşdırmaları fonunda ciddi valyuta hərəkətlərini gözləyə bilərik”.
V.Əhmədova 2018-ci ildə avronu da çətin sınaqlar gözlədiyini diqqətə çatdırdı: “2018-ci ilin əsas hərəkətverici qüvvəsi isə AB-də siyasi vəziyyətin dəyişməsidir. Almaniya kansleri Angela Merkel siyasi böhranla qarşı-qarşıyadır, ”Brexit" üzrə danışıqlar çıxılmaz nöqtəyə dirənib, Kataloniyada müstəqillik çıxışları edirlər, Vişeqrad qrupu ciddi miqrasiya siyasətinin yürüdülməsini tələb edir. Ən əsası isə İtaliyada keçiriləcək may seçkiləri olacaq ki, bu, Avropa bank sektorunda yeni bir böhran dövrünə keçidə səbəb ola bilər. Hazırda avro 20-30% dəyər qazanmış durumdadır. Ancaq qeyd etdiklərim Avropa bölgəsindən kapital axını ilə nəticələnə bilər. Kapitalın daha çox qızıl, kriptovalyutalar və ABŞ şirkətlərinin səhmləri kimi likvid aktivlərə yönləndiriləcəyi gözlənilir. Dolayısıyla qızıl, gümüş və kriptovalyutaların dəyərində artım qeydə alınacaq. Avropa Mərkəzi Bankının (ECB) rəhbərliyi isə faiz dərəcələrinin hələ uzun müddət dəyişdirilməyəcəyini, maliyyə siyasətinin 2019-cu ildən tez sərtləşdirilməyəcəyini elan edir. Britaniya Bankı 3,1% səviyyəsinədək qalxan inflyasiyanı baza səviyyəsinə endirmək üçün daha öncə uçot dərəcələrini artırma qərarı almışdı. Hazırkı vəziyyətdə, Britaniya Bankının 2018-ci ilin sonunadək uçot dərəcələrini təkrar artıracağı gözlənilmir".
Manata gəlincə, iqtisadçı vurğuladı ki, dünya bazarında neftin qiymətinin stabil olması milli valyutamızı da saxlamağa imkan verəcək: “Azərbaycanda neft hasilatının gündə 0,7-0,8 milyon barel olmaqla, 2040-cı ilədək stabil saxlanılacağı deyilir. Hasilat stabil saxlanılacaqsa, az əvvəl də qeyd etdiyim kimi, bölgədəki geosiyasi vəziyyət və daha çox dünya bazarındakı neftin qiyməti baxımından 2018-ci il üçün manatın məzənnəsinin cüzi dəyişiklikləri nəzərə almazsaq, stabil qalacağını söyləyə bilərik”.
