|
Banklar yenidən kredit verməyə başlayıb -

Son iki ildə banklar kredit verilməsini demək olar ki, dayandırmışdılar. Əksər banklar ümumiyyətlə kredit verməkdən imtina etmişdi, azsaylı banklar isə şərtləri o qədər ağırlaşdırmışdılar ki, bu da imtinaya bərabər bir addım idi.

Səbəb isə manatın iki kəskin devalvasiyasından sonra əhalinin maddi vəziyyətinin pisləşməsi və  kredit borclarını ödəyə bilməmələri nəticəsində problemli kreditlərin həcminin kəskin artması idi. Xüsusən də, manatın devalvasiyasına yaxın bir neçə ay ərzində vətəndaşlara kreditlər dollarla verildiyindən, devalvasiya nəticəsində borclar iki dəfə artdı və ödənilməsi mümkünsüz hala gəldi. Bu isə bankların toksik aktivlərinin artmasına səbəb oldu.

Bunun ardından Maliyyə Bazarlarına Nəzarət Palatası kredit şərtlərini yetərincə ağırlaşdıran qərarlar verdi. Nəticədə əhalinin əksər hissəsi kredit əlçatanlığını itirmiş oldu.

Maliyyə Bazarlarına Nəzarət Palatası ile ilgili görsel sonucu

Lakin banklar kredit verilməsini dayandırmaqla paralel olaraq, gəlirlərinin böyük bir qismindən də məhrum oldular. Çünki əsas gəlirləri məhz aşağı faizlə əmanətlər götürüb onu yüksək faizlə əhaliyə kredit vermək hesabına qazanılırdı. Bir müddət dollara olan yüksək tələbatdan və valyutadəyişmə məntəqələrinin bağlanması nəticəsində valyuta alqı-satqısı ilə bağlı banklara artan tələbdən yararlanmağa çalışdılar. 4 faizlik marjanın ləğvi da bunun üçün əlavə imkanlar yaratdı. Lakin son 1 il müddətində manatın məzənnəsinin sabit qalması ilə dollara olan kəskin tələbat azalmış oldu və banklar bu gəlir yolunu da qismən itirmiş oldular.

Bu səbəbdən cari ilin əvvəlindən başlayaraq yenidən bankların kredit  təklifi ilə bağlı xəbər və reklamları artmaqdadır. Hətta bayramlar ərəfəsində bununla bağlı müxtəlif kompaniyalar keçirən banklar da var. Bəziləri faiz dərəcələrində müəyyən güzəştlər etməyi, bəzilər kommission haqlarını bağışlamağı vəd edir. Hətta vaxtaşırı olaraq hər kəsin mobil telefonuna bu cür mesajlar da göndərilir. Lakin əhali banklara olan inamı bir dəfə itirdiyindən kredit götürməyə də ehtiyat edir. Hazırda hər kəsi düşündürən əsas sual odur ki, banklar kreditləşməni yenidən bərpa etsələr, əvvəlki illərdə yol verdikləri səhvləri, xüsusən də yüksək faizlərin tətbiqini yenidən təkrarlayacaqlarmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, fiziki və hüquqi şəxslərdən sərbəst vəsaitləri cəlb edib, ehtiyacı olanlara yönləndirmək bankın fəaliyyətinin ana xəttini təşkil edir: “Bank digər xidmətlər göstərmək yolu ilə də vəsaitlər qazana bilir. Lakin onun əldə etdiyi mənfəət əsasən verdiyi kreditlər hesabına formalaşır. Əgər bank kredit vermirsə və ya verdiyi kreditləri geri ala bilmirsə, bu halda o müflis olmalıdır. Bu acı təcrübəni artıq bir neçə ildir ki, Azərbaycan bank sistemi yaşayırlar. Ötən iki il ərzində ondan artıq bank bağlanmış və yəqin ki, bir o qədər də bank bu yolu cari ilin sonuna qədər keçməli olacaq.   Bank sistemində yaranmış belə acınacaqlı durumun kökündə onların illərlə apardıqları yanlış kredit siyasəti dayanırdı. Dəfələrlə etdiyimiz çağırışlara baxmayaraq banklar normal biznes layihələrə sərfəli şərtlərlə uzunmüddətli kreditlər vermək əvəzinə, çox yüksək faizlə qısamüddətli istehlak kreditləri vermək kimi yanlış vərdişlərdən əl çəkə bilmədilər. Ən pisi isə bu idi ki, ehtiyacı olan vətəndaşları bu kreditləri əsasən xarici valyutada götürməyə məcbur edirdilər. Bu qayda ilə uzun müddət fəaliyyət etmək mümkün deyildi. 2015-ci ildə manatın iki kəskin devalvasiyasından sonra bu yanlış siyasətin acı nəticələri üzə çıxdı”.

Fikrət Yusifov ile ilgili görsel sonucu

F.Yusifovun sözlərinə görə, banklar yanlış kredit siyasəti ilə ölkə iqtisadiyyatına çox böyük zərbə vurdular: “İş o yerə gəlib çatdı ki, ölkə başçısı müşavirələrin birində ”bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar" dedi. Beynəlxalq Bankın uğursuz kredit siyasəti və onun acı nəticələri bütün bank sisteminə böyük bir problem yaşatdı. Bankların son aylarda kredit siyasətini bir qədər dəyişməsi barədə gəzən məlumatlar onların nəhayət ki, doğru yola qədəm qoymaq istəklərindən xəbər verir. Rəsmi statistikada hələlik bu addımların yaratdığı pozitiv nəticələr qeydə alınmasa da gələn məlumatlar onu deməyə əsas verir ki, banklar nəhayət ki, üzlərini real iqtisadiyyata və onun əsasını təşkil edən biznesə tutmağın vacibliyini dərk edə bildilər".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə sputnik.az-a açıqlamasında bildirib ki, banklar əsasən sadə vətəndaşlara kredit verməkdə maraqlı olacaqlar: “Bankların kredit verməyə başlamasının əsas səbəbi Mərkəzi Bankın digər banklara güzəştli kredit verməyə başlamasıdır. Təbii ki, əhaliyə kredit verilməməsi çox davam edə bilməzdi. Nəhayət, Mərkəzi Bank güzəştli şərtlərlə banklara kredit verməyə başlayıb. Banklar da aldıqları güzəştli krediti vətəndaşlara verərək, əlavə gəlir əldə etməyə çalışırlar. Digər səbəb isə bankların bu müddət ərzində əmanətlərini artırmasıdır. Ötən ilin sonunda banklara qoyulan əmanətlər bir qədər də artıb. Bu da manatın məzənnəsinin son bir il ərzində sabitliyi ilə əlaqədardır. Həm əmanətlər, həm də Mərkəzi Bank tərəfindən banklara ayrılan pul çoxaldığı üçün banklar  həmin pulları vətəndaşlara kredit verib, gəlir əldə etmək istəyirlər. Ancaq bu gün sahibkarların çoxunun işlərində zəiflik müşahidə olunduğu üçün banklar əsas krediti adi vətəndaşlara verməyə başlayacaqlar. Təbii ki, kredit hər kəsə yox, ancaq şərtlərə uyğun olan insanlara veriləcək”.