|
Cümhuriyyətin 100 illiyinə dair görülən işlər...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə  iki aydan da az vaxt qalıb. Artıq ölkə daxilində və eləcə də xarici ölkələrdə cümhuriyyətimizin yaranmasının 100 illiyi münasibətilə tədbirlər keçirilir, həmin dövrdə görülən işlər haqqında təbliğat xarakterli məlumatlar paylaşılır. Ötən ilin may ayında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzaladı. Həmin sərəncamda qeyd olunurdu:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin".

Eyni zamanda Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli film çəkir.

Prezidentin sərəncamına uyğun olaraq yuxarıda da qeyd etdiyimiz kimi, müxtəlif qurum və təşkilatlar tədbirlər keçirməkdə davam edirlər.

Bəs ümumilikdə bu yubiley necə qeyd olunmalıdır?

Dilavər Əzimli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan tarixçi Dilavər Əzimli bildirib ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı prezidentin sərəncamını çox yüksək qiymətləndirir:

“Bu sərəncamı ən çox dəstəkləyən insanlardan biri də mənəm. Tədbirlərin necə keçirilməsi məsələsinə gəlincə isə bunlar da məni qane edir. Bu gün də Fəlsəfə İnstitutunda cümhuriyyət dövrünün tədqiqatçısı  Faiq Ələkbərlinin elmi konfransı oldu. Eyni zamanda müxtəlif yerlərdə də tədbirlər keçirilir. Ümumən düşünürəm ki, çox işlər görülməlidir. Yaxşı olaraq ki, ”Cümhuriyyət parkı" yaradılsın. Burada Nuru, Ənvər paşaların da heykəlləri qoyulmalıdır. Bunun üçün planlı şəkildə işlər görmək lazımdır. Düşünürəm ki, artıq bu işlərin başlanğıcı qoyulub. Əminəm ki, bir gün biz o parkı da görəcəyik və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının orada heykəlləri olacaq. Bunu deməyimin əsası var. Çünki Azərbaycan Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik cümhuriyyətdir. Bundan əlavə, 1918-ci ildə qurulan cümhuriyyətimiz özünün qəbul etdiyi qərarlara görə, o zaman dünya dövlətləri olan ABŞ, İngiltərə, Fransadan da demokratik ölkə olub. Hələ ABŞ-da həmin ərəfədə seçki hüququ verilmədiyi halda, Azərbaycan Xalq Cümhuriyyətində bu hüquq qadınlara tanınmışdı. Parlamentin tərkibinə baxın və görün ki, orada müxtəlif xalqlardan nə qədər nümayəndə var. Bu, tolerantlığın göstəricisidir. Bütün bunlara görə cümhuriyyət bizim üçün bayraqdır. Azərbaycan bayrağı da bunu birbaşa ifadə edir. Hesab edirəm ki, bu istiqamətdə çox işlər görüləcək".

Tarixçi bildirib ki, xarici ölkələrdə cümhuriyyətlə bağlı keçirilən tədbirlərin faydası böyükdür: “Bu tədbirləri keçirmək vacibdir. Tədbirlərin keçirilməsi ictimaiyyət arasında cümhuriyyətimizin tanınmasına səbəb olur. İndiki dövr texnologiya dövrüdür. Maksimum şəkildə bundan yararlanmalıyıq. O zaman mövcud olmuş belə bir demokratik cümhuriyyət haqqında həmin ölkə vətəndaşlarının çoxunun xəbəri olmaya bilər. Qardaş Türkiyədə də tədbirlər keçirilir. Bir millət, iki dövlət prinsipi ilə yanaşsaq, bu, həm də elə onların cümhuriyyətidir. Əminəm ki, Türkiyədə belə tədbirlərin keçirilməsi çox önəmlidir. İndiki Azərbaycan Respublikası, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Hətta deyim ki, Azərbaycan Respublikası sovet dövründə də cümhuriyyətin hesabına yaranıb. Cümhuriyyət olmasaydı, SSRİ tərkibində Azərbaycan Respublikası ola bilməzdi. 1940-cı ilə qədər elə indiki bayrağımız, atributumuz işlənirdi.  İkinci dəfə müstəqil olanda da elan etdik ki,  biz cümhuriyyətin varisiyik. Cümhuriyyətin varisi kimi də onun atributlarını bərpa etdik. Hesab edirəm ki, daha da güclənəndən sonra gələcəkdə Azərbaycan parlamentli ölkəyə çevriləcək. Çünki cümhuriyyətin varisi gərək onun bütün atributlarını bərpa edə. İndiki halda bu, mümkün deyil. Ən azından ona görə ki, biz ərazi bütövlüyümüzü təmin etməliyik. Ondan əlavə, bizim bütöv Azərbaycan ideyamıza da var ki, bunlara nail olandan sonra bütövlükdə Azərbaycan Cümhuriyyətin o atributunu da bərpa edər”.