|
“Bu söyüşcül dəstə gündə bir şəhərdədir, Avropada bu qədər pulu hardan alırlar?”

Bu günlərdə Almaniyanın Köln şəhərində keçirilimiş “31 Mart - Azərbaycanlıların Soyqırımı günü” ilə bağlı keçirilən tədbir ətrafında internet mediasında ciddi müzakirələr gedir.

Tədbirin təşkilatçısı, Milli Məclisin üzvü Adil Əliyev bununla bağlı musavat.com-un suallarını cavablandırıb:

- Adil bəy, əvvəlcə bundan başlayaq ki, Köln aksiyası hansı zərurətdən irəli gəldi? Açığı, bir az da utancverici mənzərəydi ki, alman polisi hər iki tərəfdə azərbaycanlıların olduğu qarşı tərəflərin arasında sipər çəkib asayişi təmin etməyə, qarşıdurma olmamasına çalışırdı. Bu, həm də düşməni sevindirən bir mənzərə idi. Belə durumda Avropada belə bir tədbiri keçirməyə ehtiyac var idimi?

- Əvvəla, deyim ki, Köln səfərindən öncə bu söyüşcül həmyerlilərimizin fikirlərinə dərhal reaksiya vermişəm. Demişəm ki, Avropada söyüşsüz, təhqirsiz mübarizə aparmaq istəyənlər varsa, buyursunlar meydana, sivil, demokratik formada mübarizə aparsınlar. Bundan sonra onlar mənə qarşı geniş kampaniyalara, məni söyməyə, təhqir etməyə başladılar və həmin kampaniya bu gün də davam edir. Təbii ki, bu kapmaniyalar tək mənə qarşı deyil. Milli Məclisin bütün üzvlərini təhqir edirlər. Dövlətimizin rəhbərindən tutmuş, bütün məmurları təhqir edirlər. Ona görə də bu, beş-üç gədədən ibarət dəstənin dövlət rəhbərliyinə, xalqımızın seçdiyi, etimad göstərdiyi insanlara qarşı bu cür davranışlarını təbii ki, mən həzm edə bilmirəm. Mən bunu özümə də təhqir sayıram. Əgər mənim dövlətim, xalqım təhqir olunursa, demək eyni zamanda mən təhqir olunuram. Ona görə də mən mütəmadi şəkildə bunlarla bağlı kəskin fikirlərimi bildirmişəm. Nə qədər ki, bunlar davam edirlər, mən bundan sonra da kəskin fikirlərimi söyləyəcəyəm, addımlarımı atacağam. Mən müstəqil millət vəkiliyəm və mənim də özümü, millətimi, dövlətimi, seçicilərimi müdafiə etməyə səlahiyyətlərim var. Köln səfərinə gəldikdə, sizə bir məsələni demək istəyirəm. Məmurlarımızdan biri ilə öz aramızda danışdıq ki, biz Almaniyada bir tədbir keçirək. Sonra nədənsə həmin məmurumuz bu tədbiri keçirməkdən boyun qaçırtdı. Sadəcə mən də ordakı dostlarımı Soyqırım və Cümhuriyyət ili ilə bağlı tədbirə dəvət etmişdim deyə, başqaları kimi sözümdən qaçmadım. Ona görə də məcburiyyət qarşısında qalıb, söz verdiyim kimi tədbirin keçirilməsinə qərar verdim.   

- Həmin məmur tədbirin Kölndə keçirilməsini təklif etmişdi?

- Ümumiyyətlə, Avropada yaşayan həmyerlilərimiz, Azərbaycan sevdalıları, Azərbaycan dövlətini sevənlərlə silsilə tədbirlərin keçirilir. Bizim Almaniyanın istənilən şəhərində istənilən tədbiri keçirmək gücümüz, imkanımız var. Orda həddindən çox Azərbaycanı sevən insanlar var.

- Həmin məmur niyə sözündən geri çəkildi ki?

- Bilmirəm niyə çəkildi, getmək istəmədi. Sonra mən araşdırıb bu işin axırına çıxacağam. Bəzi məsələləri də desəm, biləcəksiniz söhbət kimdən gedir. Ona görə də istəmirəm, bu mövzuda danışım. Hələlik bu mövzunun üstündən səthi şəkildə keçmək istəyirəm.  

- Facebook statusunuzda yazmışdınız ki, toplantının keçirildiyi otelin zalına gəldikdə 3 saat üçün 1400 avro pul ödənilib. Amma iddialar var ki, siz bu tədbirə 80 min avro xərcləmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Tam səmimi deyirəm. Mənim bu tədbirə xərcim çox çıxmadı. Bir dənə Bakıdan apardığımı şəkərbura-paxlavaları çıxmaq şərtilə... Biletimi də dostlarımız aldılar, orda da xərcləri dostlarımız qarşıladılar. Heç bir böyük məsrəf olmayıb. Statusumda yalanları ifşa etsəm də, yenə eyni iftiranı yazırlar. Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin “ekonom klass” hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib. Özü də oteli azərbaycanlılar işlətdiyi üçün biz iki-üç gün ərzində orda yedik, içdik, ev şəraitində olduq, yüksək səviyyədə xidmət etdilər. Onlara da öz minnətdarlığımı bildirirəm ki, Azərbaycan adını eşidən kimi bizə yüksək səviyyədə xidmət elədilər. Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar. Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız?

- Orada qarşı tərəfdə də Azərbaycan bayrağını qaldırmış adamlar var idi ki, “Qarabağ”, “Azərbaycan” qışqırır, erməni əleyhinə şüarlar səsləndirirdilər. Şəxsən siz çıxıb onlarla görüşmək istədinizmi?  

- Mən 10-15 gün əvvəl elan vermişdim ki, tədbirimiz 31 mart saat 15.00-da başlayacaq. Tədbirimiz 15.00-da başladı. 15.30-da bayırdan balaban səsi eşitdik. Biz o saat nə baş verdiyini bildik. Çünki məlumat almışdıq. Yerli polislər otelə müraciət etmişdlər ki, bəs, burada sizin tədbiriniz var, eyni zamanda 15 gün bundan qabaq kimlərsə otelin qabağında aksiya keçirmək üçün müraciət ediblər. Aydın məsələ idi ki, bu insanlarin niyyəti tədbirə qatılmaq yox, tədbiri pozmaq, neqativ fikirlər söyləməkdir. Söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar. Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırır, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, təhqiramiz şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplantıya gələnlərin təhqirlərinə kəskin reaksiya veriləcək. Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub. Çünki bunlar çəkdikləri videoları hesabat şəklində aparıb sahiblərinin qarşısında qoyurlar, öz pullarını alırlar, dolanırlar. Mən belə addım atacaqlarını gözləsəm də, onlarla söhbətləşmək istəyirdim. Amma polis olduğu halda, mən onlarla necə söhbət edəydim?

- Belə iddialar səsləndi ki, Adil Əliyev idmançı dəstəsi ilə Avropaya, söyüş söyənlərlə haqq-hesab çəkməyə gedib. Sizin kimlərinsə “dərsini vermək” niyyətiniz olubmu?

- Yox, mən kiminlə haqq-hesab çəkməliyəm? 3 dənə vətənini satanla, qanı, kökü bəlli olmayan insanla? Mən ictimai adamam, tanımadığım adamlarla necə haqq-hesab çəkim ki? Özü də Azərbaycandan niyə ora kimlərisə aparıram ki? Azərbaycanda 90-100 idmançının vizası var ki, durub ora getsin? Azərbaycanı sevənlər təkcə Azərbaycanda deyil ki... Bu insanlar elə bilirlər ki, Avropa elə bunların babalarından onlara qalıb, başqa adamlar Avropaya gedib, öz sözünü deyə bilməz. Yaxud Avropada bunlardan başqa azərbaycanlı yoxdur. Dediyim kimi, mən orda məruzə etməyə başlamışdım, 300 nəfər insan var idi, zal ağzına kimi dolu idi və səs-küy eşidildi. Təbii ki, köməkçilərimiz bayıra çıxıb dedilər ki, əgər görüşmək istəyirsiniszə, bir-iki nəfər gəlsin içəri, yer çox azdır, sözünüzü deyin. Onlar deyib yox, Adil Əliyev bayıra çıxsın! Adil Əliyev də 300 nəfəri qoyub, 3 nəfərə görə bayıra çıxası deyil ki... Mən yenə onlara xəbər göndərdim ki, qoy gözləsinlər, bu qədər insana qarşı hörmətsizlik edə bilmərəm, bu insanlar dövlətimizə, bizə görə gəliblər, indi onları burda qoyub, tədbiri pozub bayıra, o adamlarla söhbət etməyə çıxa bilmərəm. Ancaq bunlar fit çalmağa başladılar. Bizim Almaniyadakı idmançılarımız, hansılar ki, Almaniyada yaşayırlar, peşəkar yarışlara qatılırlar, onlar bayıra çıxdılar. Bu dəstə idmançıları görən kimi aradan çıxıb, qaçıb getdilər, heç gözləmədilər də çıxıb onlarla görüşüm, söhbət edim. Bizim tədbirdə çoxlu sayda insanların iştirakı da o dəstəyə sübut etdi ki, Azərbaycan onların dediyi kimi deyil. Azərbaycana Avropada yaşayıb, Azərbaycanı sevən insanların gözü ilə baxmaq lazımdır və o insanlar da tədbirdə iştirak etdilər. Onlar da o kütləni görüb çox narahat oldular, indiyədək də narahatdırlar. Bu, onlara böyük bir dərs oldu. Hollandiyadan, Avstriyadan, Almaniyanın hər yerindən ora 30-40 nəfər gətirmək istəyirdilər, bizə də məlumat çatmışdı, amma ora cəmi 10-12 nəfər gəlib çıxmışdı.

- Yəni siz onlarla görüşmək istəyirdiniz?

- Təbii ki, çox istəyirdim, onlarla görüşüm və üzbəüz söhbət edim. Bu dəfə qismət olmadı, inşallah nə vaxtsa qismət olacaq. Mən hər zaman onlarla görüşə hazıram. Şükürlər olsun ki, dövlətimiz mənə elə bir pasport verib ki, vizasız Avropanın istənilən yerinə gedə bilirəm. Sadəcə onlar şər, iftira söyləyirlər, burada faktla, dəlillə çıxış edən adam görmədim. Ola bilsin ki, aralarında bəziləri kiçik məmurlar tərəfindən incidilib, təzyiqlərə məruz qalıb və ölkəmizi tərk ediblər. Onların bir çoxları ilə də mən orda görüşdüm. Təbii ki, söyüşcüllərlə yox... Bəziləri ehtiyat edirlər ki, Azərbaycana gəlsək, nəsə ola bilər. Mən də başa saldım ki, heç bir problem olmayacaq.   

- Adil bəy, sizin əleyhinizə səslənən arqumentlərdən biri də tədbirin 31 Mart - soyqırım günü keçirilməsi ilə bağlıdır. Hesab olunur ki, siz həmin gün ermənilərin törətdiyi soyqırımla bağlı tədbir keçirməkdənsə, seçki təbliğatı aparmışınız. Bu barədə nə deyə bilərsiniz?

- Biz orda Soyqırım və Cümhuriyyətimizin 100 illiyini qeyd edirdik. 1998-ci ildən 31 Mart soyqırım günü kimi qeyd olunur. Mənim də məruzəmdə 1918-ci ildən bu günə qədər Azərbaycanla bağlı məsələlər öz əksini tapdı. Mən sonra öz məruzəmi sizə göstərə bilərəm. Orda da soyqırımdan bəhs olunur. Həmçinin bu il Cümhuriyyət ili elan olunduğu üçün il ərzində, istədiyimiz gün Cümhuriyyətimizin 100 illiyini qeyd edə bilərik. Dövlətimiz belə bir qərar verib. Eyni zamanda əgər orda kimsə çıxıb sonda “İlham Əliyevlə irəli” deyibsə, bunun qarşısını heç kəs ala bilməz. Kim mənim fikrimə qarşı çıxa bilər? Mən İlham Əliyevlə irəli gedirəm, sən getmək istəmirsən, getmə! Orda bizim qonaqlarımız, Azərbaycanı sevən alimlər, professorlar, həkimlər də var idi. O insanlar Azərbaycan tarixindən xəbərdar olmaq istəyirdilər, çıxış onlara tərcümə olunurdu. Orda da deyildi ki, Azərbaycanın başına əsrlər boyu bu zülmlər, əziyyətlər verilib, xalqımız soyqırıma məruz qoyulub. Bizim əsas tədbirimiz 31 Mart - Azərbaycanlıların Soyqırımı günü tədbiri idi.

- Sizin Soyqırım gününü “gözəl gün” adlandırdığınız iddiası da var...

- Hansı ağıllı adam soyqırıma gözəl gün deyər? Mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “gözəl günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra Mart soyqırımına toxunmuşam. Yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm. Yenə yalan, yenə iftira! Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda M.Ə.Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların ​Cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam. Allah onlara rəhmət eləsin ki, Azərbaycan dövlətini qurublar və bu gün dövlətimiz yaşayır. Ancaq Azərbaycanın müstəqilliyini bu cür satqınlar öz maraqlarına görə satıblar, hədiyyə ediblər, bundan sonra isə arzuları ürəklərində qalacaq. Həm onların, həm də havadarlarının...

- Sizin zalda fərqli fikir söyləyən gəncin çıxışına müdaxilə etməyiniz də söz-söhbətə səbəb olub. Bəlkə ehtiyac yox idi?

-Mən ona əvvəl söz vermək istəyirdim. Gördüm ki, yaşlı adamlar yazılıb çıxışa, ona görə də bu gəncə sonda söz verdim. Dedim cavandır, ürək sözlərini desin, xətrinə dəyməyək. Deyir, Azərbaycanda QHT rəhbəri olub.

- Azərbaycandan olan mühacir Rahim Namazova və ailəsinə silahlı hücumdan sonra bəzi dairələr dərhal Azərbaycana qarşı hücuma keçdilər. Bu mənada narahat deyilsiniz ki, sizin də səs-küylü tədbirinizdən başqa məqsədlər üçün istifadə edə bilərlər?

- Heç bir narahatlıq yoxdur. Fransada hücuma məruz qalan insanın qəzet alverçisi olduğu deyilir. Onun jurnalistikaya heç bir aidiyyatı yoxdur. Mən də mətbuatdan oxudum. Amma Almaniyada biz rəsmi qaydada dövlətə müraciət etmişdik, otellə müqavilə bağlamışdıq. Hələ çıxıb yürüş etmək üçün icazəmiz də var idi. Sadəcə tədbirimiz çox uzandı, insanlarımız yoruldu. Həm də Almaniyada bayram günü idi. Mən də uzatmaq istəmədim. Amma tədbirimiz çox yüksək səviyyədə alındı. Şadam ki, tədbirimizi sağ-salamat başa vurduq. Bu tədbirin keçirilməsini istəməyən insanların arzusu ürəyində qaldı.   

- Necə bilirsiniz, bundan sonra həmin söyüş söyənlər yenə davam edəcəklərmi?

- Bunlar şəxsi ədavət aparırlarsa, mən onlarla şəxsi mübarizə apara bilərəm. Ancaq bunlar ümumilikdə dövlətini sevən hər bir insana, dövlət məmuruna qarşı söyüş, təhqir yağdırırlar. Bunların məqsədləri söyüşcül sahiblərinin pullarından bəhrələnməkdir. Orda insanlar var ki, əziyyətlə çalışırlar. O biri şəhərlərdən Kölnə gəlmək üçün 200-300 avro yolxərci lazımdır. Bu söyüşcül dəstə gündə bir şəhərdədir, Avropada bu qədər pulu hardan alırlar? Özləri də bizi qınayırlar ki, bura gəlmisiniz. Bəs, sən necə gəlmisən? Sən orda necə yaşayırsan? Mən yaxından görmədim. Amma uşaqlar dedilər ki, onların köynəyinin boynunda “qayğanaq bişirmək” olardı, çox pis, bomj kimi, sanki vağzalda yaşayırlar. Ancaq pullarını bu işlərə xərcləyirlər. Demək ancaq qarınlarını otarmaqdan ötrü ondan-bundan pul dilənirlər.

- Adil bəy, sizin bu tədbirdən sonra həmin məmur zəng edib, “keçmiş olsun” dedimi?

- Məmur nə zəng edib, nə də...Hətta imtina edəndə dedi ki, zəngləşərik, xəbər alacağam, bəlkə düzəldi. 2-3 dəfə də zəng vurdum, telefonumu qaldırmadı. Ancaq o məmur yenə zəng vurmasa, mən rəsmi şəkildə bununla bağlı mətbuata da açıqlama verəcəyəm.

- Bəzilərinin  müəmmalı sükutu müzakirə olunduğu halda, sizin bu proseslərdə aktiv iştirakınızın səbəbləri barədə çox danışılır. Komandada yer almaq istəyinizdən danışılır və s...

- Bəzi fikirlər də var ki, filankəsin və ya bəhmankəsin yerinə göz dikib. Bir Allah şahiddir ki, bunların əsası yoxdur. Komanda dövlətimizin rəhbərinin iradəsi ilə formalaşır. Kiminsə başqasının yerinə göz dikməsi barədə fikirlər tam ağılsız və mənasızdır. Bu gün kimsə harasa getmək istəyər. Amma istəməklə iş düzəlmir. Vətənə xidmət etmək imandandır, Vətəni sevmək vicdandandır. Bu baxımdan, Vətəndən üz çevirənlər, ondan imtina edənlər vicdanından üz döndərmiş insanlardır.