|
Seçkilərlə bağlı bəzi prosedurlar başa çatdı

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapı başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, aprelin 2-dən seçki bülletenlərinin seçki dairələrinə göndərilməsi prosesi başlanacaq.

Bəs bülletenlər hazır olduqdan sonra namizədlərin namizədlikdən imtina etməsinə Seçki Məcəlləsi yol verirmi? Şahin Əsədli qeyd etdi ki, bu məsələnin necə tənzimlənməsi Seçki Məcəlləsinin 73-1.2-ci maddəsində aydın şəkildə göstərilir: “Orada qeyd olunur ki, qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına ərizə ilə müraciət edib namizədliyini geri götürə bilər. Daxil olmuş ərizə əsasında seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə bir gün müddətində qərar qəbul edir. Seçki bülleteni hazırlanandan sonra əgər hansısa namizədlə bağlı ortaya problemlər çıxarsa, hansısa qanun pozuntusuna görə namizədin qeydiyyatı ləğv olunarsa, namizəd, məsələn, dünyasını dəyişərsə, bu cür hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə Məntəqə Seçki Komissiyaları həmin şəxs haqqında məlumatları seçki məntəqələrindəki məlumat lövhəsinə yerləşdirir, seçicilərə bildirilir ki, filan namizədlə bağlı belə bir hal baş verib”.

Beləliklə, nəzərə alsaq ki, artıq səsvermə gününə 10 gündən az vaxt qalıb, deməli bu müddət başa çatıb. 

Seçkiqabağı təşviqat başlayandan indiyədək namizədlərdən MSK-ya hər hansı şikayətin olub-olmadığına gəldikdə Ş.Əsədli dedi ki, bu günədək seçki qabağı təşviqat kifayət qədər rəvan şəkildə olub və heç bir şikayət, müraciət MSK-ya və ya aşağı seçki komissiyalarına daxil olmayıb.

Prezident seçkilərində ölkənin bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin MSK-ya təqdim edilməsi müddəti isə aprelin 1-də başa çatıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-dək təqdim edilməlidir.

Prezident seçkiləri ilə əlaqədar MSK və dairə seçki komissiyaları tərəfindən 53 təşkilat və 54 ölkədən 603 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55  min 965 nəfərdir.

Aprelin 1-də, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi müddəti də başa çatıb. “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də aprelin 1-də başa çatıb.

seçki 2018 ile ilgili görsel sonucu

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası isə 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı ilk aralıq hesabatını təqdim edib. Missiya keçirdiyi görüşlər əsasında hazırladığı hesabatda vurğulayır ki, onların bir çox müsahibi “seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər”, “Seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur”. Hesabatda həmçinin qeyd olunur ki, seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır. Bildirilir ki, prezidentliyə namizədlər öz kampaniyalarını yalnız şəxsi fondlardan və ianələrdən maliyyələşdirə bilər. Kampaniya məqsədləri üçün hər hansı namizədin xərcləyə biləcəyi maksimum məbləğ 10 milyon AZN-ə qədərdir. Seçkidə iştirak edən namizədlərdən və ya partiyalardan kampaniya vəsaitləri və xərcləri haqqında MSK-ya üç maliyyə hesabatı təqdim etmək tələb olunur. Hesabatlar beş gün ərzində MSK-nın vebsaytında yerləşdirilməlidir.

Seçki Müşahidə Missiyası daha sonra yazır ki, növbədənkənar prezident seçkiləri parlamentdə yerlərin əksəriyyətinə sahib olan hakim Yeni Azərbaycan Partiyasının üstün olduğu siyasi mühitdə baş verir.

Hesabatda qeyd olunur ki, missiyanın görüşdüyü müsahiblərin çoxu seçkinin həqiqətən rəqabətli keçiriləcəyinə inanmadıqlarını bildiriblər: “Onlar iddia ediblər ki, bu seçkidə hazırkı prezidentə rəqib olan namizədlər ya alternativ siyasi platforma təqdim etmirlər, ya da hətta hazırkı prezidenti açıq şəkildə dəstəkləyirlər. Bir çox müsahib DTİHB SMM-ə toplaşma və birləşmə azadlığı baxımından üzləşdikləri qadağalar haqqında məlumat veriblər, onlardan bəziləri davamlı olaraq polis nəzarəti altında olduqlarını bildiriblər”.

seçki 2018 ile ilgili görsel sonucu

Sənəddə sonra deyilir ki, seçici siyahılarının dəqiqliyini təkmilləşdirmək üçün seçki administrasiyası ciddi səylər göstərib. Amma SMM-nın bəzi müsahibləri bildiriblər ki, MSK-nın siyahısındakı seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin səsvermə yaşı olan vətəndaşların statistikasından kifayət qədər azdır. 2017-ci ildən Dövlət Statistika Komitəsinin əhali məlumatları onu göstərir ki, ölkədə səsvermə yaşında olan 7 milyondan çox insan var. MSK isə bu yaxınlarda 5 milyondan çox seçicinin olduğunu açıqlayıb.

Hesabatda prezidentliyə namizədlərə həftədə 3 dəfə İctimai TV-də ödənişsiz efir imkanı yaradıldığı da qeyd edilib və həmçinin bildirilib seçki kampaniyasında namizədlərin resursları bərabər deyil: “Hakim Yeni Azərbaycan Partiyası Missiyaya bildirib ki, onların kampaniyasına kütləvi tədbirlərin keçirilməsi, qapı-qapı gəzib təbliğat aparma, kampaniya materiallarının yayılması və sosial mediadan istifadə kimi tədbirlər daxildir.

Bir neçə prezidentliyə namizəd isə DTİHB SMM-ə bildirib ki, onlar kampaniyaları çərçivəsində maliyyə və insan resurslarının çatışmaması səbəbindən yalnız seçicilərlə kiçik miqyasda görüşlər keçirə və təbliğat apara biləcəklər. MSK isə açıqlamalarında bütün namizədlər üçün bərabər şərait yaradıldılğını və seçkinin ədalətli, qərəzsiz mühitdə keçirildiyini açıqlayıb".

Qeyd edək ki, ATƏT/DTİHB-nun seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda rəsmən fəaliyyətinə başlayıb.