|
Fəzail Ağamalı nazir Elmar Məmmədyarovu istefaya çağırdı

Martın 30-da Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçirildi. Milli Məclis sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. Spiker Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzaladığını və Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyəsinin olunduğunu xatırlatdı. Daha sonra sədrin təklifi ilə Milli Məclis soyqırımı qurbanlarının xatirəsinin anılması üçün bir dəqiqəlik sayğı duruşuna qalxdı.

O.Əsədov qeyd etdi ki, xüsusi iclasdakı müzakirələrin sonunda beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə müraciət qəbul ediləcək. Giriş nitqi zamanı spiker bildirdi ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. O.Əsədov xatırlatdı ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb: “Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin ”böyük Ermənistan" xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 gün ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırımı aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub".

O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: “Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq”.

Milli məclis fəzail ile ilgili görsel sonucu

Deputat Rafael Cəbrayılov çıxış edərək soyqırımı abidəsinin qoyulması zərurətindən danışdı: “200 ilə yaxın bir müddətdə soyqırıma məruz qalan xalqın mükəmməl soyqırımı memorial kompleksi olmalıdır. Azərbaycana gələn rəsmi şəxslərdən tutmuş, idmançılara qədər həmin abidəni ziyarət etməlidirlər”. Deputat ermənilərin əməlləri ilə bağlı beynəlxalq aləmə müraciət etməyi də vacib saydı: “200 ilə yaxın müddətdə ermənilərin soyqırımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur. Bu soyqırımlar qəddarlığa görə klassik soyqırımlarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu tarixdə erməni soyqırımı əlamətləridir”.

R.Cəbrayılov bildirdi ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqırımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır: “Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqırımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalsaq da, Qubada olan memorial kompleksi istisna olmaqla, nə digər abidə, nə də soyqırımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918-ci ildə öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib”.

Deputat Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq dedi ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması istiqamətində işlər aparılır. “Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq”.

Milli məclis fəzail ile ilgili görsel sonucu

Deputatı Fəzail Ağamalı isə parlament gözlənilməz təşəbbüslə çıxış etdi. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımından danışmaqla yanaşı, xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırdı. F.Ağamalı bildirdi ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. Əlavə etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.

Milli məclis fəzail ile ilgili görsel sonucu

Parlamentin sədri O.Əsədov isə F.Ağamalının çağırışına reaksiyasında “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”, - deyə sual etdi.

Deputat, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə dedi ki, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir: “Milli Məclis müraciət etsin ki, buna hüquqi qiymət verilsin”. O bildirdi ki, bu gün Xocalı Soyqırımını törədən qatillər həyatda yaşayırlar: “Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib. Bu gün dünyada nədənsə müsəlman aləmində olan qırğınlara qarşılı ikili standartlıq var. Hesab edirəm ki, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir”.

Y.Mahmudov ardınca sensasion fikirlər söylədi. Bildirdi ki, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxıblar:“Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, "Sahil" bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxt Azərbaycan prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyan yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq".

Akademik dedi ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: “Bu, faktdır. Bizim jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var”.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoyanda deyirik ki, ona niyə abidə ucaldıblar?” Bu fikirləri isə deputat Fazil Mustafa söylədi. O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevdir: “Ancaq nədənsə Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Novxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevirmirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niyə abidə qoyurlar? Belə yanaşma olmaz axı”.

Deputat Cavanşir Feyziyev dedi ki, 100 il bundan əvvəl, 1918-ci ilin martında minlərlə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqırımı hadisələrinin qurbanlarına çevrilib: “1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüflər olsun ki, bunun qarşısını ala bilmədi. XX əsr boyunca azərbaycanlıların öz torpaqlarından sıxışdırılması, kütləvi surətdə deportasiyası, qətlə yetirilməsi davam edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Bu gün 1 milyondan çox vətəndaşımız öz ata-baba yurdlarına dönməyi səbirsizliklə gözləyir”. Deputat bildirdi ki, azərbaycanlılara qarşı baş verən hadisələrin dərindən öyrənilməsi, hər bir vətəndaşa çatdırılması və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasında yayılması mühüm əhəmiyyət kəsb edir.

Komitə sədri Fuad Muradov da maraqlı fikirləri ilə diqqət çəkdi: “Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq deməliyik ki, azərbaycanlıların başına gələn soyqırımlar, işğallar bolşevik, kommunistlər və ermənilərin əlbirliyi ilə həyata keçirilib. Həmçinin Sovet İttifaqı zamanında Azərbaycana qarşı olan münasibət hamının gözü qarşısındadır. Əfsuslar olsun ki, biz cəmiyyətdə bəzən Sovet İttifaqından ötrü sinov gedənləri görürük. Ulu öndər Heydər Əliyev də deyib ki, bizim ən böyük uğurumuz müstəqilliyimizdir. Hesab edirəm ki, gənc nəslə bu mesajları ötürməliyik”.

Deputat dedi ki, biz başımıza gələtirilən soyqırımları öyrənməliyik: “Amma eyni zamanda dünya ictimaiyyətinə müraciət etməliyik. Belə uğurlu kampaniyalar var. Bildiyimiz kimi, Heydər Əliyev Fondu, şəxsən Leyla Əliyeva tərəfindən ”Xocalıya ədalət" kampaniyası çox uğurla həyata keçirilir. Bu gün reallıqları dünyaya çatdırmaq üsulları məhz belədir".

Müzakirələrdən sonra 31 Mart azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın bəyanatı qəbul olundu. Sənədi Milli Məclisin sədr müavini Bahar Muradova təqdim etdi. Bəyanatda deyilir: “1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidlərinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi ”Böyük Ermənistan" xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvanda və Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub".

Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işğalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib. Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünavanlanan müraciətdə daha sonra bildirilir:

1.Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırımı cinayətlərinin tanısınlar.

Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırsınlar.

Azərbaycan xalqına qarşı yeni soyqırım cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq normaları və prinsipləri xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər. Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.