Amerikanın Florida ştatındakı Fort-Loderdeyl şəhərində yaşayan 52 yaşlı Konstantin Teoxarisin yarım milyon dollar aliment borcu olub. 20 mart tarixində, səhər 7-in yarısında evdən çıxan adam sapserf sürməyə getdiyini desə də, itkin düşüb.
Onun xalası oğlu Kris Demianın dediyinə görə, kişi boşanma və aliment borclarına görə depressiyaya düşüb. Amma buna baxmayaraq, intihar haqda düşünməyib. O, hesab edir ki, borcları Konstantini ölkədən qaçmağa məcbur edib. Belə ki, tezliklə onu bu borcları ödəmədiyinə görə cəzalandıracaqdılar. Demian bildirib ki, qohumu 18 martdan etibarən ailə üzvləri ilə hər hansı əlaqəyə çıxmırdı. Bununla yanaşı, o, xalası oğlunun yaxşı üzgüçü və sapserfer olduğunu iddia edib. İtən kişinin qardaşı Rik isə deyib ki, Konstantion evdə pulqabısını, telefonunu, açar və sənədlərini qoyub: “Ümid edirəm ki, onda hər hansı ürək tutulması olmayıb və o, batmayıb. Çünki son zamanlar o, ciddi əsəb sarsıntısı keçirirdi”.
Konstantin eyni zamanda ağıl azlığından əziyyət çəkən yaşlı valideynlərinə də qulluq etmək zorunda idi. İtən şəxsin dayısı ehtimal edir ki, bacısı oğlu intihar edib. Çünki onu serf üçün evdən çıxdığı halda, özü ilə dayver maskasını və ağırlaşdırıcı kəməri də götürüb. Teoxaris 2008-ci ildən həyat yoldaşı ilə boşanıb. O vaxtdan bəri üst-üstə 549 min dollar aliment borcu yığılıb. Sonuncu dəfə o, keçmiş arvadına 2014-cü ilin avqustunda aliment ödəyib.
