|
Hərbi ritorikanın güclənməsi müharibə anonsudur?

Son günlər Azərbaycan və Ermənistan tərəfindən verilən açıqlamalarda hərbi ritorikanın artdığı müşahidə olunur. Ermənistanın baş qərargah rəisi Movses Akopyan aprel savaşından keçən iki ildə erməni ordusunun gücləndiyini, yeni silahlar əldə etdiyini deyərək Azərbaycan ordusunu hədələyib. Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev isə buna cavabında Azərbaycan ordusunun istənilən an Ermənistan ordusunu tamamilə darmadağın etmək, erməniləri fəlakətlə üz-üzə qoymaq qüdrətində olduğunu bəyan edib.

Bir sıra ekspertlər hesab edir ki, aprel savaşının ikinci ildönümü ərəfəsində bu şəkildə hərbi ritorikanın artması yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların başlanacağının siqnalı da sayıla bilər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu, barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, geniş miqyaslı hərbi əməliyyatlara başlanmasının tərəfdarıdır, bunu istəyir: “Çox istərdik ki, belə olsun, Azərbaycan heç nəyə baxmadan azadlıq müharibəsinə başlasın. Erməni generalı da deyir ki, Azərbaycan heç kimi gözləmədən bu addımı atacaq, şərt kimi onu da bildirir ki, əgər hazır olarsa, başlayacaq. Məncə, Azərbaycan hər parametrə görə müharibəyə hazırdır. Hərbi güc, iqtisadi qüdrət yüksək səviyyədədir. Beynəlxalq ictimai rəy bizim tərəfimizdədir. Cəmiyyətimizdə müharibə artıq sosial sifarişə çevrilib. Türkiyə, İran, Pakistan kimi müttəfiqlərimiz artıq ciddi fakt kimi ortadadır. Digər müsəlman ölkələri də müharibə başlayarsa , bizə dəstək verəcəklər. Odur ki, inanmaq istərdim son günlərin hərbi ritorikası sadəcə sözlə cavab yox, hərbi əməliyyatlara başlamağımızın anonsudur”.

A.Nağı onu da dedi ki, Ermənistanın müttəfiqləri, o cümlədən Rusiya çətin durumdadır. Bu baxımdan da müharibəni başlamaq üçün əlverişli şərait yaranıb. Azərbaycan hakimiyyəti siyasi iradə göstərib, müharibə qərarını verməlidir.