Məlum olduğu kimi, Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin səslərin 76 faizini qazanaraq , dördüncü dəfə prezident seçildi. O, daha 6 il ölkəsini idarə edəcək. Putinin növbəti dəfə prezident olmasından sonra Rusiyanın Amerika və Qərblə münasibətlərinin necə olacağı, sanksiyalar məsələsində hər hansı həll yolunun tapılıb-tapılmayacağı da əsas müzakirə mövzularından biridir.
Politoloq Tofiq Abbasov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya ilə Qərb arasında münasibətlərin normala dönməsi gözlənilmir: “Rusiyanın sanksiyalar girdabında olması elə bir məsələdir ki, dəyişməsi gözlənilmir. Onsuz da ABŞ öz müttəfiqləri ilə Rusiyanı tənqid atəşinə tutmaqla onun haqqında bir düşmən obrazı yaradırlar. İndi çox insanlar sual edir ki, bu, soyuq müharibəyə gətirib çıxara bilərmi? Ancaq əslində soyuq müharibə başlayıb və gedir”.

Politoloq vurğuladı ki, seçkilərin nəticələrinin necə olmasından asılı olmayaraq, ABŞ və Qərbin bu ölkə ilə bağlı mövqeyi dəyişməyəcəkdi: “Əgər Rusiyada sözün əsl mənasında qüsursuz seçki də keçirilsəydi, ilk gündən ABŞ öz müttəfiqləri ilə bu seçkiləri tənqid atəşinə tutmuşdular. Düzdür, elə bir ölkə yoxdur ki, orada seçki tam obyektiv keçirilsin, heç bir saxtakarlıq olmasın. Bütün ölkələrdə, hətta ABŞ seçkilərində də bu baş verir. Mən istənilən halda seçki saxtakarlığına bəraət qazandırmıram. Ancaq Qərbin ilk gündən bu məsələyə münasibət çox kritik idi. Bəlli idi ki, onlar seçkilərdə baş verənləri olduğundan da kəskin rəngdə görəcəklər və bu cür şərh edəcəklər. Rusiyanın burada günahı ondan ibarətdir ki, Putinin hakimiyyət iddiaları özünü qabarıq şəkildə göstərirdi. Nəticədə də böyük bir fərqlə seçkini uddu. Xalqın isə burada günahı yoxdur. Əgər ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə davam edəcəksə, bundan xalq da əziyyət çəkəcək. Bununla yanaşı, Rusiya ilə ticarət əlaqələri olan ölkələr, xüsusən də postsovet ölkələri bunun təsirini görəcəklər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Putinin xarici siyasətində heç bir ciddi dəyişiklik gözlənilmir: “Nə qədər ki, Krım Rusiyanın tərkibindədir, bu sanksiyalar davam edəcək. Rusiya isə ən azı Putinin hakimiyyəti dövründə Krımı Ukraynaya qaytarmayacaq. Belə olan halda sanksiyalar da davam edəcək, münasibətlər də soyuq olaraq qalacaq. Son hadisə - yəni Rusiyanın keçmiş xəfiyyəsinin Londonda öldürülməsi, üstəgəl diplomatların Böyük Britaniyadan çıxarılması, Avropadan da bir çox rus diplomatlarının çıxarılmasını da nəzərə alsaq, bu o deməkdir ki, yaxın illərdə münasibətlər gərgin olaraq qalacaq. İlk addımı Putin atmalıdır, bəzi məsələlərə aydınlıq gətirməlidir. Ukrayna ilə bağlı Minsk planına yaşıl işıq yandırmalıdır. Bunlar olmayınca, münasibətlər də düzəlməyəcək, vəziyyət gərgin olaraq qalacaq”.
Ekspertin sözlərinə görə, ruslar Putinə səs verərkən, onun xarici və daxili siyasətinin necə olacağını nəzərə almırlar:“Rusiya ictimaiyyəti hər zaman ən ”güclü əl"ə səs verir. Putinin də cəmiyyətdə böyük nüfuzu var və elə həmin “güclü əl” onun özü hesab olunur. Nə qədər xarici siyasətdə, qonşu dövlətlərlə münasibətdə problemi olsa da, rus cəmiyyəti ona səs verir, çünki alternativ görmür. Rusiyanın xarici siyasəti bərbad olacaqsa, iqtisadi və sosial həyatında da gərginliklər davam edəcək, insanların həyat səviyyəsi yüksəlməyəcək. Bu baxımdan Rusiyanın iqtisadiyyatında və sosial həyatında ciddi bir dəyişiklik gözlənilmir. Bəzi Qərb ölkələri Rusiyanın güclənməsində maraqlı deyillər. Ancaq bu o demək deyil ki, Rusiyanın çox zəifləməsində, dağılmasında maraqlıdırlar. Lakin indi artıq Rusiyanın zəifləməsində maraqlıdırlar. Putinin yerində başqa bir siyasətçi olsaydı, fərqli siyasət yürütsəydi, mən inanıram ki, bu ölkənin Qərblə münasibətləri tamamilə fərqli ola bilərdi".
