“Türkiyə-İsrail münasibəti Ermənistan –Türkiyə münasibəti ilə heç müqayisəyə belə gəlmir. Türkiyə İsrail dövlətini tanıyan ilk dövlətlərdən biri olub”.
Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Bu yerdə qeyd edək ki, bəzi iddialara görə, qardaş Türkiyə dövləti İsrail kimi güclü ölkədən özünə qarşı yönələn hansısa təhdidlərə sərt münasibət verdiyi halda, konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiasının əks olunduğu işğalçı Ermənistanın davranışlarına, Ağrı dağını ələ keçirmək uğründa dövlət səviyyəsində apardığı mübarizəyə elə də ciddi önəm vermir. Hətta belə yanaşmalar var ki, Türkiyənin siyasət adamları içərisində, parlamentarları sırasında belə, Ermənistanın rəsmən Türkiyəyə ərazi iddiasında olmasından xəbərsiz qalanlar var. Bu iddiada olanların arqumentləri budur ki, İsrailin Türkiyəyə qarşı ərazi iddiası yoxdur, amma Ermənistanın var. Lakin bununla belə, Ankara ona qarşı “soyqırım” iddiasını belə dünya boyunca irəli sürən İrəvanla daha yumşaq davranır, hətta bir ara sərhədlərini onun üzünə açmaq istəyirdi.

A.Nağiyev bu barədə danışarkən öncə Ankara-Təl-Əviv əlaqələri barədə qısa xatırlatma etdi: “Uzun müddət bu iki dövlət arasında Ermənistandan fərqli olaraq hərbi, iqtisadi tərəfdaşlıq mövcud olub. Buna misal kimi qiyməti milyardlarla ölçülən neft -qaz layihələrini göstərmək olar. Türkiyə və İsrailin mədəni məsələlərdə yaxınlığını göstərmək və qorumaq üçün “Arkadaş” təşkilatı yaradılıb. Bununla bağlı Almaniyada birgə layihələr həyata keçirilib. Son zamanlar yaranan soyuq münasibət əsasən, Qəzzanın blokadaya alınması və “Mavi Mərmərə” gəmisinin ələ keçirilməsi ilə bağlıdır. Bir səbəb də Ərdoğan və Peres arasında Davosda 2009-cu ildə baş verən mübahisədən sonra yarandı. Xarici siyasətdə də İsrailin Kipr və Yunanıstana yaxınlaşması bir səbəb kimi göstərilə bilər”.
A.Nağıyev qeyd etdi ki, bu münasibətlərin gərginləşməsində birmənalı şəkildə ermənilərin də rolu danılmazdır:“Ermənistana gəldikdə isə, təkcə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə və Azərbaycanın ərazi bütövlüyünə təcavüzünə görə Türkiyənin Ermənistanla sərhədləri bağlıdır və diplomatik nümayəndəliyi yoxdur. Bundan başqa, bütün beynəlxalq kürsülərdən qondarma “erməni soyqırım”ını tanıtmağa və ya gündəmdə saxlamağa çalışan ermənilərlə hansı müsbət münasibətlər qurula bilər ki? Türkiyənin təbii ki, öz xarici siyasəti var və burada dostluq, qardaşlıq məfhumu olmur, olduqda da ümumi maraqlar olmalıdır. Bu gün Azərbaycanla həm dostluq, həm də ümumi maraqlar var. Ermənistanın səhra komandiri olan sabiq prezidenti Serj Sərkisyan öz çıxışlarından birində gələcək nəsillərə “Qarabağı biz aldıq, Ağrı da sizə, yəni gələcək nəslə qaldı” deməsi bunların nə qədər mənfur olduqlarından xəbər verir. Türkiyə ərazisini “Qərbi Ermənistan” sayan daşnaklar orada 70-80 min erməninin yaşamasını göstərir. Bunun niyə qabardıldığını Türkiyə də başa düşür və müəyyən addımlar atmalıdırlar. Çünki ermənilər tarixi düşmənlərdir”.

Politoloq Toğrul İsmayıl isə “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Ermənistanın iddialarından xəbərsiz olması ilə bağlı iddialar əsassızdır: “Türkiyə Ermənistanı ciddi tanıyır, burada ciddi mütəxəssislər var. Ermənistanda baş verənlər, Ermənistanın istəkləri yaxşıca izlənilir. İsrailə gəlincə, İsrail Ermənistandan çox-çox ciddi dövlətdir. Eyni zamanda İsrailin Türkiyənin milli maraqlarına zərər vermə ehtimalı Ermənistandan çox-çox yüksəkdir. Həm İsrail dövlətini, həm də yəhudi lobbisinin gücünü unutmamaq lazımdır. Amma Ermənistan İsraillə müqayisədə olduqca zəif və bugünkü şərtlər daxilində demək olar ki, müstəqil olmayan bir ölkədir. Türkiyə Ermənistanın torpaq iddialarını qeyri-ciddi sayır. Türkiyə ordusu bölgədə olduqca güclüdür. Ermənistanın qurduğu xəyallar sadəcə xəyal olaraq qalacaq, buna əmin ola bilərsiniz. Yəni iddia yetərli deyil, bir də bunun arxasında güc olması gərəkdir.
![]()
Ermənistanla Türkiyə müqayisə edilməyəcək dərəcədə fərqli dövlətlərdir. Dediyim kimi, Türkiyənin Ermənistanla bağlı bir sıra güzəştlərə getmək istəyi əslində Amerika və Avropanın təzyiqləri nəticəsindədir. Amma diqqət edirsinizsə, sadəcə danışıqlar üzərində qalan məsələlər var. Onun üçün də Türkiyə öz mənfəəti və maraqlarında başqa, indiyə qədər heç bir şey etməyib”.
T.İsmayıl qeyd etdi ki, Qarabağ məsələsində də Türkiyənin mövqeyi qətidir: “Türkiyə ictimaiyyəti də bu məsələdə birmənalı olaraq Azərbaycanın yanında yer alır. Türkiyə bütün açıqlamalarda Dağlıq Qarabağın Azərbaycanın bir parçası olduğunu və Ermənistanla hər hansı bir dialoqun olması üçün ən azı işğal edilmiş digər rayonlardan erməni işğalçılarının çıxmasını tələb edir. Əks-halda, bu məsələsinin həlli imkan xaricindədir. Odur ki, Türkiyə ilə bağlı səslənən bəzi iddialar ya məlumatsızlıqdan irəli gəlir, ya da bəlli çevrələrin məqsədli şəkildə ortaya ataraq, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün çalışdığı dedi-qodulardır”.
Ancaq biz qardaş Türkiyənin Kəlbəcərin işğalında cavab olaraq 25 ildir işğalçı Ermənistanla sərhəd qapılarını qapamasını və Azərbaycanın haqq davasında tutduğu prinsipial mövqeyini də unutmamışıq. Buna görə qardaş ölkəyə təşəkkür etməklə yanaşı, işğalçıya dərs verməkdən ötrü daha kəskin münasibətin tərəfdarıyıq.
