|
Deputatların maaşları azaldılacaq?

Rusiyada maliyyə-iqtisadi böhran, inflyasiya və bahalaşma artıq qabarıq şəkildə özünü göstərməyə başlayıb. Vəziyyəti nəzərə alan Rusiya deputatları bu günlərdə maaşlarının 10% azaldılması ilə bağlı sərəncam vermək üçün prezident Vladimir Putinə müraciət etməyə hazırlaşırlar. Öz növbəsində Putin öz administrasiyasının əməkdaşlarının maaşlarını 10 faiz azaldıb.

Qeyd edək ki, son bir həftədə Azərbaycanda da dolların bahalaşması və manatın ucuzlaşması iqtisadiyyatımıza ciddi təsir eləməkdədir. Qonşu dövlətdə neftin qiymətinin aşağı düşməsi neft ölkəsi olan Azərbaycana da təsirsiz ötüşməyib. Maraqlıdır, bəs oxşar vəziyyətdə deputatlarımız maaşlarının azaldılması ilə bağlı ölkə başçısına müraciət edə, yaxud belə təklifi dəstəkləyərlərmi?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanda qonşu dövlətlərlə müqayisədə deputatların maaşlarının az olduğunu söylədi: “Bu məsələdə bir az diqqət etmək lazımdır. Çünki Rusiyada şəxsi xahişlə maaş azaltmırlar. Onların sistemi elədir ki, yuxarıdan tapşırıq verilir, bunun nəzdində maaşlar azaldılır, yaxud artırılır. Azərbaycanda deputatların maaşları qonşu Gürcüstan və Ermənistanla müqayisədə xeyli aşağıdır. Azalma buna gətirib çıxarır ki, millət vəkili başqa yollarla dolanmağa məcbur olur. Elə millət vəkilləri var ki, onlara təsir eləmir. Çünki başqa imkanları var. Amma elə deputatlar da var ki, maaşların azalması onlara ciddi təsir edir. Çünki maşını yox, benzin məsrəfi dövlət tərəfindən ödənilmir, seçici ilə görüşmək üçün əlavə imkanı yoxdur. Milli Məclis rəhbərliyinin maaşı azala bilər. Əgər belə şey varsa, deputatın maaşının azalmasının heç bir mənası yoxdur. Onsuz da deputatın heç bir imtiyazı yoxdur. Buna görə millət vəkili məcbur olub, başqa yollarla pul qazanır. Burada iki vəzifəsi olanların maaşlarının azalmasından söhbət gedə bilər. Bunun başqalarına şamil edilməsi məntiqli görünməz. Ölkə çətin durumda olarsa, hamı buna normal yanaşmalı, köməyini əsirgəməməlidir. Qərarlar bir az əsaslandırılmış olmalıdır. O, deputatlara ki, maşın, benzin verilir, onlarla bağlı bu qərarı tətbiq etmək olar. Bütün millət vəkillərinə şamil edilməsi doğru sayılmaz”.

Fazil Mustafa deputatların maaşlarının azaldılması ilə bağlı qərar verilərsə, etiraz etməyəcəyini də qeyd etdi: “Qərar olarsa, etiraz etmərəm. Əgər əsaslandırılsa ki, bu vacibdir, razı olaram. Ölkə üçün hər cür fədakarlığı etməyə hazıram. Amma bu fədakarlıq üçün indiki şəraitdə bir əsas görmürəm. Çünki bu qərarı verməklə millət vəkilini məcbur edirsən ki, rüşvət al və digər yollarla get dolan. Bu məsələ hər halda düşünülməlidir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev belə qərar olarsa, qarşı çıxacağını söylədi: “Etirazımı bildirərəm. Çünki digər dövlətlərlə müqayisədə Azərbaycanda deputatların maaşları 5-10 dəfə azdır. Adi deputatların maaşları normal əməkhaqqı sayıla bilməz. Söhbət təkcə məndən getmir. Kimsə təvazökarlıq edib, bu məsələyə toxunmaya bilər. Amma dəfələrlə məsələ qaldırmışam ki, parlamentin işlək olması üçün deputatlar yüksək əməkhaqqı almalıdırlar. İndiki şəraitdə belə addım atmaq normal sayılmaz. Kimsə özünü vətənpərvər göstərib, bu təklifləri bəyənərsə, məncə bu, səmimi yanaşma olmaz. Hesab edirəm ki, ölkəmizdə məsələyə yanaşma Rusiyadakı kimi olmamalıdır. Rusiyaya sanksiyalar tətbiq olunub. Orada xeyli dərəcədə vəziyyət mürəkkəbdir. Bu baxımdan təklif səslənərsə, əleyhinə olaram”.//Musavat.com