|
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR
Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2260$-a kimi ucuzlaşıb və qiymət 1.2300$-ın altında qaldıqca, 1.2240$ və 1.2198$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi) və cümə axşamı saat 13:00-da Avropanın xidmət və sənaye sektorları ilə bağlı biznes mühiti indeksi də investorlar tərəfindən böyük maraqla gözlənilir.

 

GBP
GBP/USD məzənnəsi isə keçən həftə ərzində 1.3888$-a kimi ucuzlaşdıqdan sonra cümə günü 1.3927$-a kimi bahalaşıb. Lakin burada da təhlillərə əsasən, qiymət 1.3954$-ın altında qaldıqca, 1.3888$-ın yenidən aşağı istiqamətdə qırılması ilə eniş dalğası 1.3819$-a kimi sürətlənə bilər. Çərşənbə axşamı saat 13:30-da İngiltərədə dərc ediləcək inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

TRY
Türkiyə bazarlarında USD/TRY məzənnəsi 3.9259TL-ə kimi bahalaşıb və 3.9450TL-ə kimi də bahalaşa bilər. Qeyd etmək lazımdır ki, dünya birjalarında keçən həftə ərzində dollarda bahalaşma, işsizlik səviyyəsinin 0.1% və büdcə xərclərinin artması, özünü Türkiyə maliyyə bazarlarında da göstərib.

OIL
Enerji bazarlarında isə neft qiymətlərinə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 66.55$-a kimi dəyər qazanıb və qiymət 64.90$-ın üzərində qaldıqca, 67.24$-a kimi də dəyər qazana bilər.

GOLD
Lakin əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1309$-a (42.0 $/qram) kimi ucuzlaşıb və 1301$ (41.7 $/qram) və 1294$-a (41.5 $/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.