Martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd edilir. Bu münasibətlə hər il BMT Dünyanın Xoşbəxtlik Hesabatını açıqlayır. 2018-ci il üçün açıqlanan hesabatda adəti üzrə yenə 156 ölkə “xoşbəxtliyin səviyyəsinə” və 117 ölkə buradakı mühacirlərin xoşbəxtlik dərəcəsinə görə sıralanıb. Ekspertlər qeyd edir ki, “mühacir xoşbəxtliyinin” nəzərə alınması 2018-ci il hesabatının yeniliyidir. Bu hesabatın indeksində ölkələrin sıralanmasında “Gullup” rəy sorğusu təşkilatının 2015-2017-ci illərdə apardığı sorğu və təhlillər əsas götürülüb. Builki hesabatda ən xoşbəxt ölkə titulu Finlandiyaya verilib, amma ilk onluğun tərkibi son iki ildə dəyişməyib.
İndiyədək keçirilmiş xoşbəxtlik reytinqində həmişə Danimarka, İsveçrə və Norveç birinci olub. İlk onluqdakı ölkələrin göstəriciləri arasında fərqlər cüzidir. Reytinq cədvəlinin tərtibində isə əsas 6 kriteriya olduğu kimi qalıb: gəlir, ömür uzunluğu gözləntisi, sosial təminat, azadlıq, etimad və səxavət.
Azərbaycan xoşbəxtlik reytinqində 156 ölkə arasında 87-ci pilləni tutub. Azərbaycanın qonşuları - Gürcüstan 128, Ermənistan isə 129-cu yerdədir. Keçmiş sovet respublikaları arasında ən pis göstərici Ukraynaya aiddir: 138. Qalan respublikaların göstəriciləri Azərbaycanda olduğundan yaxşıdır.
Özbəkistan 44, Rusiya 59, Qazaxıstan 60, Moldova 67, Türkmənistan 68, Belarus 73, Tacikistan 80-ci pillədə qərar tutublar. “Xoşbəxtlikdə” keçmiş sovetlərdən (Gürcüstan, Ermənistan və Ukraynadan başqa) yalnız Qırğızıstan (92) Azərbaycandan geridə qalır. İran 106, Türkiyə isə 74-cü yerdədir.
Hesabata görə, “ən bədbəxt” ölkələr Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Burundidir.
Qeyd edək ki, 2016-cı ilin hesabatında Azərbaycan 81, Ermənistan 121, Gürcüstan isə 126-cı yerdə qərarlaşmışdı. Beləliklə, bundan əvvəlki hesabatlarda da Azərbaycan Qafqazın “ən xoşbəxt” ölkəsi hesab olunub.
Bəs reallıqda necədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Beynəlxalq tipli bu cür hesabatlar sorğular əsasında keçirilir. Əhalinin foks qrupları arasında bu cür sorğuların keçirilməsi, ümumiləşdirilməsi ölçülərək sonradan bu cür sorğular hazırlanır. Azərbaycanda isə hər hansı bir sorğunun keçirilməsi adekvat nəticələrə gətirib çıxartmır. Çünki insanlar çox həvəssiz iştirak edir və sorğularda qeyri-səmimi olurlar. Hər hansı bir şəxs onlardan söz soruşduqda geyimlərinə və yaxud digər parametrlərinə baxıb, düşündüyünü deməkdənsə eşitmək istədiklərini deməyə çalışır. Ona görə də Azərbaycanda keçirilən sorğuların normal nəticəyə gəlməsi ehtimalı çox aşağıdır və reallıqla üst-üstə düşmür. Lakin hər halda, bu cür hesabatlar aparılanda indeksləri yalnız sorğular vasitəsilə qeyd edirlər”.
Ekspert digər Qafqaz ölkələrinin sonuncu sıralarda yer almasına da rəy bildirib: “Ermənistan və Gürcüstanda sorğular keçiriləndə isə insanlar daha rahat cavab verir, xüsusən də Gürcüstanda. Uzun illərdir ki, bu belədir. Çünki həmin ölkədə bu sorğular kifayət qədər geniş şəkildə keçirilir, insanlar artıq buna alışıb və nəticədə normal cavablar alınır. Buna görə də sorğuların nəticələri onlarda obyektivə yaxın nəticə kimi görünür. Eyni zamanda Gürcüstan və Ermənistanda insanlar arasında sovet xiffəti var. Yəni sovet dövründə iş yerlərinin, gəlirlərin sabit olması və indiki dönəmdə bu problemlərlə qarşılaşmaq xüsusən də yaşlı nəslin nümayəndələrinin neqativ cavab verməsinə səbəb olur”.
Tanınmış psixoloq Azad İsazadə isə mövzuya bu cür şərh bildirib: “İlk öncə xoşbəxtlik simvolik rəmz daşıyan bir anlayışdır. Onu ölçmək mümkün deyil. Diqqət etmək lazımdır ki, BMT hansı parametrlərlə həmin hesabatı hazırlayıb. Təbii ki, Qafqazın 3 ölkəsini müqayisə etsək, həm sosial, həm də sabitlik, maliyyə baxımından Azərbaycan irəlidədir. Lakin hansısa hesablamanın arqumentlərini bilmədiyimizə görə deyə bilmirik ki, hansı parametrlərə uyğundur. Hesabata əsasən, Finlandiya, Danimarka, İsveçrə və Norveç ən xoşbəxt ölkələr sırasındadır. Amma bildiyiniz kimi, İsveçrə və Norveçdə depressiya, sui-qəsdlərin sayı ölkəmizdən daha yüksəkdir. Lakin onu da qeyd edim ki, Gürcüstanda insanlar daha şən, yeyib-içən, daha az işləyən, xoşbəxt görünür. Şənliklə paralel tez bir anda aqressiv vəziyyətə də düşürlər”.
