OPEK-in baş katibi Məhəmməd Barkindonun Azərbaycana səfərində məqsəd neftin qiymətinin bazarda sabitləşməsidir
Xəbər verdiyimiz kimi, OPEK-in baş katibi Məhəmməd Barkindo sabah-martın 17-də ilk dəfə Azərbaycana rəsmi səfər edəcək. Səfər zamanı Azərbaycan və OPEK-in cari münasibətləri, OPEK+ sazişi çərçivəsində təşkilatla əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanın da təşəbbüskar olduğu OPEK və kartelə daxil olmayan ölkələr arasında daha sıx əməkdaşlıq formatının müzakirə olunacağı nəzərdə tutulur(“Trend”).
Xatırladaq ki, hazırda Rusiya və OPEK, daha dəqiqi, bu qurumun faktiki lideri Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə sazişə əməl olunması sahəsində birgə fəaliyyət göstərirlər. Bu baxımdan, iri neft istehsalçılarının hasilat göstəriciləri daim diqqətdə saxlanılır. Lakin məsələ burasındadır ki, Azərbaycan heç də iri neft hasilatçısı deyil. Bu amili nəzərə aldıqda, OPEK rəhbərinin Azərbaycana səfəri müəyyən sualların meydana gəlməsinə səbəb olur: Bakının mövqeyi iri hasilatçılar üçün nə deməkdir? Hansı səbəbdən Azərbaycana OPEK tərəfindən belə diqqət ayrılır?
Onu da qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC-ə üzv dövətlər və qeyri-OPEC ölkələrinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib. Nazir qeyd edib ki, neftin qiymətinin sabit qalması üçün bu əməkdaşlıq davam etdirilməlidir: "Bu işin nəticəsini görərək həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır".
Nazir xatırladıb ki, bu ilin iyun ayında Vyanada OPEC-in nazirlər səviyyəsində görüşü planlaşdırılır: “Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək”(APA).
.jpg)
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun “Yeni Müsavat”a dediyinə görə, OPEK+ razılaşmasında əsas yük Rusiya və Səudiyyə Ərəbistanının üzərinə düşür: “Həm siyasi mənada, həm də neft istehsalının həcmi nöqteyi-nəzərindən yük bu iki ölkənin üzərindədir. Azərbaycanın bu təşəbbüsə qoşulması çox uğurlu bir addımdır. Əsasən ona görə ki, Azərbaycan siyasi fiqur deyil. Uzun illərin istismarından sonra bizdə hasilatın təbii azalması prosesi gedir. Çox nəhəng yatırımlar olmadan hasilatı artırmaq mümkün deyil, hansı ki, hazırda bu heç də səmərəli olmazdı. Yəni Azərbaycanda istehsal nöqteyi-nəzərindən təbii bir trend yaşanmaqdadır. Bu mənada, hasilatı azaltmaq Rusiya və Səudiyyə Ərəbistanı üçün bu razılaşma ağrılı nəticə verir: həm hasilatı azaldırlar, az qazanırlar, həm də onların bazar payını Amerika şiş nefti tutur. Azərbaycanın uğuru ondadır ki, onsuz da var olan trendi ölkələrarası münasibətlərdə bir güzəşt kimi təqdim edə bildik”.

Ekspertə görə, Azərbaycanı neft hasilatında önəmli edən istehsalın həcmi deyil: “Burada çox mühüm rol oynayan faktorlardan biri neftin harada istehsal olunmasıdır. Daha sonra necə nəql olunması, ətraf ölkələr üçün hansı potensialı yaratması, hansı ölkələri təmin etməsi də mühüm əhəmiyyət kəsb edir. Yəni Qazaxıstan və Türkmənistan kimi nəql marşrutlarının diversifikasiyasında çətinliyi olan ölkələrə yaradılan imkanlar, Azərbaycan neftinin alıcısı olan ölkələrin təmin olunması, regionun rifahına nə qədər töhfə verməsi və sair amillərin hamısını nəzərə aldıqda, Azərbaycan neft bazarında elə də balaca oyunçu deyil. Neftlə bərabər, qaz mövzüsunda da Azərbaycan getdikcə dünya miqyasında önəmli aktyorlardan birinə çevrilir. Bütün bunlar göstərir ki, OPEK-in ölkəmizə diqqətinin artması, onun rəhbərinin Azərbaycana gəlib mövqeləri uyğunlaşdırmağa çalışması üçün zəmin var”.
E.Sultanov hesab edir ki, OPEK+ razılaşmasının nəticəsi olaraq dünya bazarında neftin qiymətinin mövcud səviyyəsi ilin sonunadək saxlanacaq: “Bu il üçün dünyada neftə olan gündəlik tələbatın 1,5 milyon barel artması proqnozlaşdırılır. Görünən budur ki, hasilatdakı, xüsusilə də Amerikada şişt neft hasilatındakı artım bu tələbat artımından daha yüksək olacaq. İlin sonuna doğru bazarda təklifin daha da artması gözlənilir. Bunun isə qiymətlərə təsiri qaçılmaz olacaq. Lakin bu zaman getdikcə gərginləşən ABŞ-İran münasibətləri nəzərə alınmalıdır. Bütün amillərin təsiri nəzərə alınmaqla, mövcud qiymətlərin ilin sonunadək saxlanması gözləniləndir”.
