|
Ziya Məmmədovun qardaşı oğlunun məhkəməsində məcburi gətirilmə QƏRARI

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülər Ələkbərova ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib.

Söyləyib ki, "Zaminbank"ın mərkəzi filialında xəzinədar vəzifəsində işləyən zaman Rövşən Heybətov banka gələrək Türkiyəyə pul göndərmək istəyib. Amma sənədlər qaydasında olmadığı üçün mümkün olmayıb.

G.Ələkbərova Rövşən Heybətovu həmin vaxt tanıdığını, amma Elnur Məmmədovu xatırlamadığını söyləyib.

Prokuror sual verib ki, Bakıdan pul göndərilmədiyi halda "Zaminbank"ın Türkiyədə Kapalıçarşıdakı filialından 200 min dollar necə götürülüb?

G.Ələkbərova bundan xəbərsiz olduğunu, pul göndərmədiyini deyib.

Elnur Məmmədov söyləyib ki, şahidin ifadələrində ziddiyyət var. Sabiq deputatın oğlu pulun göndərildiyini deyib.

Şahid isə əlavə edib ki, əgər pul göndərilsəydi, qəbz olardı. Əgər qəbz yoxdursa, əməliyyat düzgün aparılmayıb.

Zərərçəkən Elnur Məmmədov 100 min manatı birinci dəfə bankın filial rəhbəri olan Nadir adlı şəxsə verdiyini söyləyib: "Nadir də işçisi olan Gülər xanımı çağırıb pulu ona verdi. Növbəti dəfə də 100 min dolları banka vermişəm".

Şahid isə heç kimdən pul almadığını deyib.

Təqsirləndirilən Rövşən Heybətov heç kimə pul vermədiyini söyləyib.

Daha sonra prosesdə "Zaminbank"da filial müdiri olmuş Nadir İsmayılov barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı,  sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min dollar mənimsəməkdə ittiham edilib.

Lakin istintaq və məhkəmə dövründə Rövşən Heybətov 148 min  dollar pulu qaytarıb.

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti  olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.