Azərbaycanda qeyri-neft sektorunun inkişafından söhbət gedəndə ilk olaraq diqqət çəkən sahələrdən biri də turizmdir. Məlum olduğu kimi, Azərbaycanın həm paytaxtında, həm də bölgələrimizdə böyük turizm potensialı mövcuddur. Bu günə kimi bir neçə rayon turizm mərkəzi kimi ad qazanmağa nail olub və xaricdən gələn turistlərin əksəriyyəti də məhz bu rayonlara üz tutur.
Söhbət Qəbələ, İsmayıllı, Qax, Şəki, Quba və digər rayonlardan gedir. Ancaq elə rayonlarımız da var ki, həm tarixi abidələri, həm də təbiətinin əsrarəngiz gözəllikləri ilə göz oxşasa da, hələ ki turizm potensialı inkişaf etməyib. Belə rayonlardan biri Tovuzdur. Bu rayonun əlverişli iqlim şəraiti, təbiət mənzərələri, bulaqları bu bölgədə turizmin inkişafı üçün geniş imkanlar açır. Bu səbəbdən də son vaxtlar rayona xarici ölkələrdən turistləri cəlb etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Qeyd edək ki, artıq əvvəlki kimi yol-marşrut problemi də yoxdur. Dövlətin həyata keçirdiyi infrastruktur layihələri çərçivəsində rayonların yolları artıq normal vəziyyətdədir.
Kür çayı vadisini əhatə edən ərazilərdə quru-subtropik iqlimin, düzənlik hissədə və yüksəkliyi 1000-dən 2000 metrə qədər olan ərazilərdə mülayim-soyuq meşə iqliminin mövcudluğu Tovuzun flora və faunasının zənginliyindən xəbər verir. Rayonun dağlıq ərazilərində zəngin meşələrin, təbii bulaqların, əsrarəngiz gözəlliyi olan təbiət mənzərələrinin, tarixi abidələrin mövcudluğu turistlərin qəbulu üçün əlverişli şərait yaradır. Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən “Torpaqqala” qədim yaşayış məntəqəsi də turizm üçün maraqlı məkandır.
Aşağı Quşçu kəndi ərazisində Bakı-Qazax magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI minilliyə aid edilən “Göytəpə” yaşayış məskəni turistlərdə ölkəmizin tarixi barədə təsəvvür yaradan ən dəyərli məkanlardan hesab olunur. Vahidli kəndində Axıncı çayı üzərində XIX əsr memarlıq abidəsinə aid edilən “Sultan körpüsü”, həmin kənddə xüsusi coğrafi quruluşa malik “Qala düzü” adlanan ərazi, yeni tikilən su anbarı da maraqlı turizm obyektidir.
Bundan əlavə, Tovuz şəhərində 1923-cü ildə alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu artıq “Şərab yolu marşrutu” turizm layihəsinə daxil edilib. Tovuz şəhərinin ərazisində yeni inşa olunmuş karvansaray tipli “Qala”, “Üç qala” kompleksi, “Olimpiya zirvəsi” İpək Yolu boyunca turizm marşrutu kimi dəyərləndirilir. Ümumiyyətlə isə rayonda 61 daşınmaz tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Həmçinin Tovuz Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Aşıq Sənəti Dövlət Muzeyi, Rəsm Qalereyası turistlərə yerli mədəni irsimizin elementlərini göstərmək məqsədilə eksponatlarla zəngindir.

Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımovun sözlərinə görə, hazırda bölgədə 4 istiqamətdə turizm marşrutu müəyyənləşdirilib: “Rayonda 50-yə yaxın turizm obyekti fəaliyyət göstərir. Şəhərin girəcəyində - Tovuz çayının sol sahilində ümumilikdə 5 hektar sahəsi olan Tovuz Olimpiya İdman Kompleksi müasir tələblərə cavab verən idman və istirahət mərkəzidir. Komplekslə üzbəüz 10,2 ha sahədə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yaradılıb. Onu da qeyd edim ki, bu park öz ərazisinə görə respublikanın ən iri parklarından biridir. Tovuz Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Aşıq Sənəti Dövlət Muzeyi, Rəsm Qalereyası turistlərə yerli mədəni irsimizin elementlərini göstərmək məqsədilə eksponatlarla zəngindir”.
Qeyd edək ki, Azərbaycanın qərb bölgəsində turizmin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir. Son illər bölgədə bu məqsədlə bir sıra layihələr həyata keçirilib.

Turizm potensialı olan bölgələrdən biri də Gədəbəydir. Bu regionun təbiətindən başqa, turistlərin diqqətini cəlb edə biləcək digər məkanları da var. Gədəbəy qızıl emalı zavodu da bunlardan biridir. Gədəbəy Qızıl Zavodunun turizm marşrutuna salınması maraqlı ola bilər. Rayonda 130-dan çox tarixi abidə mövcuddur. Burada dünya memarlıq incisi kimi qorunub saxlanan Qız qalası var. Bəzi mənbələrdə bu qalanın IX əsrdə tikildiyini yazırlar. Amma o, IV əsrin abidəsidir. Qız qalasının ətrafında Məhrasa deyilən bir tikili də var. Bu, vaxtilə Nəsrəddin Tusi tərəfindən inşa edilən Marağa rəsədxanasının filialı olub. Qız qalası ətrafındakı mənzərəli yerlər olduqca cəlbedicidir. Bu qalaya gələn marşrut dağlardan, çaylardan, meşələrdən keçir.
Rayonun ərazisindən böyük çaylar keçir. Zəyəm, Şəmkir, Tovuz çayları öz mənbəyini Gədəbəydən götürür. Bu çayların ətrafında nəhəng meşə massivləri var. Bu meşələr və dağlar gözəl görünüşü ilə yanaşı, turizmin bəzi növləri üçün zəngin potensialdır. Bütün dağlarımız Alp çəmənliyindən ibarətdir. Gədəbəy dağlarının bir kvadrat metr ərazisində 100-dən çox ot və dərman bitkiləri var.

Turist artımının mühüm səbəblərindən biri, bütün ölkəmizdə olduğu kimi, bu rayonda da aparılan geniş tikinti-quruculuq işləridir. Yol infrastrukturu qurulur. Ölkənin sosial iqtisadi inkişaf dinamikası artır. Bütün bunlar regionlarda turizmin inkişafı üçün gözəl zəmindir. Bundan əlavə, turizm fəaliyyəti ilə məşğul olan sahibkarlara şərait yaradılır.
Qeyd edək ki, son illər hər iki rayonda yüksək səviyyəli hotel və mehmanxanalar, əyləncə və istirahət mərkəzləri tikilib. Bundan əlavə, əhali də turistləri öz evində qonaq etməkdə maraqlıdır. Bu, həm rayonun daha çox turist qəbul etməsinə, həm də rayon əhalisinin yay mövsümündə yetərincə qazanc əldə etməsinə səbəb ola bilər. Necə ki, bu təcrübə artıq bir çox rayonlarda mövcuddur.
Hökumətin əsas prioritet proqramlarından biri olan “regionların sosial-iqtisadi inkişafı”nın bir qolu da məhz turizmlə bağlıdır. Bu baxımdan bütün bölgələrdə bu istiqamətdə işlərin görüləcəyi şübhə doğurmur. Lakin görülən işlərlə yanaşı onun təbliğatı, reklamı da mühüm əhəmiyyət kəsb edir.
Bu barədə “Yeni Müsavat”a danışan Azərbaycan Turizm Assosiasiyasının Gəlmə turizm komitəsi nəzdində fəaliyyət göstərən Daxili Turizm komissiyasının sədri Əziz Şiriyev bildirdi ki, sözügedən rayonların turizm potensialı çox böyükdür: “Yerli əhali və xaricdən gələn qonaqlar daha çox yaxın rayonlara getməyə üstünlük verirlər. Xaricdə ən çox Qəbələ reklam olunduğu üçün müxtəlif ölkələrdən gələn turistlər də ən çox oraya gedirlər. Yerlik vətəndaşlar isə Quba-Qusar, Şəki-Qəbələ istiqamətində turlara gedirlər. Biz 3 günlük turpaketlərimizdə yeni istiqamət olaraq Gədəbəy, Daşkəsən, Şəmkir, Gəncə, Xanlar rayonlarını təklif edirik. Bu paket hər il Novruz bayramı ərəfəsində həyata keçirilir.

Təbii ki, Gədəbəyə gedəndə də Simens qardaşlarının körpüsü, Slavyanka, "Eldorado" hotelini və digər gözəl yerlərlə turistləri tanış edirik. Tovuz rayonunda da çox gözəl hotellər var. ”Ayan Palas" onlardan biridir. Biz bu yaxınlarda infotur da təşkil edəcəyik. Bunun məqsədi odur ki, Gəncəbasar istiqamətində olan turların miqyasını daha da genişləndirək. Turizm şirkətlərində çalışan əksər insanların heç özləri də Gədəbəydə olmayıblar. Biz bu sahədə uzun müddətdir çalışdığımız üçün həmin işçiləri də tura cəlb etmək istəyirik ki, gedib Tovuz və Gədəbəyin gözəlliklərini görsünlər. Daha sonra da onlar da bu istiqamətləri 2 gecə 3 günlük, 1 gecə 2 günlük turlara salsınlar, həmin rayonların da turizm potensialı böyüsün. Gədəbəyin çox gözəl yeraltı sərvətləri var, “Slavyanka” suyu, “Narzan” suyu ən məşhur mineral sulardır. Biz gedib Gürcüstanda “Barjom”un çıxdığı yerə baxırıq, ancaq Gədəbəydə olan “Slavyanka” və “Narzan” suyunun çıxdığı yerlərə baxmırıq".
