|
Almanlara alman dili öyrədən azərbaycanlının 62 min avrosunu öz qohumu oğurlayıb

Almanlara alman dili dərsi keçən azərbaycanlının evindən oğurluq edən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqdirləndirilən Fuad Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş Qədir Əliyev də iştirak edib.

Məlum olub ki, Qədir Əliyevin evindən oğurluq edən Fuad Zeynalov zərərçəkənin qohumu imiş.

Q.Əliyev söyləyib ki, Fyad Zeynalov baldızının kürəkənidir.

Zərərçəkmiş Q.Əliyev 10 ildən artıqdır Almaniyada yaşadığını, ötən il Azərbaycana qayıtdığını söyləyib. O, Almaniyada alman dili müəllimi işlədiyini bildirib.

Q.Əliyev qeyd edib ki, dəymiş zərərdən yalnız 11 min 800 manatı qaytarılıb.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə Abşeronda baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.