Yaponiyanın Haneda aeroportunda avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş avtobusun sınaqları keçirilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokionun bu hava qapısında xaricdən gələn qonaqların sayının kəskin artması ilə əlaqədar özüidarəolunan avtobuslardan istifadəyə hazırlıq işləri gedir.
Həmin layihəni reallaşdırmaq üçün tanınmış “ANA” aviaşirkəti ilə internet xidməti sahəsinin nəhəngi “Softbank” birlikdə çalışır. Süni intellektlə təchiz edilən həmin avtobuslar, eyni zamanda, cəmi bir neçə santimetr səhvlə hərəkət edən GPS naviqasiya sistemi ilə də təmin olunublar.
Sınaqlar zamanı avtobus aeroportun yaxınlığındakı yolda müəyyən edilmiş marşrut üzrə sərbəst hərəkət edib. Əvvəlcə sınaqlar sükan arxasında əyləşmiş, lakin idarəetməyə toxunmayan sürücünün iştirakı ilə aparılıb. Sonra nəqliyyat vasitəsi tamamilə pilotsuz rejimdə sınaqdan keçirilib. Məsafədən nəzarətdə saxlanan avtobusun saatda 10 kilometr sürətlə hərəkət etdiyi bildirilir.
