Dövlət agentliyinin adından istifadə edəb şirkət rəhbərlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmənin hazırlıq iclasında "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev və şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və onlar ev dustaqlığına buraxılıb.
İş üzrə MMC-nin daha üç xanım əməkdaşı da təqdirləndirilir. Onlar ev dustaqlığındadır.
Bildirək ki, Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında "579 SSA" MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz etmələri ilə bağlı araşdırma aparılıb.
Rəsmi məlumatda qeyd olunur ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq vətəndaşları aldadıblar.
Bir neçə nəfərə sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər və onlardan müəyyən məbləğlərdə pul alıblar.
Həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı ediblər.
E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
