|
Fərizəni təhqir edən şairə cavab:

Son günlər gənc şair və yazıçıların milli dəyərləri, insanların inancını, tanınmış şairləri qınaması və təhqir etməsi dəb halını alıb. Gündəmə gəlməyin yeni yolunu tapan gənclərin səsləndirdiyi fikirlər birmənalı qarşılanmır və cəmiyyətdə tənqid olunur. Onlar isə tənqidlərdən və məsləhətlərdən nəticə çıxarmır, öz “missiyasını” davam etdirirlər. Son olaraq isə gənc şair, tarix müəllimi Emin Piri 30 iyun tarixinin Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunmasına qarşı çıxıb.

O, bu hadisəni biabırçılıq adlandırıb: “30 iyun geydirmə sevgi söhbətini kim çıxarıb? Ümumiyyətlə, o qadını orda niyə basdırıblar? Bu biabırçılıqdı”.  

E.Pirinin paylaşımı insanların qəzəbinə səbəb olub. Onlar sosial şəbəkədə şairə öz iradlarını bildiriblər. Musavat.com-un əməkdaşı məsələ ilə bağlı 30 İyunun Sevgililər Günü olması ilə bağlı təklifi irəli sürən Əvəz Zeynallı ilə əlaqə saxlayıb.

O, bildirib ki, Pirinin sözlərinə əhəmiyyət vermək lazım deyil: “Mən sözügedən fikirlərlə tanış olmuşam. Bu cür fikirlərə əhəmiyyət vermək lazım deyil. Biz 30 İyunun Sevgililər Günü olması ilə bağlı təklif irəli sürdük, insanlar da qəbul etdi. Artıq Azərbaycanda 30 İyun gerçəkliyi var. Öz yazısını gündəmə gətirmək, dəyərlərə kölgə salmaq istəyənlərə nə isə demək olmaz, onlar istədiklərini sərbəst danışa bilər. Onlar danışmasa, biz həmin şəxslərin əsl üzünü görə bilmərik. Əsas odur ki, Azərbaycanda 30 İyun bayram olaraq qəbul olunub, sevgi gününə çevrilib”.

Снимок5.JPG (40 KB)

Ə.Zeynallı milli dəyərləri təhqir edənlərin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Mən cəzaya qarşıyam. Kimisə cəzalandırmaqla fikrini dəyişmək olmaz. Qoyun, əllərindən gələni etsinlər. Hər kəs bu millətin qarşısında öz xarakterini ortaya qoyur. O şəxslərin fikirlərini tirajlamamaq onlara ən böyük cəzadır. Onlar başından, boyundan böyük hədəflərə təhqir yolu ilə çatmaq istəyirlər. O şəxsləri mükafatlandırmaq lazımdır ki,  xarakterlərini açırlar və biz onları tanıyırıq”.

Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar bu tarix ölkəmizdə “Sevgililər günü” kimi qeyd edilir.