Son zamanlar Azərbaycandan xaricə mühacir həyatı yaşamağa gedənlərin bəzilərinin ölkə iqtidarı, eləcə də müstəqil fikirli ictimai xadimlər barədə dilə gətirilməsi mümkünsüz olan təhqirlər, söyüşlər işlətməsi halları müşahidə olunur. Sosial şəbəkələrdə canlı yayımlarda və paylaşdıqları statuslarda həmin adamların təhqirləri hamıda ikrah doğurur.
Olduqları ölkələrdə təhlükəsizliklərinə inanan bu şəxslər ağızlarına gələn söyüşləri, təhqirləri işlədirlər.
Onların bu cür tərbiyəsiz davranışları nəinki Azərbaycan ictimaiyyətində, buradakı müxalifətçilər daxilində də ciddi qınaq obyektinə çevrilib. Onlar fərqinə varmır ki, Avropa belə davranışları birmənalı şəkildə qəbul etmir, hətta cinayət sayır.
Xaricdəki mühacirlərimizin də əksəri onları qınayır, heç bir halda insanın şərəf və ləyaqətinə toxunmağın, xüsusilə ailə məsələlərinin dilə gətirilməsinin düzgün olmadığını qeyd edirlər. Bəzi mühacirlərin bu tərzdə xətt götürmələrinin sonunda digər mühacirlərə də ciddi problemlər yaradacağı bildirilir. Azərbaycan iqtidarının sona qədər bu məsələdə səbir etməyəcəyi, həmin mühacirlərin yaşadıqları ölkələrin hökumətlərinə müraciət edəcəyi deyilir.
İsveçdə yaşayan sabiq siyasi məhbus Kənan Hacıəkbəroğlu bu tipli “mübarizə”nin əleyhinədir. O, “Yeni Müsavat”a açıqlamasında sivil mübarizənin tərəfarı olduğunu söylədi: “Hər kəsin öz adı, çəkisi, siyasi baxışı, siyasi dünyagörüşü var. Hər kəs də öz səviyyəsinə uyğun danışır. Siyasi mübarizə sivil yolla olmalıdır. Siyasətin müxtəlif qapıları var. Bu qapılardan hamımız keçmişik. Söyüşlə, təhqirlə mübarizə olmur. Azərbaycanı daxildən və xaricdən istiqamətləndirənlər var ki, hansı siyasi xətti götürsünlər. İnanıram ki, Azərbaycan cəmiyyəti sivil yolu götürəcək. Heç bir halda kimisə təhqir etmək olmaz. Unutmaq olmaz ki, biri digərinin anasına söyəcəksə, o da cavabını qaytarıb, onun anasına söyəcək, güclüdürsə, daha pis də davranacaq. Söyüş mübarizəsinə çox pis baxıram. Sivil yolla mübarizə aparmaq hamının borcudur. Söyüşlə, qol zoru ilə döyməklə mübarizə olmur. Söyüşə görə ancaq mənfi tanına bilərsən. Pis bir hərəkət etsən, Azərbaycanın adınadır. Hər kəs olduğu ölkədə ilk növbədə, Azərbaycanı tanıtmalıdır. Cəmiyyətimizdə pis insanlar olduğu kimi, yaxşı insanlar da çoxdur, bu, həm müxalifət, həm də iqtidar düşərgəsinə aiddir”.
K.Hacıəkbəroğlu bu cür halların digər mühacirlərə problem yaratmayacağını düşünür: “Azərbaycan tərəfindən müraciətlər olarsa, həmin şəxslər olduqları ölkələrin qanunlarına uyğun şəkildə mühakimə olunacaqlar. Burada da elə bir ciddi azərbaycansayağı cəza olmayacaq. Əgər Azərbaycandan hansısa bir məmurun ailəsinin və özünün təhqir olunması ilə bağlı müraciət olarsa, Avropada insan haqlarının qorunması nöqteyi-nəzərindən müəyyən cəzalandırılmalar ola bilər, hətta cərimələrin belə kəsilməsi də mümkündür. Mənim üçün Azərbaycan hakimiyyəti necə olub, bilənlər bilir. Amma deyə bilmərəm ki, bu hakimiyyətin hər şeyi pisdir. Ən azından ölkəmizdə qorunan müsbət dəyərlərimiz, müstəqil insanlarımız var. Onu da unutmaq olmaz ki, bizim Azərbaycanda valideynlərimiz, yaxınlarımız yaşayır. Onları təhlükə altında qoymaq olmaz. Sizin qəzetiniz vasitəsilə dünyada yaşayan azərbaycanlılara səslənirəm ki, bu cür mübarizə yolunu tutmayın. Bir faktı deyim, indiyə qədər hansı bir azərbaycanlı əlində iki dosye ilə yaşadığı ölkənin parlamentinin qarşısında bukletlər paylayıb, Dağlıq Qarabağ və digər ağrılı problemlərimizlə bağlı məlumatlar vermisiniz. Barmaqla sayılacaq adamlar var. Burada siyasi alverlə məşğul olmağın tərəfdarı deyiləm. Mən 6 aydan bir İsveç parlamentinə ərazi bütövlüyümüzü, ata-baba torpaqlarımızın ermənilərin işğalı altında olduğunu sübut edən faktlarla müraciət edirəm, məlumatlar verirəm. Müxtəlif səlahiyyət sahibləri ilə də burada görüşürəm. Biz bunları etməliyik. Yoxsa söyüşlə nə qazanacağıq? Söyüş söyməyə nə var, hamı söyüş söyməyi bacara bilər. Əsas olan iş görməkdir”.
