|
"Qarabağ”ın imkan verdiyi qədər oynadıq" - Samir Əliyev

"Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?

- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.

- Komandamız yenidir. Qış fasiləsində bizə yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ən azı 7-8 oyun lazımdır ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?

- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik