Bakıda civə satmaq istəyən şəxslər saxlanılıblar. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizlik Xidmətinın yerli idarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, Adəm İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra Hacı Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib. Adəm İsmayılov istintaqçılara deyib ki, Hacı Qurbanov civəni 20 min manata müştəriyə satacağını bildirib. Civənin alıcısı haqda məlumat verilmir. Ümumiyyətlə isə mətbuatda civə alveri edənlərin ələ keçməsi ilə bağlı ara-sıra məlumatlar yayılır.
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, civə zəhərli maddədir və alveri qanunla qadağan olunub: “Cinayət Məcəlləsinin 240.1-ci - güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - maddəsi var. Bu maddə ilə civə alverçilərini 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Civə strateji əhəmiyyətli məhsul, hərbi təyinatlı maddə hesab edilir. ”Qara bazar"da satılan maddədir. Çox təhlükəli maddədir. Sovet İttifaqı dağılanda hərbçilər müttəfiq respublikalardakı hərbi obyektləri dağıtdılar. Həmin illərdə hərbi hissələrdən digər hərbi təyinatlı mal-materiallarla yanaşı civə də onun bunun əlinə çox keçdi. Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var".
Mahmud Hacıyev deyir ki, zəhərli kimyəvi maddənin satışı cinayətdir: “Silah alveri etdin və ya civə alveri etdin, elə də fərq yoxdur”.
