|
Hüquq-mühafizə orqanları rəhbərlərindən xəbərdarlıq

Fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirə keçirilib. “Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır”.

Müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov belə deyib. (Yazıda APA və “Report”un xəbərlərindən istifadə olunub). 

MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir. M.Pənahov vurğulayıb ki, ölkə prezident seçkisinə yüksək səviyyədə hazırlaşıb: "Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var".

 M.Pənahov deyib ki, 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.

“Seçkilərin demokratik və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb”. Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev çıxışında belə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, seçkinin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələri daha inkişaf etmiş bir ölkədə yaşayırlar”.

daxili işlər nazirinin müavini Oruc Zalov ile ilgili görsel sonucu

Müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov çıxışında deyib ki, DİN prezident seçkisi ilə bağlı proqram hazırlayıb. Nazir müavini qeyd edib ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi təmin olunacaq:“Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq. Etik davranış qayadaları tam nəzarətdə olacaq. Ədavətə çağırışların, dini, irqi ayrı-seçkiliklə bağlı çağırışların qarşısı alınacaq”.

Baş prokurorun birinci müavini Rüstəm Usubov  ölkədə mövcud olan siyasi sabitliyin, demokratik prinsiplərin seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verdiyini deyib.

“Ölkədə prokurorluq orqanları seçkilərin keçirilməsində qanunçuluğa əməl edilməsinə nəzarət edir. Bu prosesdə qanunazidd hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalandırılacaqlar. Bu, dövlətin tədbiridir, hamımız vicdanla, namusla çalışmalıyıq. Elə olmalıdır ki, seçki bitəndən sonra üzümüz ağ, alnımız açıq bir-birimizin üzünə baxa bilək” - deyə, o əlavə edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, seçki həssas prosesdir: “Seçki də yeniliklərə məruz qalır, bu da təbiidir. Dünyada mürəkkəb proseslər baş verir. Hər şey sabit deyil. Bu, seçki prosesinə də təsir edir. Ölkədə əmin-amanlıq var. Bu, seçkiyə də öz təsirini göstərir. Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”.

İlgili resim

Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur: “Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirakını təmin etmək üçün seçki komissiyaları ilə sıx əməkdaşlıq həyata keçirilir. Məhkumların və azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüquqları təmin olunur. Almaniya, Macarıstan, Bolqarıstan kimi ölkələrdə bu insanların belə hüquqları yoxdur. Bəzi ölkələrdə isə ağır cinayət törətmiş, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin belə hüquqları yoxdur”.

Nazir müavini deyib ki, 2013-cü ildə keçirilən prezident seçkilərində penitensiar müəssisələrdə cəza çəkən insanların, məhbusların 99 faizinin iştirakı təmin edilib.