|
ABŞ-ın Texas ştatında Qara Qarayevin 100 illiyinə həsr olunmuş möhtəşəm konsert olub

ABŞ-ın Texas ştatının Denton şəhərindəki Şimali Texas Universiteti və Azərbaycan-Amerika Musiqi Fondunun təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert əfsanəvi bəstəkarın 100 illik yubileyi münasibətilə nəzərdə tutulan proqramlar seriyasından ilk böyük mədəniyyət hadisəsi olub. Şimali Texas Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin “Voertman” salonunda keçirilən konsertdə musiqi fakültəsinin və Dallas Simfonik Orkestrinin tanınmış musiqiçiləri çıxış ediblər. Onların arasında tanınmış pianoçu Vladimir Viardo, Şimali Texas Universitetinin musiqi klaviaturalarının araşdırılması kafedrasının rəhbəri Stiven Harlos, kontrabas üzrə regent-professor Ceff Bradiç, vokal professoru Kerol Vilson, violonçel üzrə professor Yucin Osadçi, beynəlxalq müsabiqələr laureatı, pianoçu Anastasiya Markina, beynəlxalq aləmdə tanınmış musiqiçi Cəmilə Cavadova-Spitsberq, Dallas Simfonik Orkestrinin musiqiçiləri- skripkaçılar Filipp Fenrix, Aleksandr Snıtkin və Ənn Mari Brik, violonçelçi Ceffri Qud, doktorantlar Yuki Kumamoto və Uilyam Heyter olublar.

Qara Qarayevin musiqi irsi kamera musiqisi ilə təqdim olunub və bəstəkarın məşhur fortepiano prelüdləri, skripka üçün sonata, vokal romanlar, “Don Kixot” simfonik qravüralarının transkripsiyaları, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin rəqsləri təqdim edilib. Dahi bəstəkarın musiqisinin parlaq ahəngi, rəngarəng obrazlar, əsrarəngiz ritmlər və mükəmməl çıxışlar tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.

Qara Qarayevin yubileyinə həsr olunmuş konsert Texas KİV-ləri, o cümlədən bəstəkarın adı və musiqisini vəsf edən məqalələr dərc edən “Dallas Morning News” və “Denton Record-Chronicle” qəzetləri tərəfindən işıqlandırılıb