ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona daha bir səfəri başa çatdı. Yəqin ki, səfərin yekunu ilə bağlı hansısa növbətçi bəyanat olacaq. Ancaq artıq indidən söyləmək olar ki, vasitəçilərin bu il üçün ilk səfəri də əvvəlkilərdən keyfiyyət etibarilə heç nə ilə fərqlənməyib.
Ən çox diqqət çəkən məqam isə həmsədrlər bölgədə ikən işğalçı tərəfin təxribata əl atması və layiqli cavabını alması olub. Xəbər verdiyimiz kimi, bu insident zamanı düşmənin bir hərbçisi məhv edilib. Ola bilsin, bu olay da bəyanatda yer alsın. Ancaq necə - qərəzli, yoxsa ədalətli şəkildə? Bunu da görəcəyik.
Lakin həmsədrlərin reaksiyasından asılı olmayaraq, Azərbaycan dəfələrlə bəyan elədiyi kimi, işğal rejiminə son qoyulmayınca işğalçı qüvvələr özlərini Azərbaycan torpaqlarında rahat hiss etməyəcək, mütəmadi canlı itkilər verəcəklər. Əlbəttə ki, Azərbaycan ordusu düşməni qat-qat böyük itkilərə məruz qoymaq və ərazilərimizi işğalçıdan təmizləmək gücündədir.
İstənilən halda, son insident həmsədrlərə nəhayət ki, hərəkətə keçib sülh danışıqlarında real dönüşə nail olmaq üçün siqnal olmalıdır. Əks halda, bu dönüşü Azərbaycan ordusu etməli olacaq. Yəni müharibə variantı gec-tez gündəmə gələcək.
*****
“Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar tutulur ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğa, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq, bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələri də daim silahlanır və bu proses bir çox ölkələr üçün də xasdır: “Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaq. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək”.
*****
Bu arada Rusiya ilə ikitərəfli anlaşmaya uyğun şəkildə Azərbaycana gətirilən müasir hərbi texnikanın bir hissəsi silahlı qüvvələrimizin bölmələri tərəfindən silahlanmaya götürülüb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, həmin hərbi texnika və silahların sınağı uğurla həyata keçirilib və onlar silahlanmaya götürülüb.
Azərbaycan öz hərbi qüdrətini artırmaq üçün özünün hərbi-sənaye kompleksinin inkişafına da diqqət yetirir. İldən-ilə ölkədə hərbi zavodların sayının artması buna sübutdur. Ən önəmlisi, qardaş Türkiyə, Pakistan, İsrail, qabaqcıl hərbi texnologiyalara malik digər ölkələr hesabına daha müasir silahlar və ağır texnika istehsalını - ya birgə, ya da fərdi şəkildə - strateji hədəf götürüb.
Yeri gəlmişkən, Rusiya bu yöndə Azərbaycanla ortaq əməkdaşlığa mara göstərmir və daha çox silah satışına üstünlük verir. Bu da anlaşılandır. Rusiya daha çox silah satmaqda maraqlıdır, nəinki hansısa ölkədə onların istehsalını qurmaqda və beləliklə, silah bazarında öz monopoliyasının zəifləməsində. İkinci yandan, Azərbaycanın öz hərbi-sənaye kompleksinin inkişafı Rusiyadan hərbi-texniki asılılığın azalması deməkdir ki, Moskva təbii ki, bunda da maraqlı deyil. Ancaq Rusiya istəsə də, istəməsə də, proseslər bu yöndə inkişaf edəcək. Çünki Azərbaycanın maliyyə resursları buna imkan verir.
*****
Bütün hallarda bir şeyə şübhə yox ki, Azərbaycan işöal rejimi ilə heç vaxt barışmayacaq, əsas probleminin həllini daim baş hədəf sayacaq və bu yöndə gərəkənləri edəcək. Dövlət başçısının hakim qurultaydakı son çıxışını ekspertlər həm də bunun anonsu, mesajı sayırlar.
“Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu”. Bu sözləri Axar.az-a-a prezidentin toplantıda Qarabağla bağlı nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, prezident seçkilərinin erkən keçirilməsinin əsas səbəblərdən biri məhz Dağlıq Qarabağ məsələsi ilə bağlıdır.
“Prezident bu qərarı ilə 2018-ci ilin yalnız seçkilər ilinə çevrilməsinin qarşısını aldı. Dövlət başçısı seçkiləri Ermənistanla eyni vaxta çəkməklə açıq şəkildə Qarabağ məsələsi ilə bağlı daha cəsarətli siyasət yürüdəcəyinin siqnallarını verdi. Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu. Bu göstərir ki, prezidentin seçki platformasında baş mövzu Qarabağ olacaq. Seçkilər başa çatdığı və prezident seçiləcəyi təqdirdə İlham Əliyev Qarabağ məsələsini siyasi fəaliyyətinin əsas hissəsinə çevirəcək”, - deyə o qeyd edib.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxaracaq növbədənkənar prezident seçkiləri, əslində Qarabağ uğrunda mübarizənin startı deməkdir: “Prezident qurultaydakı çıxışı ilə hamını bu məsələ ətrafında səfərbər olmağa və ölkənin ərazi bütövlüyünü bərpa etməyə çağırdı. Şübhə yox ki, seçkilərdən sonra İlham Əliyev fəaliyyətində Qarabağ məsələsini gündəmdə saxlayacaq, ordu quruculuğuna, diplomatiyamızın uğurlu siyasət yürütməsinə və ermənilərin təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə var qüvvəsini sərf edəcək”.
Politoloq hesab edir ki, builki prezident seçkilərindən sonra Azərbaycan bir sıra məsələlərdə önəmli addımlar atacaq:“Bunlardan ən mühümü isə Qarabağ münaqişəsi ilə bağlı olacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün maksimum siyasi iradə ortaya qoyacaq”.

Qeyd edək ki, İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli və tarixi torpaqlara qayıdış Azərbaycanın əsas siyasi-strateji hədəfidir. Diqqətçəkici həm də bu bəyanatın vasitəçilər Azərbaycanda və Ermənistanda səfərə olarkən verilməsidir.
*****
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin resursları hələ tükənməyib”. Bu sözləri isə xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. O bildirib ki, münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər.
“İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir”, - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir Minsk Qrupu tərəfindən aparılan prosesin nəticəsiz olduğunu təəssüflə qeyd edib: “Minsk Qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb. Nəzərə almaq lazımdır ki, həmsədr ölkələr BMT TŞ-nın daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar. Vasitəçi ölkələrin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub. Odur ki, həmsədrlər mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür”.
Təəssüf ki, Azərbaycanın beynəlxalq hüquqa söykənən bu haqlı mövqeyi və tələbi hələ ki, vasitəçi ölkələr tərəfindən lazımınca ciddiyə alınmır. Bu isə o deməkdir ki, Bakı ərazi bütövlüyünü təmin eləmək üçün hərbi güc tətbiq eləmək hüququndan istənilən an istifadə edə bilər...
